Sabiq MTN əməkdaşı: “Sosial şəbəkələrdə erməni xüsusi xidmət orqanlarının qrupları var”

GÜNDƏM 13 iyn 2022, 22:39
Ermənistanla iş birliyi edən 15 yaşlı qız tutulub. Dövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər. REAL TV-nin “Mir Şahinin vaxtı” verilişində efirə gedən süjetdə bu barədə məlumat verilib.

Bildirilib ki,  Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub. O, Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilib.

Fidana radikal, nasist "Haytarakan" qrupunun aparıcı siması Artur Martirosyan və onun tərəfdarları müxtəlif təyinatlı tapşırıqlar verib. Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Onlar bununla da kifayətlənməyiblər. Fidandan hər dəfə daha artıq təxribat xarakterli hərəkətlər etməsini istəyiblər.

Sabiq MTN əməkdaşı, millət vəkili, siyasi analitik Arzu Nağıyev məsələni “Sherg.az”a şərh edərkən bildirib ki, Ermənistan xüsusi xidmət orqanları ən müqəddəs hisslərə toxunmaqla öz iyrənc əməliyyatlarını həyata keçirmək istiqamətində addımlar atır:

“Hətta azyaşlılardan istifadə etməklə bu istiqamətdə öz təxribat işlərini davam etdirirlər. Müharibə tək səngərlərdə getmir. Xüsusi xidmət orqanları informasiya məkanında da öz müharibəsini davam etdirməkdə israrlıdır. Lakin hər bir işdə olduğu kimi, xüsusi xidmət orqanlarının işində də ləyaqət olmalıdır. Deməli, bunlarda nə ləyaqət, nə hörmət, nə də qarşılıqlı münasibətdə yazılmamış qanunlara hörmət var. Son vaxtlar Ermənistan xüsusi xidmət orqanlarının əməliyyatının ifşa edilməsi istiqamətində atılan addımlar göstərir ki, onlar mənəvi hisslərə toxunaraq özlərinin faşist ideyalarını yaymağa çalışırlar”.

A.Nağıyev qeyd edib ki, 16 yaşı olmayan şəxsi əməkdaşlığa cəlb etmək heç bir çərçivəyə sığmır:

“Təsəvvür edin ki, onlar Nidje Qaregenin təbliğatının müqabilində qızı Rusiyada təhsillə təmin etmək və yaxud maddiyyatını yüksəltmək istiqamətində bu addımı atırlar. Şükürlər olsun  ki, Azərbaycan xüsusi xidmət orqanları əməliyyat şəraitinə nəzarət etməklə bu təxribatların qarşısını almaq üçün ciddi addımlar atır. Belə bir təxribatında qarşısı alındı”.

Siyasi analitikin fikrincə, bu kimi halların qarşısını almaq üçün sosial şəbəkələrdə ehiyatlı olmalıyıq:

“Əsas məqam ondan ibarətdir ki, onlar bunu sosial şəbəkələr üzərindən həyata keçirir. Sosial şəbəkələrdə çox diqqətli olmaq lazımdır. Bu əsasən də gənclərə aiddir. Tanımadıqları şəxslərə qarşı diqqətli olmaq lazımdır. Xüsusi xidmət orqanları əsl kimliklərini demir. Onlar istər maddi formada, istər mənəvi, istər şantaj yolu ilə bu işlə məşğul olacaqlar. Sosial şəbəkələrdə erməni xüsusi xidmət orqanlarının öz qrupları var və onlar daim iş başındadır. Revaşist qüvvələrə, öz hökumətlərinə qulluq edirlər. Bu şəxslər nəyin bahasına olursa, olsun, Azərbaycanın haqq işinə zərbə vurmağa çalışırlar. Bunu dərk etmək lazımdır. Müharibə bitsə də, postmüharibə dövrü davam etməkdədir. Bu kimi halların qarşsını almaq üçün ayıq-sayıq olmaq, vəziyyət ciddiləşərsə, bu haqda xüsusi xidmət və ya hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avq 2022, 00:45
Top