Elman Məmmədov: “Qazi məsələsi qırmızı xətdir, onların incidilməsinə yol vermək olmaz!”

GÜNDƏM 02 iyn 2022, 17:10
“Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlətin sosial siyasətinin proritet istiqamətlərindən birini təşkil edir. Şəhid ailələrinin mənzil-məişət şəraitinin, sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir”.

Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda şəhid ailələrinə hər zaman diqqət və qayğı yüksək olub.

“Dövlət davamlı olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət digər dövlətlər üçün nümunəvi sayıla bilər. Azərbaycan azsaylı ölkələrdəndir ki, burada şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərilir. Bu barədə Cənab Prezidentimizin imzaladığı sərəncamlar, fərmanlar mövcuddur”.

E.Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə gördüyü işlərə də toxunub:

“Nazirliyin bu istiqamətdə gördüyü işlər barədə yaxşı olar ki, nazirliyin əməkdaşlarından soruşasınız. Bu məsələyə onlar cavab verməlidirlər. Bu gün sosial şəbəkələrdə qazilərimizin incidilməsi ilə bağlı xoşagəlməz görüntülər yayılıb.Onlar hətta nazirliyə hücum edib, pəncərə-qapının şüşəsini qırıb içəri giriblər. Gərək müvafiq qurumlar elə edərdilər ki, məsələ bu həddə gəlib çatmayaydı. Mən hesab edirəm ki, bu sahədə hamı Cənab Prezidentimizin verdiyi tapşırıqlara ciddi əməl etməlidir. Cənab Prezidentimizin müharibə iştirakçılarına, veteranlara, qazilərə, əlillərə göstərdiyi diqqət və qayğı, onlarla görüşü, söhbəti, onları dinləməsi, hətta xəstəxanada müalicə aldıqları zaman onların görüşünə getməsi, işlə təminat məsələlərinə ciddi təminat verməsi məsələsindən nümunə götürməliyik, bu istiqamətdə hərəkət etməliyik. Yəni, dövlət başçımız nümunə göstərir və tələb edir ki, bu kateqoriyada olan insanlarımız heç kim tərəfindən diqqətsiz, qayğısız qalmasın, incidilməsin. Onlara maksimum dərəcədə lazımi səviyyədə diqqət və qayğı ilə yanaşılsın. Onların bütün problemlərinin həll olunması üçün tədbirlər görülsün. Əgər ölkə prezidenti bunu deyirsə, tələb edirsə və özü də nümunə göstərirsə, təbii ki, aşağı qurumlar buna ciddi əməl etməlidir. Bu yolu tutub getməlidirlər. Elə olunmalıdır ki, bu sahədə bir inciklik, narazılıq olmasın. Yəni, ola bilər ki, kiminsə tələbi qeyri-qanuni olsun.Amma, elə qayğıkeşliklə izahlar verilməlidir ki, qazilərimiz, şəhid ailələrimiz inciməsin”.

Deputat qeyd edib ki, incidilmək, diqqətsizlik, laqeydlik çox ciddi xoşagəlməz etirazlara, vəziyyətə çıxardır:

“Hər kəs bilir ki, bu insanlar döyüş yolu keçiblər, bu insanlar qan görüblər. Biz bu gün bu insanların hesabına özümüzü qalib hesab edirik. Dövlətimizi, xalqımızı, millətimizi qalib hesab edirik və alnıaçıq gəzə bilirik. Ona görə də, biz də gərək bütün hərəkətlərimizlə, fəaliyyətimizlə çalışaq ki, onlar incidilməsin. Onlar ən yüksək səviyyədə diqqət və qayğı ilə təmin olunsunlar. Onların bütün problemlərin həllini çalışılmalıdır. Qazi məsələsi qırmızı xətdir, onların incidilməsinə qətiyyən yol vermək olmaz. Problemləri qısa zamanda öz müsbət həllini tapmalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top