ABŞ ölkəmizin regiondakı rolunu və nüfuzunu yüksək qiymətləndirir

GÜNDƏM 23 may 2022, 13:10
Son illər müstəqil Azərbaycan dövlətinin sivil, demokratik dünyanın bütün dövlətləri, o cümlədən, planetimizin super gücə malik olan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı inam və etimad əsasında əməkdaşlığı ölkəmizin dünya birliyində artan reytinqinin göstəricisidir. İşğalçı Ermənistan üzərindəki tarixi Qələbəmizdən sonra ölkəmizin beynəlxalq aləmdəki əlaqələri genişlənməkdə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliyi və uzaqgörən siyasəti sayəsində ölkəmiz dünyada əsas söz sahibinə çevrilib. ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlaması respublikamızın dünya birliyində artan reytinqinin növbəti nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

O bildirib ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın öz bəhrəsini verdiyi təbrik məktubunda diqqətə çatdırılıb. Eyni zamanda, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın Avropa və dünya bazarlarının enerji təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı da vurğulanır.

Ç.Qənizadə 44 günlük Vətən müharibəsində Azərbyacanın qazandığı şanlı Zəfərin ölkəmizin nüfuzunu daha da artırdığını vurğulayıb və bunu ABŞ Prezidentinin təbrik məktubundakı bəzi məqamlarla əsaslandırıb: “Artıq ölkəmiz dünyada qalib dövlət kimi tanınır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz uzun illər işğal altında qalmış torpaqlarımızı geri qaytardı və ərazi bütövlüyümüzü bərpa etdi. Bu Zəfərdən sonra ölkəmizin regionda mövqeyinin daha da güclənməsi təbii hesab edilməlidir. Hazırda Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir”.

Komitə sədri hesab edib ki, Müstəqillik Günü ərəfəsində ABŞ kimi dünyanın supergüc dövlətinin təbrik məktubu, həm də Azərbaycandakı inkişafa, Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə verilən qiymətdir. Göründüyü kimi, Azərbaycanın güclü və qüdrətli dövlət olması artıq dünya birliyində də etiraf olunur. Hazırda Azərbaycan inkişaf etmiş dövlətlərlə, onun lideri Prezident İlham Əliyev isə dünyamiqyaslı liderlərlə bir sıradadır. Bu baxımdan, ABŞ Prezidentinin təbrik məktubunda respublikamız və onun başçısı haqqındakı xoş sözlər hər birimizi qürurlandırır.

Ç.Qənizadə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın da Ağ ev rəhbərinin diqqətindən kənarda qalmadığını söyləyib. Azərbaycan bu günə kimi Ukraynaya böyük yardım edən azsaylı region ölkələrindən biridir. Məktubda daha sonra deyilir: “Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik”.

Hüquq müdafiəçisi deyib ki, digər mühüm məsələnin ABŞ-ın Ermənistanla münaqişə prosesinə, əvvəlki münaqişəyə, bunun tənzimlənməsinə, inkişafına öz mövqeyini və fikrini bildirməsidir. Məktubda qeyd edilib ki, Ağ ev Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

Ç.Qənizadə Azərbaycanın da hər zaman ABŞ-la münasibətlərin qorunmasında maraqlı olduğunu diqqətə çatdırıb: “Əminəm ki, bu siyasət həmişə olduğu kimi, bundan sonra da ABŞ tərəfindən də ölkəmizə qarşı uğurla davam etdiriləcək. Təbrik məktubunda ABŞ-ın qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətlərini daha da genişləndirmək arzusu ifadə olunub”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top