Metyu Brayza: “Şarl Mişelin bəyanatı 44 günlük müharibədən sonra ən müsbət məqamdır”

QARABAĞ 23 may 2022, 13:16
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin humanitar məsələlər, sərhədlərin delimitasiyası və Azərbaycanla Ermənistan arasında gələcək sülh sazişinə dair irəliləyişlə bağlı bəyanatı 2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra ən müsbət bəyanatdır".

Bunu “Report”a açıqlamasında ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın daha əvvəl verdiyi bəyanatı xatırladaraq bildirib ki, Ermənistan hökuməti Qarabağın hüquqi statusuna deyil, daha çox regiondakı erməni xalqının hüquqlarına diqqət yetirməyə hazır ola bilər: “Rəsmi Yerevanın bu yanaşması Ermənistan müxalifətinin həftələrlə davam edən etirazına səbəb olub. Bu etirazlara baxmayaraq, görünür, Ermənistan sülh prosesi üçün müsbət əlamət olan bu diplomatik xəttə sadiq qalmağa davam edir”.

M.Brayzanın sözlərinə görə, nəhayət, sərhədlərin delimitasiyası üzrə ikitərəfli işçi qrup yaxın günlərdə fəaliyyətə başlayacaq və liderlər arasında üçüncü üçtərəfli görüşdə sərhəd təhlükəsizliyi məsələlərinin müzakirə edilməsi vacibdir, çünki bu, dövlətlərarası sərhəd boyu hərbi toqquşmaların azaldılmasına kömək etməlidir.

Xatırladaq ki, mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top