“Kreml Qərb ilə ərzaq müharibəsinə başlayıb” — Analitik

GÜNDƏM 01 iyn 2022, 09:48
“Rusiya son vaxtlar Ukrayna savaşından mümkün qədər tez bir zamanda çıxmağın mümkün yollarını axtarmağa başlayıb”. 

Bunu Demokrat.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib. Analitik qeyd edib ki, Kremldə Rusiyanın savaşdan məhz indi çıxacağı təqdirdə, daha əlverişli şərtlərlə sülh sazişi imzalaya biləcəyini anlayırlar:

“Əgər, vaxt uzanarsa və Rusiyanın hərbi uğursuzluğu artarsa, Kreml Ukraynada ələ keçirtdiyi bütün əraziləri itirə bilər. Ona görə də, Kreml tələsir. Digər tərəfdən, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropa Birliyi ölkələrini də vurmağa başlayıb. Ukrayna savaşı uzandıqca, Avropa Birliyi ölkələri Kremlə qarşı sanksiyalardan Rusiya ilə təxminən eyni zərbələri alır. Yəni, Rusiyaya qarşı sanksiyalar həm də dolayısı ilə Avropa Birliyinə qarşı sanksiyalara çevrilməyə başlayıb. Ona görə də, hazırda Rusiyanın Avropa qitəsində olan lobbisi hərəkətə gəlib, fəaliyyətə keçib. Xüsusilə də, Almaniya, Fransa, İtaliya və Macarıstan kimi ölkələr Rusiya ilə anlaşmanın vacibliyini qabartmağa başlayıblar. Bu ölkələr Ukraynanın öz ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməsi əvəzində Kremllə sülh sazişinin imzalanmasını təklif edirlər. Və həmin ölkələrin Rusiya ilə qeyri-rəsmi şəkildə ənənəvi müttəfiq olduqları da qətiyyən şübhə doğurmur”.
E.Xalidbəyli qeyd edib ki, belə şəraitdə Kreml dünyada yaranmaqda olan ərzaq böhranından da Rusiyanın Avropa Birliyinə təzyiqlərini gücləndirmək məqsədilə istifadə etməyə çalışır:



“Xüsusilə də, Rusiya taxıl məhsullarından öz beynəlxalq rəqiblərinə qarşı silah kimi istifadə etməyə cəhd göstərir. Çünki, Rusiya və Ukrayna dünyada əsas taxil ixracatçıları sırasında yer alır. Rusiya həm özü taxıl ixracını məhdudlaşdırmaqla, həm də Ukrayna taxıl məhsullarının dünya bazarlarına çıxışını bloklamaqla, rəsmi Kiyevi silah-sursatla təchiz edən ölkələri ərzaq böhranı yaratmaqla, hədələyir, şantaj edir. Prezident Vladimir Putinin Ukrayna limanlarından yüklərin tranzitini asanlaşdırmağa hazır vurğulanması da əslində, Kremlin ABŞ və Qərbə qarşı ərzaq müharibəsinə başladığının ilkin əlamətləri sayıla bilər. Çünki, Ukrayna limanlarından daşınması nəzərdə tutulan məhsulların mütləq əksəriyyəti taxıl, bitki yağları və s. ərzaq mallarıdır. Prezident Vladimir Putin bu məhsulların tranzitini bloklamaqla, dünyada ərzaq böhranı yarada biləcəyini qabardır”.

“İndi prezident Vladimir Putinin bu məsələni həll etməyə hazır olduğunu bəyan etməsi Kremlin ABŞ və Qərb ilə növbəti siyasi bazarlıq cəhdi də hesab oluna bilər. Çünki, Kreml bu addımın əvəzində Rusiyaya qarşı sanksiyaların ləğvini tələb etdiyinə də eyham vurur. Eyni zamanda, Rusiyanın şərtləri daxilində Ukrayna ilə sülh sazişinin imzalanmasını istəyir. Yəni, Kreml ABŞ və Qərb ilə ərzaq müharibəsinə başlayıb. Rusiya ərzaq məhsullarından silah kimi istifadə edir, rəqiblərini bu vasitə ilə məğlub etməyə çalışır”, deyə analitik fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top