“Kriptovalyuta dünyanın söz sahibləri üçün əlverişli alət olduğundan dövriyyəsi davam edir” — RƏY

MALİYYƏ 27 may 2022, 10:18
“İnsanları kriptovalyutanın gələcəyinə əsas 3 yanlış səbəb inandırır.Birincisi,insanların beyninə “Kriptovalyutanın arxasında mayninq kimi dəyər yaradan proses durur” kimi bir absurt fikrin yeridilməsi, ikincisi bəzi yerlərdə (bank və digər alış-verişdə) kriptovalyuta ilə ödənişlərin qəbul edilməsi, üçüncüsü isə tanınmış insanların (milyarderlərin) kriptovalyutalara investisiya etməsi səbəbidir”.
 

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. Ekspert vurğulayıb ki, yanlış inam yaradan səbəblərdən biri tanınmış milyarderlərin kriptovalyutaya investisiya qoymasıdır:

“Onlar ağılsız deyillər, bilirlər ki, yarım milyard xərcləməklə kriptovalyutaya insanların inamı artıracaqdır. Beləcə insanlar cibində olan 1500 dollardan 1000 dollarını kriptovalyutaya xərcləyir. Həmin milyarder öz vəsaitinin 0.5%-ni xərcləməklə sadə insanlara vəsaitlərinin 66 faizini xərclətməyi bacardı və kriptovalyutaya tələbi artıra bildi, nəticədə kriptovalyuta əvvəlki dəyərindən 3 dəfə bahalaşdı. Bu zaman yarım milyard qoyan milyarder kriptovalyutasını sataraq, 1.5 milyard qazandı".



İqtisadçının sözlərinə görə ortada bir “xəyal məhsulu” var və dəyəri sadəcə “inam”dan ibarətdir:

“Hələki dünyanın söz sahibləri üçün bu əlverişli alət olduğu üçün dövriyyəsi davam edir. Bu, həm də dünyanı idarə 3-5 nəfərə sərf edir. Qeyd edim ki, təkcə bu oyundan qazanan həmin 3-5 nəfər deyil. Orta ranqlı insanlar, hətta dövlətlər də yararlanır. Ümumiyyətlə, kriptovalyuta heç bir dövlətin siyasətindən, qanunlarından, valyutasından asılı deyil və heç bir rəsmi təşkilat tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur”. 

“Kriptovalyutaların yaranma mənbəyinə gəldikdə isə bu, birbaşa internet şəbəkəsində yaradılır. Əsas kripto valyuta olan bitkoini şəbəkə üzərində yaratmağa - istehsal etməyə mədənçilik (mining) deyilir. Mədənçilik yolu ilə bitcoin əldə edilməsi getdikcə çətinləşdirilir, proses mürəkkəb hal alır. Məsələn, xüsusi texnologiyaların parametrlərini daha da yüksəltməyə ehtiyac yaranır, itirilmiş zaman və enerji sərfiyyatı şərtləri artır. Buna görə də mədənçilik etmək istəyənlər müasir parametlərlər qurulmuş sistemləri ala və ya kirayələyə bilərlər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top