Təyyar Bayramov: “Bu, oğlumun sənət yolunda çox əlamətdar hadisədir”

İNCƏSƏNƏT 03 iyun 2022, 13:42
Bir neçə gün öncə paytaxtımızda qonaq olan Özbəkistanın tanınmış ifaçısı Şerali Corayev, Respublikanın əməkdar artisti Təyyar Bayramov və onun istedadlı oğlu, “Xarıbülbül” festivalının açılışında ifa etdiyi “Qarabağ şikəstəsi” ilə qəlblərə və yaddaşlara həkk olunan Kənan Bayramovla görüşüb, sənət və yaradıcılığa dair maraqlı, səmimi söhbət ediblər. 

Görüşün təəssüratlarını öyrənmək üçün Demokrat.az Təyyar Bayramovla əlaqə saxlayıb: 

“Şerali müəllim Özbəkistanın çox tanınmış, əfsanəvi sənətkarıdır. O, Kənanın səsini eşitmişdi və onunla tanış olmaq istəmişdi. Biz də məmnuniyyətlə onunla görüşdük. Bu, Kənanın sənət yolunda çox əlamətdar hadisədir. Getdik, görüşdük, Şerali müəllim Özbəkistana məxsus milli geyimi Kənana hədiyyə etdi. Bir də öz sənət tövsiyələrini verdi. Vurğuladı ki, Azərbaycan musiqisini çox sevir. Bizim muğam sənətimizdə onun dostları çoxdur. O sənətkarın mindən çox mahnısı var, düşünürük ki, Kənan gələcəkdə onun mahnılarından birini ifa edər. Özbəkistanda bir festival olacaq, bizi də ora dəvət edəcəklər. Təbii ki, bu Kənanın səsinin gücüdür. İstedad olmasa, seçilməz, fərqlənməz, dəyərləndirilməz. Oktyabrda biz Sami Yusifin iki günlük konsertində olduq. Konsertin əvvəlində mənim də ifama yer ayrılmışdı. Orda Sami Yusif Kənanın da ifasını istəmişdi, mən dedim ki, Kənanın səsini qoruyuruq, hələ ki ifa etmir. O da Kənana salam göndərdi, video sosial şəbəkələrdə yayıldı. Kənanın belə böyük sənətkarlar tərəfindən bəyənilməsi məni çox fərəhləndirir.”



Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top