“Dövlətçilik tarixi istiqamətində Azərbaycanın apardığı təbliğat əvəzsizdir”

SİYASƏT 29 may 2022, 18:31
Azərbaycan ərazisinin Avropanı Asiya ilə, Rusiyanı Yaxın və Orta Şərqlə əlaqələndirən çox mühüm hərbi-strateji mövqedə yerləşməsi, həm də zəngin yeraltı və yerüstü sərvətlərə malik olması Azərbaycan xalqının tarixi müqəddəratında dərin iz buraxmışdır. Ayrı-ayrı tarixi dövrlərdə Azərbaycan torpaqlarını işğal etməyə və burada möhkəmlənməyə çalışan böyük dövlətlərin azərbaycanlıları assimilyasiyaya uğradıb yox etmək və Qafqazı azərbaycanlılardan «təmizləmək» siyasəti nəticəsində daim təqiblərə, repressiyalara, sürgünlərə, soyqırımlarına məruz qalan azərbaycanlılar müxtəlif dövrlərdə doğma yurdlarını tərk etməyə məcbur olmuş, dünyanın müxtəlif ölkələrinə səpələnmişlər. Təbii ki, hər bir dövlətin və xalqın var olması üçün onun dövlətçilik tarixinin və ənənələrinin qorunması vacibdir. 

Sirr deyil ki, bu gün Azərbaycanın dövlətçilik tarixi uğurla təbliğ edilir və ona dövlət səviyyəsində yüksək qiymət verilir. Ulu öndər Heydər Əliyev əbəs yerə deməmişdi ki, - "xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək, böyük qürur hissi duyur və sözsüz ki, bununla fəxr edir". Həqiqətən də, Azərbaycan xalqının milli dəyərlərinə və mədəni irsinə bağlılığı dövlətçilik tarixinin qorunması üçün ən böyük töhfədir.

Mövzu ilə bağlı Demokrat.az-a danışan Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov qeyd edib ki, Azərbaycanda dövlətçilik tarixinin öyrənilməsi və təbliği istiqamətində kifayət qədər işlər görülüb. Deputatın sözlərinə görə, məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində düşmən ordusu darmadağın oldu:

“Bildiyimiz kimi, Azərbaycan 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1918-20-ci illərdə olduğu kimi erməni təcavüzünə, erməni iddiaları ilə üz-üzə gəldi. Çox təəssüflər olsun ki, həm 1918-20-ci illərdə, həm XX əsrin 90-cı illərin əvvələrində erməniləri müdafiə edən qüvvələr eynən həmin qüvvələr idi. Ona görə də, 1991-ci ildən sonra Azərbaycan sadəcə öz dövlət müstəqilliyinin bərpası haqqında aktı qəbul etdi. Azərbaycan torpaqları işğal olundu, xalq olaraq, dövlət olaraq sevinə bilmədik. Həm ölkə xaricindəki olan qüvvələr, həm də daxildəki qüvvələr hakimiyyət uğrunda mübarizə, mübahisələri Azərbaycan torpaqlarının işğalı ilə nəticələndi. 

30 il ərzində Azərbaycanın dövlətçilik tarixi üçün ən böyük istək və arzu nədən ibarət oldu? Xalq olaraq öz torpaqlarımızı azad edək. Qeyd edim ki, həm ölkə daxilində, həm də ölkədən kənarda bu istiqamətdə Azərbaycanın aparmış olduğu təbliğat əvəzsizdir, kifayət qədərdir. Xüsusilə, ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün dövlət başçısı olaraq, Ali Baş Komandan olaraq əlindən gələnləri etdi. Heydər Əliyevin siyasi varisi, Azərbaycan dövlət başçısı İlham Əliyev hakimiyyətə gəldikdən sonra öz dili desək, 17 illik hakimiyyəti dövründə öz əsgərindən bir gün belə ayrılmadı. Nə üçün ayrılmadı? Bütün danışıqların sonu onu göstərdi kİ, nə problemlə məşğul olan dövlətlər, nə də Ermənistan Azərbaycan torpaqlarından çəkilmək istəmir. Ona görə də, Azərbaycan dövləti əlindən gələni etdi və bunun da nəticəsi nədən ibarət oldu? 44 günlük müharibə ilə düşmən darmadağın oldu və Azərbaycan öz tarixi torpaqlarının sahib çıxdı. Həm Ali Baş Komandan, həm Azərbaycanın əsgər və zabiti bu boyda tarixi problemi öz xeyrinə həll edərək Azərbaycanın qəhrəmanı oldular. Təbii ki, bu gün Azərbaycan dövlətçilik tarixi üçün qarşımızda duran məqsəd nədən ibarət idi? Azərbaycanın dövlət başçısı da bu problemə dönə-dönə münasibət bildirir. Zaman gələcək bizim Ermənistan dövləti ilə səmimi münasibətlərimiz yaranacaq, yararlanmalıdır. Amma azərbaycanlı əhaliyə qarşı ermənilərin həyata keçirdiklərini biz heç vaxt yaddan çıxartmamalıyıq”. 

A.İsgəndərov əlavə edib ki, bu gün bir tərəfdən Qarabağda quruculuq işi görən, o biri tərəfdən dünyaya neft və qaz verən güclü Azərbaycan var:

“Güclü ordu, güclü iqtisadiyyat, vətənini dərin məhəbbətlə sevən xalq və iqtidar birliyi təbii ki, bu məsələnin hamısının uğurlu həlli üçün ən böyük vasitədir. Bu mənada Azərbaycan dövləti artıq 90-cı illərdəki Azərbaycan deyil. Bu gün təkcə Cənubi Qafqazda deyil, artıq dünyada öz mövqeyi olan bir güclü Azərbaycan var. Lap yaxın günlərin bir hadisəsini xatırlayaq.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ili tamam olur. Respublika günü ilə bağlı dünyanın ən nəhəng dövlətləri Azərbaycanın dövlət başçısını təbrik etdi. Bütün bunlar onu göstərir ki, artıq bu gün dünyada ədalətli, demokratik dövlət kimi qəbul olunan güclü Azərbaycan dövləti var”.

Sabiq deputat Sona Əliyeva isə Demokrat.az-a açıqlamasında bildirib ki, müstəqillik dövründə milli mənəvi dəyərlərin qorunmasına söykənən təbliğat işi əsasən 44 günlük Vətən müharibəsində öz bəhrəsini verib: 

“Əgər 104 il öncə Azərbaycan Xalq Cümhuriyyəti qurulmasaydı, Azərbaycan Sovet Sosialist Respublikası da ümumiyyətlə mövcud olmazdı. 1920-ci ilin aprelində Azərbaycan işğal edildikdən sonra müstəqil dövlətin varlığına son qoyulsa da, dövlətçiliyin bəzi atributları saxlanıldı. Yəni sistemdən, ideologiyadan asılı olmayaraq, Azərbaycan SSR-in hökuməti, qanunverici orqanı var idi. Amma bu, müstəqil dövlət deyildi”. 

Müsahibimiz hesab edir ki, müstəqilliyə gedən yolda 1990-cı ildə Naxçıvanda baş verənlərin xüsusi əhmiyyəti var:

“Cümhuriyyətin üçrəngli bayrağı rəsmi şəkildə ilk dəfə 1990-cı ilin noyabrın 17-də Ulu öndər Heydər Əliyevin deputat olaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin iclasına sədrliyi zamanı qəbul edildi. “Muxtar Sovet Sosialist Respublika”dan “Sovet Sosialist” ifadələri çıxarıldı, Naxçıvan Muxtar Respublikası adlandırıldı. Eyni zamanda, “Ali Sovet”in əvəzinə “Ali Məclis” adlandırıldı. Cümhuriyyətin üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul edildi. Bu bayrağın qəbul edilməsi sadəcə bir fakt deyildi. Cümhuriyyət müstəqillik rəmzi idi. O bayraq müstəqilliyi ehtiva edirdi. Sovet dövləti isə müstəqilliyimizin əleyhinə idi. SSRİ-nin sovet sisteminin mövcud olmasına baxmayaraq, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvanda qəbul edilməsi ilə Naxçıvan Muxtar Respublikası müasir, müstəqil Azərbaycan dövlətinin rəsmi şəkildə təməlinin atıldığı yer oldu. Cümhuriyyət tariximizin sistemli şəkildə öyrənilməsi 1998-ci ildə Heydər Əliyevin imzaladığı fərmanla gerçəkləşdi.

Sonra da cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə İstiqlaliyyət küçəsində cümhuriyyət xadimlərinin şərəfinə istiqlal abidəsi qoyuldu. Bu gün cümhuriyyət xadimlərinin ruhu şaddır. Onların arzuladıqları güclü Azərbaycan dövləti qurulub”. 
 
S.Əliyeva vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordumuz işğalçı Ermənistanı torpaqlarımızdan qovub çıxarıb:

“Bu gün dövlət bayrağımız Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanır. Cümhuriyyət tarixi bizə göstərir ki, millətimizin inkişafının təməlində sabitlik və güclü dövlət, güclü rəhbəri amili dayanır. Cənab Prezident İlham Əliyevin dövründə bu istiqamətdə çox böyük işlər gerçəkləşdirilib. Bizim ən böyük abidələrimizdən biri – Dövlət Bayrağı Meydanının yaradılması üçün orada Cümhuriyyət dövründə qəbul edilən bayrağımız dalğalanır. Bu istiqamətdə çox böyük işlər reallaşdırılıb. Məhz Prezidentimizin təşəbbüsü ilə 2006-cı ildə İstiqlaliyyət küçəsində İstiqlaliyyət abidəsi ucaldıldı. Bu da Cümhuriyyət tariximizin əbədiləşdirilməsi üçün atılan çox mühüm addımdır. Cümhuriyyət tariximizin heykəlləri ucaldılıb. O cümlədən, onların istər Gürcüstanda, istər Türkiyədə, istərsə də Fransada yaşayan Cümhuriyyət dövrü xadimlərimizin, mühacirlərimizin qəbirlərinin üstü götürülüb. Adları əbədiləşdirilib, dərsliklərə daxil edilib. Cümhuriyyət tarixi ayrıca olaraq universitetlərin tarix fakültələrində, digər fakültələrdə öyrənilir. Qeyd edim ki, milli kimliyini mühafizə edərək gənc nəsilə ötürən cəmiyyət bir xalq və dövlət kimi daim mövcudluğunu qoruya bilər. Ona görə də, hər bir Azərbaycan vətəndaşı dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğinə ciddi önəm verməlidir. Hesab edirəm ki, bu gün dövlətimizin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Bütün görülən təbliğatın nəticəsidir ki, bu gün Azərbaycan dövləti dünya dövlətləri sırasında tanınır və artıq dünya arenasında söz sahibidir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top