Türkiyə Alyansdan kənarlaşdırılacaqmı? — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 20 may 2022, 17:17
CNN-nin analitiki Devid Andelman  İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olması Türkiyənin Alyansdan kənarlaşdırılması ilə nəticələnə biləcəyini deyib. O, öz fikirlərini bununla əsaslandırıb ki, onsuz da Ərdoğan üç il əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı fikirlər səslənirdi. Maraqlıdır, İsveç və Finlandiyanın NATO üzvlüyünə mane olmaq Türkiyənin alyansdan kənarlaşdırılması ilə nəticələnə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Türkiyənin NATO-dan uzaqlaşdırılmasının inandırıcı olmadığını deyib. Onun sözlərinə görə, NATO üçün İsveç və Finlandiyadan da vacib olan ölkə Türkiyədir:

“Türkiyə NATO-nun əsas və önəmli üzvlərindən, xüsusən dövlətlərindən biridir. Türkiyə ordusu həm gücünə, həm qüvvəsinə görə NATO-nun əsas dövlətlərindən biri sayılır. Bu və digər faktları nəzərə alsaq, demək olar ki, Türkiyənin alyansdan kənarlaşdırılması mümkün deyil.



Düzdür, İsveç və Finlandiya NATO üçün vacib ölkələrdir. Ancaq Türkiyə NATO üçün daha çox önəmlidir. Türkiyənin İsveç və Finlandiya ilə bağlı açıqlaması İsveçin bəzi PKK terror təşkilatına sığınacaq verməsi, dəstəkləməsi  ilə əlaqədardır. Analitiklərin, digər şəxslərin açıqlamaları əsas vermir ki, Türkiyənin NATO-dan uzaqlaşdırılması məsələsi ciddi olsun. Bundan başqa, qeyd edim ki, quru qoşunlarının  gücü və qüvvəsi baxımından Türkiyə NATO-nun ilk önəmli ölkələrindən biri hesab olunur”. 

S.Əsədli hesab etmir ki, dünyanın supergüc hərbi təşkilatı olan NATO hər hansı bir terror təşkilatına görə Türkiyəni itirsin:

“Qeyd edim ki, NATO hazırda ölkələri yırtıcı ölkə kimi tanınan Rusiyadan qoruyan əsas gücdür. Rusiyanın Ukraynaya hücum etməsi, şəhərləri viran qoymasından sonra Rusiya ilə qonşu olan dövlətlər narahatdılar. Onlar NATO-ya qoşulmaqla Rusiyadan qurtulmağa çalışırlar. Təbii ki, bu məsələ Türkiyə ilə NATO-nun əsas müzakirə mövzusudur. Amma inanmıram ki, hər hansı terror təşkilatına görə, NATO ilə Türkiyə arasında konflikt yaransın. Bu məsələlərin danışıqlar yolu ilə öz həllini tapacağına inanıram”. 

“Rusiya bu gün yırtıcı siyasəti ilə dünyanın bəlasına çevrilib. Həm Ukraynaya hücumu, ondan başqa Moldova ərazisində törətdiyi vəhşiliklər, Gürcüstan ərazilərini işğal etməsi, həm Azərbaycanın Qarabağ ərazisində erməni separatçılara dəstək verməsi və s. kimi faktlar Rusiya ilə qonşu olan ölkələrin təhlükəsizliyini təmin etməyə əsas verir. Həmin ölkələr də NATO-ya qoşulmaqla bu təhlükədən sovuşmağı düşünürlər”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top