Gövhər Həsənzadə: “Həmin mahnı heç Avropa tamaşaçısı tərəfindən də bəyənilməyəcək”

İNCƏSƏNƏT 11 may 2022, 12:37
Növbəti yarımfinalı sabah, final mərhələsi isə 14 mayda İtaliyanın Turin şəhərində keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizi “Fade to black” mahnısı ilə Nadir Rüstəmli təmsil edir.

Mahnı barədə fikirlər birmənalı deyil. Bəyənənlərlə yanaşı, tənqid edənlər də var. Ölkəmizin Avroviziyada ilk çıxışı 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə dueti ilə baş tutdu. 

Avropanın ən güclü 10 mahnısı arasında yer alan “Day after day” mahnısının bəstəkarı Gövhər Həsənzadə builki müsabiqə barədə fikirlərini Demokrat.az-la bölüşüb. O qeyd edib ki, Azərbaycan musiqisi dünya musiqi mədəniyyətinin əsas hissəsidir:



“Azərbaycan tamaşaçısı əsrlərlə dünyanın ən zövqlü və tələbkar tamaşaçısı olub. Bunu təkcə azərbaycanlı olduğuma görə yox, həm də peşəkar kimi deyirəm. Dünya klassik musiqisində Fikrət Əmirovun “Min bir gecə” baletinin tayı-bərabəri hələ də yoxdur. “Qaya” ansamblı 60-cı illərdə- Sovetlər vaxtında Amerikada festivala qoşulanda, oranın ən məşhur cazmeni saksafonçu Lee Konitz demişdi ki, əgər mən özüm qaradərili, amerikan musiqiçisi, cazmeni olmasaydım, düşünərdim ki, cazın vətəni bu insanların, bu qrupun gəldiyi Azərbaycandır. Dünyada Vaqif Mustafazadənin təkrarı yoxdur.”

Dəyərli bəstəkarımız bu müsabiqədə uğur qazanmaq üçün Avropa musiqisi tərzində mahnı seçməyi doğru addım hesab etmir: 



“Azərbaycan bəstəkarının, Azərbaycan yaradıcı insanının “Avroviziya” səhnəsinə çıxartdığı musiqi materialı heç vaxt hansısa bir müasir Avropa bəstəkarının yazdığı mahnıdan, musiqidən zəif ola bilməz. Nə qədər ki bizim Azərbaycan tamaşaçısı həmin mahnını “Avroviziya” səhnəsini fəth edəcək qədər bəyənməyəcək, həmin mahnı heç Avropa tamaşaçısı tərəfindən də bəyənilməyəcək. Avropa tamaşaçısı öz musiqisini 24 saat efirlərindən eşidir. Onun üçün Avropa musiqisi yenilik sayılmayacaq, ona bizim öz musiqimiz maraqlı olacaq. Ora Azərbaycanın öz musiqisini apararaq, Azərbaycanın səviyyəsini göstərmək lazımdır. Bunu nə qədər ki etməyəcəyik, qalan söhbətlər boş olacaq. Performans, nə bilim nə! İngilis terminləri lazım deyil. Niyə mənim bəstəm olan mahnı daha çox sevildi?! Çünki Azərbaycan məhsuludur. Mən inanmıram ki, Avropa şərt qoyub ki, mütləq mahnının bəstəkarı xarici olmalıdır. Elə şərt yoxdur. Şərait yaratsınlar, Azərbaycanda çox istedadlı gənclər var, bəstəkarlar var, düşüncələr var. Müsabiqəyə bir ay qalmış mahnı elanı vermək lazım deyil. İndi bu ilki müsabiqə gedə-gedə növbəti il üçün mahnı yığmağa başlasınlar. 



Bizə dövlətimiz, yaradıcı insanlar dəstək oldu, biz də onların etimadını doğrultduq. Mən- Gövhər Həsənzadə deyirəm, ora kim getsə bizim bəstəkarlardan, ona hər cür dəstək olmağa hazıram.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top