“Rəsmi Bakı həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyinə müsbət yanaşır” — Partiya sədri

QARABAĞ 22 may 2022, 18:16
“Qarabağ proksi-savaşı da rəsmi Kremlin cızdığı çoxdankı plandır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya sədrinin sözlərinə görə, bu planın icrası Ermənistanın radikal-millətçi, revanşist müxalifətinin əli ilə bu gün də davam etdirilir:

“Məhz bu səbəbdəndir ki, Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxınlaşdırmaq baxımından heç bir kəsərli addım ata bilmir. Çünki Kreml daşnakların və Robert Köçəryan-Serj Sərkisyan-Artur Vanetsyan “üçbucağ”ının köməyi ilə Paşinyanın atdığı bütün addımları sabotaj edir. Nikol Paşinyan hər nə qədər müstəqil xarici siyasət yürütməyə çalışsa da, ancaq İrəvanın “Fransa” meydanından baş qaldıran son hadisələr onun müstəql siyasət yürütmək istəklərini tamamilə bloklayır. Nəticədə Paşinyan Moskva ilə Brüssel arasında oynamaq məcburiyyətində qalır. Onun bir-birinə zidd məzmunlu açıqlamaları və davranışları da ilk növbədə bundan qaynaqlanır. Bu isə öz növbəsində Ermənistanı getdikcə daha da asılı ölkəyə çevirir. Ermənistan indi Rusiyanın nəinki forpostu, hətta oyuncağı, satelliti kimi hərəkət edir. Prezident İlham Əliyevin Litvanın dövlət başçısı G.Nauseda ilə görüşündə dediyi kimi bu gün Ermənistan hətta Rusiyanın anklav ərazisi olan Kalininqrad qədər də müstəqil və sərbəst deyil. Yəni ki, bu ölkə hazırda bu qədər miskin bir duruma yuvarlanıb”. 

“Ona görə də, Brüssel razılaşmaları havadan asılı vəziyyətdə qalır. Çünki Ermənistanda bu razılaşmaları həyata keçirməyə qadir olan güclü iradəyə malik hakimiyyət və bu prosesə dəstək verə biləcək vətənpərvər, milli mövqeyə malik müxalifət yoxdur. Ancaq bu cür süründürməçi proses və qeyri-müəyyənlik durumu uzun müddət davam edə bilməz. Elə mayın 22-nə planlaşdırılan növbəti Brüssel görüşü də məhz bütün bu məsələlərə aydınlıq gətirilməsinə, Ermənistanın konkret olaraq sülhə məcbur edilməsinə və bununla da necə deyərlər, “i” hərfinin üzərinə nöqtə qoyulmasına xidmət edir”. 

Ə.Hüseynov bildirir ki, rəsmi Bakı həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyinə müsbət yanaşır:

“Onu da qeyd etməliyik ki, Azərbaycan istənilən halda sülh əldə edilməsində, Ermənistanla sərhədlərinin müəyyən edilməsində maraqlıdır. Odur ki, Ermənistan ya üzərinə götürdüyü öhdəliklərə, verdiyi vədlərə sadiq qalmalıdır, yada ki əks təqdirdə güc yoluyla sülhə məcbur ediləcək. Bu baxımdan, rəsmi Bakı həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyinə müsbət yanaşır. Çünki Ermənistandan fərqli olaraq Azərbaycan tam müstəqil siyasət yürüdür. Ancaq indi elə bir məqam yetişib ki, artıq Ermənistan da konkret mövqe nümayiş etdirməlidir və vasitəçilər arasında ləngər vurmağa son qoymalıdır. Əks halda bundan ən çox uduzan yenə də Ermənistan özü olacaq”. 

“Ona görə də rəsmi İrəvan Rusiyanın Ukraynada məğlubiyyətinə ümid bəsləməməli və gözləmə mövqeyi tutmamalıdır. Əlbəttə, Rusiyanın sözügedən savaşda məğlub olması nəzəri olaraq mümkündür. Ola bilsin ki, gerçəkdə də məğlub olacaq. Ancaq Ermənistan rəhbərliyi yaxasını zəifləyən Rusiyanın əlindən qurtaracağı “X” gününü gözləməklə öz ölkəsinin, öz xalqının gələcəyinə zərbə vurduğunu dərk etməli və bu cür yanlış siyasətdən əl çəkməlidir. Rusiyanın Ukraynada məğlubiyyətinin Ermənistan ilə Azərbaycanın münasibətlərinə necə təsir edəcəyi göz qabağındadır. Səbr limiti tükənən Azərbaycan bütün hallarda – istər “yumşaq güc” tətbiq etməklə, istərsə hərbi yolla Ermənistanı sülhə məcbur edəcək. Bu mənada sabah Brüsseldə baş tutacaq görüşü nəinki Paşinyanın, həm də bütövlükdə Ermənistanın sonuncu şansı hesab etmək olar”- deyə partiya sədri fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top