Qurtuluşun Zəfər zirvəsi... — FOTOLAR

SOSİAL 10 iyn 2022, 17:30
Azərbaycanın dövlətçilik tarixində əhəmiyyəti ilə seçilən, müstəqilliyimizin əbədilik tarixi adlandırılan 15 İyun- Milli Qurtuluş Günü respublikamızda böyük təntənə, Zəfər sevinci ilə qeyd olunur. İyunun 10-da Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə təşkilatçılığı ilə keçirilən “Qurtuluşdan Zəfərə” adlı tədbir də bu silsilədəndir.

Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin YAP Xətai rayon təşkilatının foyesindəki büstü önünə qızıl gül dəstələri düzüblər.

Sonra təşkilatın akt zalında tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra davam etdirilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov sözün əsl mənasında müstəqil siyasət yürüdən, davamlı uğurlara imza atan bir dövlətin, Azərbaycanın vətəndaşı olmağın yaratdığı sevinc hissindən bəhs edib: «Azərbaycan dövlətçiliyinin xilas günü kimi dəyərləndirilən Milli Qurtuluşdan başlanan inkişaf yolu Azərbaycanı sözünün imzası qədər əhəmiyyəti olan bir ölkəyə çevirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmışdı. Belə çətin məqamda üzünü xilaskarına tutan xalqımız əmin idi ki, dahi şəxsiyyət Heydər Əliyev hər zaman olduğu kimi, yenə də xalqının çətin məqamında yanında olacaq, canından artıq sevdiyi Vətənini xilas edəcək. 1993-cü il iyun ayının 9-da ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. İyunun 15-də Ümummilli Liderin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi tarix Milli Məclisin 1997-ci ildə qəbul etdiyi qərara əsasən Milli Qurtuluş Günü kimi tarixə yazıldı.»

Etibar Əhmədov bildirib ki, Milli Qurtuluşdan başlanan yol Azərbaycan xalqına Zəfər sevincini yaşatdı. Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 18 ildən artıq dövrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində 30 ilin işğalına 44 gündə son qoyuldu. Azərbaycan xalqı məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirin mahiyyətini önə çəkərək bildirib ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: “Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan qurdu. Əgər 1993-cü ildə müdrik siyasətçi Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün adını iftixarla çəkdiyimiz, vətəndaşı olduğumuz üçün qürur duyduğumuz Azərbaycan adlı məmləkətin varlığından söhbət gedə bilməzdi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək ata vəsiyyətini şərəflə yerinə yetirdi, adını qalib ölkənin qalib Lideri kimi tarixə yazdı.»

Vüqar Rəhimzadə Ulu Öndərin siyasi fəaliyyətini hadisələrin xronoloji təhlili ilə diqqətə çatdıraraq qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı dövlətçilik salnaməmizin ən uca zirvəsində dayanan tarixi hadisəni- Milli Qurtuluş Gününü böyük sevinclə qeyd edir: «Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Milli Qurtuluşdan başlanan yolun zirvəsində tarixi Zəfərimiz dayanır. Bu Zəfər Azərbaycanın gücünü, qüdrətini, birliyimizi, həmrəyliyimizi, ən əsası tarixinə, torpaqlarına sahib çıxan və bunun üçün canından keçməyə hazır olduğunu təsdiqləyən bir xalq olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider Azərbaycanı müstəqil, qüdrətli, qalib Azərbaycan kimi görmək istəyirdi. Azərbaycanın müstəqilliyinin əbədiliyini, sarsılmazlığını təmin edən ulu öndər Heydər Əliyev 2003-cü ilin oktyabrında xalqa müraciətində bu fikri xüsusi qeyd etmişdi ki, sona çatdıra bilmədiyi işləri özü qədər inandığı cənab İlham Əliyev başa çatdıracaq. Dahi şəxsiyyətin ən böyük arzularından biri torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın öz doğma yurd -yuvalarına qayıdışı idi. Bu istəyi Prezident İlham Əliyev reallığa çevirməklə adını tarixə torpaqlarımızın xilaskarı, qalib Ali Baş Komandan kimi yazdı.»

“Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən saatlarla, günlərlə danışmaq olar” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyev 2003-cü ildə inamın, etimadın düzgün ünvanını göstərdi: «Xalqımız 2003-cü ildə etdiyi seçimində yanılmadığını bildirir, daim Prezident İlham Əliyevin ətrafında sıx birləşir. Hazırda ölkəmizin həyatında yeni bir mərhələ uğurla davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri geniş vüsət alıb, soydaşlarımız Böyük Qayıdışa hazırlaşırlar. Qarşıda Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Zəfər sevincli Milli Qurtuluş Günün mübarək, Azərbaycan!»

Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktoru Məhəmməd Novruzov ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə bugünümüz üçün qurulan möhkəm təməldən danışıb: “Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Birinci hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı.»

Məhəmməd Novruzov ulu öndər Heydər Əliyevin gələcəyimiz olan gənclərin milli ruhda tərbiyəsi, Azərbaycana bağlılığı istiqamətində gördüyü işlərdən bəhs edərək bildirib ki, Ulu Öndərin hakimiyyətinin birinci dövründə Azərbaycan gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkənin dağılmış iqtisadiyyatının bərpasında, Azərbaycanın hərtərəfli inkişafında məhz həmin dövrlərdə Sovet İttifaqının nüfuzlu ali məktəblərində təhsil alan gənclərin potensialından istifadə olundu.

Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktoru Azərbaycanın tarixi Zəfərindən bəhs edərək bu uğurumuzda da Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin əsas amillərdən biri olduğunu bildirib. Diqqətə çatdırıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında gənclərimizin bu qəhrəmanlığından, şücaətindən geniş bəhs edir, gələcək nəsillər üçün vətənpərvərlik məktəbi olduğunu bildirir.

Çıxışlarda ümumi qənaət bu olub. Milli Qurtuluş Günündən başlayaraq indiyədək uğurla inkişaf edən Azərbaycan tarixi Zəfəri ilə dünyaya səs saldı. Bu gün Qarabağımız, Şuşamız azaddır. Azərbaycanın döyünən ürəyi olan Şuşa xoş anlarını, sevincli günlərini yaşayır. Hər bir tarixi günün, bayramın Şuşada qeyd olunmasına göstərilən diqqət bu qədim şəhərin hər birimizin qəlbində xüsusi yeri olmasının göstəricisidir.

Tədbirdə «Şuşa Qarabağın döyünən ürəyi» mövzusunda keçirilən inşa müsabiqəsinin qalibləri Diplomla mükafatlandırılıb. Həmçinin YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim edilərək onlara uğurlar arzulanıb. Yeni vəsiqələrin sahibləri belə güclü, qüdrətli, müstəqil, qalib dövlətin vətəndaşı, eyni zamanda, ulu öndər Heydər Əliyevin yaradıcısı, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasının üzvü adını daşımağın böyük şərəf olduğunu bildiriblər.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini, eyni zamanda, Zəfərə gedən yolu özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbir «Qurtuluşdan Zəfərə» Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin kollektivinin ifasında Ulu Öndərə, qalib Ali Baş Komandana və müstəqil Azərbaycana həsr olunan mahnıların ifası ilə başa çatıb.(ikisahil.az)



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top