Deputat: “Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın mövqeyini daha da gücləndirir”

GÜNDƏM 02 iyn 2022, 17:14
“Bildiyimiz kimi, beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. Artıq ənənəvi hal almış “Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya, bütün sahələr üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edir. Eyni zamanda sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən böyük şirkətlər də iştirak edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

Deputat bildirib ki,  “Xəzər Neft və Qaz” sərgisi Azərbaycanın enerji təhlükəsizliyi sahəsində nailiyyətlərini nümayiş etdirmək üçün mühüm platformadır:

“Tədbirdə Azərbaycan dünyanın ən qabaqcıl və müasir texnologiyaları ilə tanış olur, digər tərəfdən isə özünün əldə etdiyi nailiyyətləri nümayiş etdirir. Həmçinin, sərgilərdə öz məhsullarını nümayiş etdirən xarici şirkətlər tərəfdaşlıq münasibətləri qurmağa çalışırlar. Qeyd edim ki, son illər ölkəmiz neft aləmində öz mövqeyini əldən vermir, daha da inkişaf etdirir. İndi Azərbaycan 27-ci Beynəlxalq Neft və Qaz sərgisinə ev sahibliyi edir. Bu da, Azərbaycanın neft strategiyasının düzgün seçildiyini təsdiqləyən faktdır”.



M.Cəfərov əlavə edib ki, Prezident İlham Əliyev açılış mərasimi zamanı çıxışında enerjinin transformasiyasında təbii qazın getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmindən bəhs edib:

“Cənab Prezident bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanlarından da danışdı. Cənub Qaz Dəhlizi layihəsi beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və  gücləndirir”.

“Hazırda Rusiya-Ukrayna müharibəsi hələ də davam edir ki, bu da Avropanın neftə və təbii qaza olan tələbatının artması deməkdir. Azərbaycan indiki məqamda Qərbin neft və qaza olan tələbatını tam ödəyə bilməsə də, bu istiqamətdə ən etibarlı tərəfdaşıdır desək yanılmarıq. Bu gün  ölkəmiz Avropaya illik 10-11 milyard kubmetr qaz nəql edə bilir. Bu miqdarın gələcəkdə 20 milyard kubmetrə qədər artırılması planlaşdırılır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top