“Sən əslində heç kimin görmədiyini düşünürsən” — Sosioloqdan MARAQLI AÇIQLAMA

GÜNDƏM 18 iyn 2022, 13:16
Cəmiyyətdə mövcud problemlərin həlli yollarına fərqli yanaşmalar həmişə mövcud olub. O yanaşmaları müəyyən edən bir çox faktorlar var. Həmin amillərdən biri də ictimai qınaqdır. Əlbəttə, ictimai qınaq ictimai nəzarətin bir formasıdır. Ümumi ictimai rəyin ifadə edilməsinin bir üsuludur. Bu, təsir formasıdır. İnsanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur. Hansısa yanlışlığa yol vermiş insan ictimai qınaq nəticəsində bu və ya başqa hərəkətinə son verir. Onu müəyyən dərəcədə korrektə edir. İctimai rəyin təsiri ilə geri çəkilir. Bu baxımdan cəmiyyətdə ictimai qınağın mövcudluğu çox önəmlidir.

Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, əslində ictimai qınaq çox yaxşıdır, amma bunun da normasında olması mühümdür. Sosioloq qeyd edib ki, əvvəlcə nəyi qınadığımızın fərqini varmalıyıq:

“Qeyd edim ki, bəzən bu məsələdə küyə düşürük. Tutaq ki, bir nəfərin qarala kampaniyası aparılır, ictimai qınaq aparılır və arxadan bu qınağa qoşulanların əksəriyyəti bu məsələdə motivinin nə olduğunu, söhbətin nədən getdiyini, ictimai qınağın nədən başladığını bilmir. Sadəcə küyə düşərək bu addımı atırlar. Amma, insanların ictimai davranış qaydalarına, neqativ vəziyyətlərdə, ümumiyyətllə ətraf aləmə, insanlara, ümumi tarazlığa, nizam-intizama qarşı neqativ hərəkətləri varsa, təbii ki, ictimai qınaqla qaydasına salmağa çalışmalıyıq”. 

Sosioloq söhbət zamanı onu da qeyd etdi ki, bu gün parklarda, açıq istirahət zonalarında, piknik yerlərində çox bərbad vəziyyət hökm sürür:



“İnsanlar yediklərini yığmırlar, insanlar tumu yeyib qabığını ətrafa səpirlər, yedikləri paketləşdirilmiş qidanın qablarını, paketlərini ətrafa atırlar və yol yeriyirsən gəlib selofan paket sifətinə yapışır,ayağının altında qalır. Yəni, bu kimi hallarda ictimai qınaq əlbəttə ki, yaxşıdır. Bu insanları qınamaq və davranışlarının əslində səhv olduğunu, ətrafa ziyan vurduğunu anlatmaq, başa salmaq lazımdır. Bəlkə də ictimai qınaqdan qorxmasaydılar bir çox insanlar bir çox neqativ əməllər törədərdi. Həm ətraf mühitə, həm insanlığa, həm də ümumillikdə bütün bəşəriyətə zərər vermiş olardı. İctimai qınaqdan qorxan insanlar hesab edirəm ki, davranışlarına da nəzarət edir bir çox hallarda. Çünki indi elə bir əsrdir ki, heç nə gizlində qalmır. 30-40 il bundan əvvəl dövrdə etdiyi şey gizlin qalırdı və sirrin açılmayacağından əmin idi. Lakin indi elə bir dövrdür ki, hər kəsin əlində şəkil çəkən, səs yazan cihazlar, telefonlar var. Sən əslində sənin heç kimin görmədiyini düşünürsən, amma sonra etdiyi səhvin əslində bir çox insan tərəfindən görüldüyünü, lentə alındığını, çəkildiyini, səsinin yazıldığının şahidi olursan. Biz bunun bir neçə acı təcrübəsini görmüşük və həmin insanlar olduqca çıxılmaz vəziyyətdə qalıblar. Ona görə də, bir addınm atarkən bunun əslində ictimai qınaq yaradıb- yaratmayacağını və o, qınağa səbəb hansı addımın olacağını yüz ölçüb bir biçmək lazımdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top