Regionların zəngin iqtisadi potensialından istifadəsinə ehtiyac var

İQTİSADİYYAT 22 may 2022, 21:27
Dünya birliyinə sürətlə inteqrasiya olunan, regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son illərdə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış və bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. 

Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlər bölgələrimizin inkişaf potensialının artırılmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Bu gün Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Bəs, regionların zəngin iqtisadi potensialından səmərəli istifadə ilə bağlı hansı işlər görülür? Bu sahədə hansı problemlər mövcuddur? Regionlarda fəaliyyət göstərən sahibkarlar üçün daha hansı təşviq və güzəşt mexanizmləri təklif oluna bilər?

İqtisadçı-ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında bildirib ki, regionların zəngin iqtisadi potensialından səmərəli istifadə üçün bir sıra dövlət investisiya layihələri həyata keçirilir. 

“Həmin layihələr regionlarda sahibkarlıq fəaliyyətinin qurulmasına və qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün münbit şəraitin yaradılmasına xidmət edir. Təəssüf ki, hazırda regionlarımızda təbii olaraq mövcud potensialdan maksimum dərəcədə istifadə etməni görmürük. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Bölgələrin iqtisadi potensialından istifadə problemlərinə gəlincə, deyə bilərəm ki, bir çox hallarda iqtisadi inkişafda sahibkarlığın rolu çox böyükdür. Yəni, qeyri-neft sektorunu inkişafında özəl sahibkarlıq subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi çox böyük xüsusi çəkiyə malik olmalıdır ki, biz iqtisadi inkişafdan ağız dolusu danışa bilək. Təəssüf ki, yerli icra hakimiyyəti strukturlarında və eləcə də digər yerli ərazilərdə olan məmurlar tərəfindən sahibkarlıq fəaliyyətinə dəstək olması bir yana, əksinə sahibkarların fəaliyyətində müəyyən problemlərin rastlaşdığını və sahibkarlara müəyyən problemlərin yaradıldığını biz müşahidə edirik.

Son bir neçə ildir ki, cənab Prezident tərəfindən sahibkarlıq sahəsində yoxlamaların aparılmasının dayandırılmasına dair fərman imzalanmışdır. Bu fərmandan dolayı müəyyən qədər yoxlama sayları azalmışdır. Düzdür, bu say tamamilə dayandırılmamışdır. Amma, lazımi sahələrdə dayandırılması mümkün olan istiqamətlərdə yoxlamalar dayandırılmışdır. Sahibkarlığın inkişafına maneəni təkcə biz yoxlamalar nəticəsində deyil, eyni zamanda digər subyektiv davranışlar nəticəsində, müəyyən sahələrdə süni maneələrin yaradılması nəticəsində rast gəlirik. Yəni, fəaliyyətin müəyyən istiqamətində maneəçiliklərin törədilməsində bu hədə-qorxuda ola bilər, bu satış  bazarında maneələrin yaradılması ola bilər, bu istehsal prosesinin pozulması da ola bilər, bu azad olmayan rəqabət mühitinin yaradılması və sahibkarın sıxışdırılaraq fəaliyyətdən uzaqlaşdırılması da ola bilər. Yəni, bir çox sahələrdə. Deyə bilərəm ki, respublikanın regionlarında sahibkarlığın inkişafı ilə bağlı ən əsas problemlər bunlardır”. 

Ekspertin sözlərinə görə, digər problem isə təbii olaraq müəyyən kreditlərə çıxışla bağlı müəyyən problemlərin olmasıdır:

“Ümumiyyətlə, bank fazilərinin yuxarı olmasıdıır. Bundan başqa, sığorta sisteminin lazımi səviyyədə qurulmamasıdır ki, bunlar da regionda mövcud iqtisadi potensialdan istifadə etməyə mane olan amillərdəndir. Təşviq və güzəştli müxanizmlərdən istifadəyə gəlincə, bilirsiniz ki, müəyyən qəbildən olan sahibkarlıq fəaliyyətləri bu güzəştlərdən istifadə edirlər, müəyyən qəbildən olanlar isə istifadə edə bilmirlər. Bu da təbii olaraq praktik istiqamətlərdən asılı olaraq dəyişir. Düşünürəm ki, vergi güzəştləri emal sahələrdə tətbiq edilsə daha yaxşı olardı. Ümid edirik ki, yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının emala yönəldilməsinin sürətləndirilməsi və həcminin artırılması üçün mütləq şəkildə kənd təsərrüfatı istehsalına tətbiq edilmiş güzəştlərin sonrakı emal proseslərində də tətbiqi son dərəcə səmərəli olardı. Ümid edirik ki, bu məsələ yaxın vaxtlarda özünü qanunvericilik aktlarında təsbit etmiş formada göstərəcəkdir”. 

“Bir məqama da toxunmaq istəyirəm ki, Azərbaycan  Respublikasının regionların da sahibkarlığın inkişafına dəstək göstərən qurumlar arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) lider mövqeyə malikdir. Onun kifayət qədər böyük dəstək mexanizmləri vardır. Bu güzəştli kreditlərin əldə olunması üçün dəstəyin göstərilməsi, yeni fəaliyyətə başlamaq istəyən təsərrüfat subyektləri üçün biznes planlarının yazılması, elmi texnoloji yanaşmaların tətbiqi, həyata keçirilən layihələrdə qrantların verilməsi, hansı ki, KOBİA tərəfindən qrant müsabiqələr keçirilir və eyni zamanda startap şəhadətnaməsinin verilməsi, hansı ki, satış şəhadətnaməsi alan təsərrüfat subyektləri üç il müddətinə  vergilərdən azad olunur və s. KOBİA-nın dəstək mexanizmləri gördüyünüz kimi, kifayət qədər genişdir. Bundan əlavə, olaraq da məsələ Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin respublikanın müxtəlif inzibati rayonlarında KOB dostu adlanan bir fəaliyyət mexanizmi qurulub ki, məhz bu KOB dostları vasitəsilə regionlarımızda olan sahibkarların problemləri öyrənilir və onların aradan qaldırılması məqsədilə agentliyin mümkün qədər bütün dəstək mexanizmlərindən və nizannaməsinə uyğun olaraq səlahiyyətləri daxilində sahibkarların problemlərinə dəstək göstərilir. KOBİA sözün həqiqi mənasında bütün anlamlarda sahibkarların yanında olan hazırda bir nömrəli qurumdur”.

İqtisadçı-ekspert Rauf Qarayev Demokrat.az-a açıqlamasında isə vurğulayıb ki, bu gün regionların zəngin iqtisadi potensialından səmərəli istifadəsi üçün ilk növbədə mövcud sahibkarlıq subyektlərinin təklifləri və istəkləri dinlənilməlidir. 

İqtisadçı hesab edir ki, sahibkarlar üçün kredit siyasətinin yumşaldılmasına da ehtiyac var: 

“Bu gün sahibkarlarımızın bazarlarda mövqelərinin güclənməsini əngəlləyən ən əsas amillərdən biri kredit faizlərinin yüksək olmasıdır. Hesab edirəm ki, kredit və maliyyə resurslarına asanlaşdırılması regional inkişafı təmin edəcək. Bu da bütövlükdə ölkənin iqtisadi inkişafına zəmin yaradacaqdır. Hesab edirəm ki, bu sahədə yeni islahatlara ehtiyac var”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top