Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir

GÜNDƏM 04 iyn 2022, 11:58
Cənubi Qafqazda zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malik olan yeganə ölkə demək olar ki, Azərbaycan Respublikasıdır. Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar.

Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir. Ölkəmiz daxili bazarda öz tələbatlarını tam təmin edib və bir sıra ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supra limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 

2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı.

Bakı-Tbilisi-Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı ilk dəfə olaraq Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı”.    

Cənub Qaz Dəhlizi layihəsi nəinki Avropanın etibarlı qaz təchizatı, həmçinin qaz bazarının inkişafı üçün və qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihə hesab olunur.  

Hər ilin fevral ayında Bakıda Cənub Qaz Dəhlizinin illik toplantısı keçirilir. 2022-ci ilin fevral ayında Məşvərət Şurasının toplantısında bəlli oldu ki, nəzərdə tutulmuş planların əksəriyyəti həyata keçirilib. Avropada Azərbaycan qazına olan tələbat gün-gündən artır. Bu tələbatları ödəmək üçün müqavilələr bağlamaq, danışıqlara başlamaq, eyni zamanda Azərbaycan tərəfi sərmayədarlar, tərəfdaşlar və enerji şirkətləri ilə sıx əlaqəli işləməlidir ki, hasilat artsın. Bütün bunları yüksək səviyyədə, vaxtlı vaxtında həyata keçirmək üçün  mövcud qurğular genişləndirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etmişlər”.

Azərbaycanın külək və günəş enerjisi istehsal etmək üçün geniş imkanları var. Belə ki, 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə, həmçinin Kəlbəcər və Laçında buna yüksək səviyyədə nail olmaq mümkündür. Bu iki rayonun potensialı 9-10 min meqavat təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri neft sektoruna yönəldilir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri neft sektorunda artım 11.5 faiz, qeyri neft sənayesində artım 15 faizdən artıq olub”.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top