“Ukraynanın qələbəsindən bəzi Qərb dövlətləri qorxur, çünki,..” — Zelenskinin silahdaşı ilə MÜSAHİBƏ

MÜSAHİBƏ 14 iyn 2022, 13:07
Ukrayna - Rusiya müharibəsində daha bir qanlı həftəni arxada qoyduq. Bəs ötən həftə bu müharibədə hansı hadisələr cərəyan etdi? Ukraynada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət ötən həftə hansı istiqamətdə inkişaf etdi? 

Bu və digər suallara cavab tapmaq üçün Bizim.Media informasiya portalının Baş redaktoru Anar Tahirov Ukrayna Ali Radasının deputatı, Zelenskinin rəhbəri olduğu “Xalqın xidmətçisi” fraksiyasının üzvü Oleq Dunda ilə həmsöhbət olub. 

Həmin müsahibəni təqdim edirik: 

Rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib ki, “Fransa və Almaniya Ukraynanın qələbəsindən və Putinin məğlubiyyətindən qorxur. Çünki Ukraynanın qələbəsi beynəlxalq münasibətlərin bütün strukturunu, Avropanın təhlükəsizlik strukturunu dəyişəcək”. Siz necə düşünürsünüz? Bu ehtimal nə dərəcədə özünü doğrulda bilər?

Bu dövlətlər ona görə narahatdırlar ki, Rusiyanın məğlubiyyəti ortaya gözlənilməz və planlaşdırılmamış reallıqlar çıxarda bilər. Onlar Ukraynanın qələbəsini istəyir. Lakin bu qələbinin çox böyük miqyasda olması nüvə müharibəsinin başlanma ehtimalını da artırır. Təbii ki, nüvə müharibəsini idarə etmək mümkün deyil, bu müharibənin qalibləri olmur. Ona görə də Makron da, Şoltz da narahatdır. Bu əslində taktiki baxışdır. Strateji baxımdan isə  çox təəssüf ki, Şoltz və Makron bir şeyi başa düşmür. Ukrayna-Rusiya müharibəsi necə qurtarmasından asılı olmayaraq yaxın gələcəkdə istər Almaniya, istərsə də Fransa Avropadakı əvvəlki təsir imkanlarını saxlaya bilməyəcək. O ki, qaldı Ukraynanın qələbəsinə. Bu qələbə rus imperiyasının süqutunu gətirəcək. Bu da dünyanın siyası landşaftını dəyişdirəcək. İndiki bəzi güclər o zaman siyasi səhnədəki yerini Ukrayna kimi qalib və böyük dövlətlərə verəcəklər.

Yeri gəlmişkən ötən həftə Co Bayden belə bir bəyanat verdi ki, “biz qabaqcadan Zelenskiyə müharibənin başlayacağını və uzun sürəcəyini söyləmişdik. O isə bizi eşitmədi”. Sizcə Bayden bu söylədiklərində nə qədər səmimidir?

O, bu fikirlərində tamamilə səmimidir. Amma heç kim, hətta mən özüm də müharibənin bu miqyasda böyük olacağına inanmırdım. Düşünürdük ki, ən pis halda müharibə Donbas ərazisində gedəcək. Və bu miqyasda olacaq müharibəyə Ukrayna höküməti çox yaxşı hazırlaşmışdı. Çox təəssüf ki, bizim proqnozlarımız özünü doğrultmadı. Amma mən bu yerdə Baydendən soruşmaq istərdim ki, “əgər həqiqətən də sizin əlinizdə belə dəqiq məlumat var idisə,  niyə bu qanlı müharibənin  başlamasına əngəl olmadınız?”

Ötən gün Zelenski bəyan etdi ki, iyun ayında Rusiyanın canlı itkiləri 40 min nəfərə çatacaq. Siz necə fikirləşirsiniz, Rusiyanın bu itkiləri Ukraynanı qələbəyə yaxınlaşdıracaqmı? Və itkilərdən söz düşmüşkən  soruşmaq istəyirəm: Ukrayna öz itkiləri barədə nəyə görə müfəssəl məlumat vermir? Verilən məlumatlar bir növ səthi xarakter daşıyır...

Hərbi itkilər bir növ hərbi sirr sayılır. Ona görə də bu barədə ətraflı danışılmır. Amma xatırladım ki, bu günlərdə Aristoviç bildirdi ki, Ukraynanın hərbi itkiləri 11 min nəfərdir. O ki, qaldı Rusiyanın 40 minlik canlı itkisinə. Mən hər zaman demişəm ki, itkilər hələ hər şey demək deyil. Və itkilər kiminsə qələbəsini təsdiqləmir. Rusiya üzərində qələbəmiz o zaman olacaq ki,bu ölkədə yaşayan xalqlar ayağa qalxacaq. Yeni azad və müstəqil ölkələr yaranacaq.

Yeri gəlmişkən Bakıdakı ekspertlər təəccüblənir ki, Moskvada və digər iri şəhərlərdə sosial narazılıq dalğası yoxdur. Heç həlak olanların valideynləri də ayağa qalxmadı, Putindən haqq-hesab soruşulmadı. Hər halda bu məsələdə sizin məlumatınız daha çox olar. Bu qədər itki qarşısında Rusiyada heç bir ixtişaş, kütləvi narazlıq baş qaldırmadı. Səbəb nədir?

1949-cu ildə Almaniya müharibədən parçalanmış və məğlub olmuş şəkildə çıxsa da, Hitler öldürülsə də almanlar Hitleri ehtiramla xatırlayırdılar və onu ən böyük alman hesab edirdilər. Bu prizmadan baxanda hazırda Rusiyada da Putinə inam və etimad kifayət qədər çox yüksəkdir. Və çox təəssüf ki, belədir. Amma hər şeyin zamana ehtiyacı var. Vaxt gələcək ki, Buryatiyada da Çeçenistanda da, Dağıstanda da xalq ayağa qalxacaq ki, nəyə görə müharibədə ancaq bizim övladlarımız həlak olur, moskvalılarsa öz rahat həyatlarını yaşayırlar. Narazı qüvvələr ayağa qalxacaq. Ola bilsin ki, yaxın aylarda bu baş verməsin, ancaq ilin sonunda bu 100 faiz olacaq.

Bu həftə Türkiyə prezidentinin Zelenski və Putinlə telefon danışığı gözlənilir.Bu danışıqlardan siz nə gözləyirsiniz? 

Heç nə gözləmirəm. Bu da buna qədər aparılan bütün danışıqlar kimi nəticəsiz başa çatacaq. Ən yaxşı halda bu danışıqların yekununda hərbi əsirlərin və həlak olanların mübadiləsi baş tuta bilər. Çünki, Putinin sülhə getmək niyəti yoxdur. Onun hədəfi Ukraynanı tamamilə öz nəzarətinə götürməkdir. 

Sizcə Ukrayna danışıqlara getməyə tam hazırdırmı? Heç də təsadüfi deyil ki, Zelenski bu günlərdə söylədi ki, hər şey döyüş meydanında həll ediləcək.

Bizim mövqeyimizdə heç nə dəyişməyib.  Biz sona qədər Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparacağıq. İndiki sülh razılaşmasında biz Xerson, Zaparojye, Luqansk və digər vilayətləri itirmiş olarıq. Çünki, biz çox yaxşı bilirik ki, ruslar işğal etdikləri ərazilərdən çıxmaq fikrində deyillər.

Məlum olduğu kimi Ukrayna dünyanın ən çox taxıl istehsal və ixrac edən10 ölkəsindən biridir. Deyə bilərsinizmi ki, hazırda Ukraynada  taxıl istehsalında və ixracında vəziyyət necədir?

Hazırda Ukraynanın 25-30 milyon ton taxıl ehtiyatı var. Eyni zamanda, yeni taxıl biçini mövsümünə də ciddi hazırlıq gedir. Bununla paralel Rumıniya və Polşa üzərindən dünya bazarına ərzaqlıq buğdanın çıxarılması imkanları müzakirə edilir. Məndə olan məlumata görə bu kanallar üzrə ərzaqlıq Ukrayna buğdasının geniş həcmdə ixracı mümkün olacaq. Çox təəssüf ki, məlum səbəblərdən Qara dəniz vasitəsi ilə ixrac imkanlarımız 0-dır.

Bəs taxıl biçininə hazırlıq necə gedir? Kifayət qədər texnika və yanacaq varmı?

Bəli, bu gün bu istiqamətdə müəyyən problemlər var. Hökümət yavaş-yavaş bu problemlərin öhdəsindən gəlir. Ölkənin qərb bölgəsində ümumiyyətlə heç bir problem yoxdur. 

Müharibənin gedişində qonşu dövlətlərlə- Macarıstan, Moldava, Belarus və digər ölkələrlə münasibətlər necə inkişaf etdi? Ukraynalılar hansı qonşularından bu çətin gündə daha çox razı qaldılar? 

Ukraynalıların ən çox razı qaldığı ölkələr Polşa və Baltikyanı dövlətlərdir. Bu dövlətlərdən hər zaman anlayış və kömək görmüşük. Rumıniya ilə də heç bir problemimiz yoxdur. Amma incik qaldığımız qonşularımız da var...

Son vaxtlar belə informasiyalar yayılır ki, ruslar işğal etdikləri ərazilərdən Ukraynanın maddi və mənəvi dəyərlərini daşıyıb aparırlar. Bu barədə sizin əlinizdə hansısa fakt və yaxud faktlar varmı?

Əlbəttə ki, var.Ən qədim tariximiz olan skif tayfalarının abidələrinin oğurlanıb Rusiyaya daşınması barədə əlimizdə konkret faktlar var. Eləcə də, yüzilliklər boyu bu torpaqlarda yaradılan maddi-mənəvi irs həm məhv edilib dağıdılır, həm də Rusiyaya daşınır. Ən pisi də odur ki, bu vandalizm Rusiya tərəfindən dövlət səviyyəsində həyata keçirilir.

Cənab Dunda, suallarımız çoxdur. Lakin vaxt məhdudiyyəti var. Qısaca olaraq ötən həftə baş verən hadisələri necə xarakterizə etmək olar və sabahı necə görürsünüz? 

Ukraynada vəziyyət ağır və sabit olaraq qalır. Donetski və Luqansk vilayətlərində davamlı döyüşlər gedir. Üstünlüksə tez-tez bu və digər tərəfin əlinə keçir. Əgər Qərbdən gözlənilən hərbi yardım qrafik üzrə Ukraynaya çatdırılsa inanıram ki, biz ən qısa zamanda tam üstünlüyə yiyələnəcəyik. Əgər gözlənilən yardımlar olmasa onda vəziyyət heç də yaxşı olmayacaq. Biz rusların artileriya hücumları qarşısında çətin duruma düşəcəyik. Bütün hallarda biz təslim olmayacağıq. Sona qədər mübarizəmizi aparacağıq.

Siz dediniz ki, razılaşdırılmış qrafik var. Qərb tərtib olunmuş qrafik üzrə öz öhdəliklərini yerinə yetirirmi? 

Yeganə ölkə Böyük Britaniyadır ki, bütün öhdəliklərini vaxtında və layiqincə yerinə yetirir. Lakin qalan dövlətlər məsələn, Fransa, Almaniya kimi ölkələr ancaq vəd verirlər. Real köməkləri çox azdır. Belə deyək də 100 faiz vəd olunur. Amma vəd olunanlar cəmi 30 faiz icra edilir.

Bu günlərdə Ali Radanın bir deputatı Ukrayna televiziyalarının birinin canlı efirindən söylədi ki, “bu müharibə Rusiya ilə Qərbin razılaşdığı bir müharibədir. Bu razılaşmaya qarşı çıxansa təkcə Zelenskidir. Plana görə Zelenski artıq çoxdan qaçmalıydı. Amma Zelenski qaçmadı və nəticədə Qərblə Rusiyanın razılaşması pozuldu”. Sizcə bu fikirlər nə dərəcədə həqiqətdir?

Bu yalan məlumatdır. Bu cür məlumatları kimlərsə öz reytinqi və populyarlığı üçün yayır. Belə söhbətlərin heç bir əsası yoxdur. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top