“Mübariz Mənsimovun niyyəti qaranlıqdır” — Partiya sədri iş adamını “TOPA TUTDU”

GÜNDƏM 13 may 2022, 09:22
“Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun Azərbaycanda fəaliyyət göstərən bəzi media quruluşlarına pul paylaması ilə bağlı məlumatlar yayılıb. Mətbuatda bildirilir ki, onun adından pul paylayan şəxsin Bakının Yasamal rayonunda yerləşən “Ləvəngi” restoranında bu kimi görüşləri mütamadi hal alıb. Açığı Mübariz Mənsimovun pul paylamasında ilk baxışdan qəribə görünən məsələ yoxdur. İş adamıdır, məmur deyil. İş həyatından qazandığı pulları kiminlə istəsə bölə, kimə istəsə ianə edə, kimə istəsə yardım edə bilər. Necə ki, çoxsaylı tələbələrə, ehtiyacı olan insanlara maddi dəstək olub. Amma media quruluşlarına pul paylanması başqa məsələdir. Başqa bir ölkənin vətəndaşı, başqa bir ölkənin iş adamı acəba nə məqsədlə Azərbaycan mediasına pul paylaya bilər? Adətən media qurluşlarına siyasi ambisiyası, siyasi niyyəti və siyasi planları olan şəxslər pul paylayıb. Öz piarını qurmaq, hədəflərini “vurdurmaq” üçün… Burada Mübariz Mənsimovun niyyəti olduqca qaranlıqdır”.

Demokrat.az xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

Partiya sədri qeyd edib ki, təəccüblü məsələ pul paylanılması üçün seçilən restorandır: “Bakıda minlərlə restoran olduğu halda, əslən cənub bölgəsindən olan hacı Allahşükür Paşazadənin “çətiri altında” olan restoranın həmin bölgədən olan Mübariz Mənsimov tərəfindən seçilməsi də məsələnin qəribə tərəfidir. Hesab edirəm ki, olduqca da şübhəli tərəf məhz budur. Niyə məhz “Ləvəngi” restoranı? Olmaya bu da bir mesajdır? Bəlkə hörmətli Mübariz Mənsimov bu restoranı seçməklə öz gizli müttəfiqinin də kimliyinin mesajını verib? Hər halda gizlin fəaliyyətini “Ləvəngi” restoranında qurmuş şəxs, demək ki, burada özünü güvənli hiss etdiyindən bu məkanı seçib. Elə isə bu güvənin mənbəyi nədir? Ortada çoxsaylı suallar var. Hansı ki, bu suallara cavab verəsi şəxs də məhz Allahşükür Paşazadə olmalıdır!”
 
Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top