“Zəngəzur dəhlizi Çin, Birləşmiş Krallıq, Rusiya, Türkiyə kimi ölkələrin də marağında olduğu meqalayihədir” — ŞƏRH

GÜNDƏM 16 iyn 2022, 16:44
“Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində dolğun çıxışı diqqət çəkdi. Ölkə başçısı bir çox məsələyə toxunsa da hesab edirəm bunlardan üçü daha mühüm əhəmiyyətə malik idi.Birincisi, prezident çıxışı zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığını  və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar etdiyini bildirib. Prezident onu da qeyd edib ki, Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.  Politoloq qeyd edib ki, ümumiyyətlə prosesə tarixi aspektdən baxdıqda Ermənistanın hazırkı əraziləri tarixi Azərbaycan torpaqlarıdır:

“Ötən əsrin 20-30-40-cı illər başda olmaqla müxtəlif illərdə Azərbaycan xalqının iradəsi olmadan bu torpaqlar Ermənistana verilib. 1918-ci il Paris sülh konfransında Cənubi Qafqaz ölkələri olan Ermənistan Azərbaycan və Gürcüstanın əraziləri de-fakto tanınıb və həmin dövrə aid dövlət xaritələri də var. Həmin xəritələrdə nə Zəngəzur nə Göyçə Ermənistan ərazisi deyil. Yəni ölkə başçısının dediyi kimi indiki məqamda rəsmi İrəvan Qarabağı Azərbaycanın ərazi bütövlüyü olaraq tanımayacağı təqdirdə rəsmi Bakı da Zəngəzur və Göyçəyə haqq iddia edə bilər. İkincisi, cənab prezident çıxışı zamanı bir daha “Minsk Qrupu artıq fəaliyyət göstərmir və ya fəaliyyətsizdir. Məncə, ən yaxşı yol Minsk Qrupuna əlvida deməkdir. “Təşəkkürlər və əlvida” yox, sadəcə, "əlvida" deyib. Ümumiyyətlə ölkə başçısı artıq neçənci dəfədir ki, Minsk Qrupunun fəaliyyətsizliyinə diqqət çəkərək bu qurumun faktiki olaraq sıradan çıxmalı olduğunu qeyd edir”. 



“Geridə qoyduğumuz 27 illik münaqişə tarixinə baxdıqda Misnk Qrupunun fəaliyətinin de-fakto sıfra bərabər olduğunu görürük. Buna görə də ATƏT-in Minsk Qrupu cənab prezidentin də dediyi kimi təqaüdə getməlidir. Azərbaycan faktiki olaraq 44 günlük müharibə ilə qurumun həll etməli olduğu münaqişəni sonlandırıb. O ki qaldı prezidentin “Təşəkkürlər və əlvida” yox, sadəcə, "əlvida" ifadəsinə hesab edirəm o bununla Minsk Qrupunun təşəkkürə layiq heç bir iş görmədiyi mesajını açıqca verir. Üçüncüsü, dövlət başçısının çıxışında ən diqqət çəkən məqam şübhəsiz ki, onun Zəngəzur dəhlizi ilə bağlı dedikləri oldu. Prezident Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsinin regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunu olduğunu bildirib”. 

“Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyanatının tərkibinə daxil edilən Zəngəzur dəhlizi regionun inkişafı baxımından həyati əhəmiyyətə malikdir. Cənab prezident artıq neçənci dəfədir bu məsələnin ən qısa zamanda həll edilməli olduğunu vurğulayır. Prinsip etibarilə rəsmi Bakı həm Şərqi Zəngəzurda, həm də Naxçıvanda müvafiq infrastruktur və nəqliyyat əlaqələrini istismara hazır vəziyyətə gətirib. Prosesi uzadan Ermənistan tərəfidir. Lakin bu məsələ Ermənistanın təkbaşına verə biləcəyi qərar deyil. Yəni Zəngəzur dəhlizi Çin, Birləşmiş Krallıq, Rusiya, Türkiyə kimi ölkələrin də marağında olduğu meqalayihədir”- deyə politoloq əlavə edib. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top