Fərid Şəfiyev: “Kəlbəcərdə baş verən təxribatlar Paşinyanın işi deyil”

MÜSAHİBƏ 20 may 2022, 16:00
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Müxalif “Daşnaksutyun” partiyasının üzvü, Ermənistan Milli Məclisinin vitse-spikeri İşxan Saqatelyan bildirib ki, Nikol Paşinyanın Azərbaycanla gələcək perspektivdə imzalayacağı sazişlər qeyri-legitimdir. Sizcə, Sabah Ermənistanda hakimiyyət dəyişsə və müxalifət iqtidara gəlsə, Ermənistanın yeni hakimiyyəti Paşinyanın imzalayacağı sazişlərdən imtina edə bilərmi?

- İşxan Saqatelyan heç də müxalifət lideri deyil. Ona görə ki, “Daşnaksutyun”u Ermənistanın daxilində yalnız əhalinin 3-4 faizi dəstəkləyir. Sonuncu seçkilər də bunu göstərir ki, “Daşnaksutyun”, hətta müxalifət çərçivəsində də qabaqcıl qüvvə deyil. Sadəcə “Daşnaksutyun”un, xüsusən də diasporda nüfuzu daha çoxdur və ölkə daxilində müxalifətin lider partiyası deyil, fəallarından biridir. Bu, birincisi.

İkincisi, Ermənistanda yeni bir hökumət gəlsə, bəli, nələrisə imtina edə bilər. Bu məsələdə hüquqi cəhətdən bəzi aspektlər var.

Doğrudur, Ermənistan müəyyən bir öhdəlik götürüb, amma sabah yeni hökumət gəlsə və desə ki, sazişi qəbul etmirik və s. hüquqi cəhətdən nələrsə mümkündür. Lakin söhbət ondan gedir ki, üçtərəfli bəyanatdan irəli gələn bəzi maddələr artıq icra olunub.

İcra olunmayan müddəalar var, bu, 4-cü (qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılması) və 9-cu (kommunikasiyaların bərpası) bəndləridir. Paşinyan hökuməti də onları icra etmir, o ki qala müxalifət. Yəni problem hələ də qalır, bəyanat tam icra olunmayıb.

- Belə bir vəziyyətdə Azərbaycan ehtiyatı əldən verməmək üçün nə etməlidir?

- Ola bilər ki, gələcəkdə dəyişiklik baş versin və bunun olmayacağı zəmanəti də yoxdur. Ona görə də, Azərbaycan öz siyasətini həm hərbi, həm də digər formalarda elə aparmalıdır ki, müəyyən bir zəmanət şəraiti yaratsın. Məsələn, Şuşa Bəyannaməsi bu məsələdə təhlükəsizlik sisteminin bir elementidir. Amma əgər sülh sazişi imzalansa və 1 aydan sonra paşinyanın yerinə başqa biri gəlib desə ki, yox, mən o sazişə riayət etmirəm, bu, təbii ki, siyasi cəhətdən Ermənistan üçün asan məsələ olmayacaq. Çünki hər bir saziş imzalanandan sonra müəyyən bir müddət gözlənilir, sonra icra olunur.

Təcrübə bunu göstərir. Məsələn, 1994-cü ildə Rusiya, Ukrayna, Böyük Britaniya və ABŞ Budapeşt Memorandumunu imzaladılar və 20 ildən sonra Rusiya bu memoranduma əməl etməyərək Krımı işğal etdi. Yəni tarixdə belə şeylər olur.

Azərbaycan hökumətinin siyasəti ondan ibarətdir ki, yalnız hərbi potensialımızı gücləndirməliyik. Açığı, gözləmirəm ki, yaxın zamanlarda Ermənistan Azərbaycana qarşı hər hansı hərbi hərəkət etsin. Amma bu o demək deyil ki, sakit oturmalıyıq. Fikirləşməliyik ki, 20-30 ildə nə baş verə bilər. Odur ki, hərbi quruculuğumuzda, dövlətçiliyimizin inkişafında müvafiq addımlar atmalıyıq.

- Ermənistanda müxalifətin hakimiyyətə gəlmə ehtimalını necə qiymətləndirirsiniz? Bu, mümkündürmü?

- Hələ ki bunu görmürəm. Çünki onların yetərli qüvvəsi yoxdur.

Hərdən bu aksiyaları 2018-ci ilin aksiyaları ilə müqayisə edirlər, Paşinyanın küçə iğtişaşları ilə hakimiyyətə gəlişini xatırladırlar. Ermənistanda bu səpkili aksiyalar və onların nəticəsində genişmiqyaslı çevirilişlər olub. Məsələn, 1998-də Robert Koçaryan Levon Ter-Petrosyanı devirərək hakimiyyətə gəldi. Amma indiki məqamda buna inanmıram. Çünki heç kim Paşinyanı Ter-Petrosyan kimi hakimiyyəti tərk etməyə vadar edə bilməz.

- Bəs hərbi çevriliş olarsa?

- Bu ehtimal da yoxdur. Lakin orduda Paşinyanı sevməyənlər çoxdur. Onsuz da Kəlbəcərdə baş verən təxribatlar Paşinyanın işi deyil. Bunu müxalif qüvvələr – Koçaryan və Sarkisyan tandeminin adamları törədirlər.

Yaxşı, tutaq ki, bunlar sabah istər hərbi, istərsə də digər yollarla çevriliş etdilər və Paşinyanı devirdilər. Bəs əhali bunları qəbul edəcəkmi? Kütlə dəstəyi, elektoratı olacaqmı? Bu da sual altındadır. Yəni hərbi çevriliş variantının da baş tutmasına inanmıram.

Lakin yadınızdadırsa,1999-cu ildə parlamentin gülləbaran edilməsi hadisəsi baş verdi və Ermənistan Milli Məclisinin spikeri Karen Dəmirçyanla Baş nazir Vazgen Sarkisyan öldürüldü. Belə şeyləri təbii ki, istisna etmək olmaz. Bunun olması mümkündür.

- Siz əhalinin Sarkisyan və Koçaryan komandasını sevmədiyini də vurğuladınız. Əgər onlar hakimiyyətə gələrlərsə, bu zaman Ermənistanda vətəndaş müharibəsi ola bilər?

- Əgər onlar çevrilişlə hakimiyyətə gəlsələr və qeyd etdiyim kimi, xalqın da onlara nifrət etməsini buraya qatsaq, bəli, ölkədə vətəndaş müharibəsi ola bilər.(yenisabah.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top