“Göstəricilər ötənilkindən daha yüksək olacaq” — Nazirlik rəsmisi

SOSİAL 10 may 2022, 20:32
Kənd təsərrüfatında məhsuldarlığı artırmaq təkcə ölkəmizin deyil,dünyanın bütün ölkələrinin qarışısında duran əsas məsələdir. İqlim dəyişikliyi, xüsusilə də qlobal istiləşmə, atmosfer yağıntılarının azalması kənd təsərrüfatına mənfi təsir göstərir. Torpaq və su ehtiyatlarının məhdud olması isə məhsuldarlığın qarşısını alır. Ənənəvi əkinçilikdən modern əkinçiliyə keçmək problemlərin həll olunması ilə nəticələnə bilər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Demokrat.az saytına bildirib ki, son 3 il ərzində Azərbaycanda taxılçılıqda əldə olunan orta məhsuldarlıq göstəriciləri ölkəmizin müstəqillik tarixinin ən yüksək nəticələridir:

“Taxılçılıqda hələ payızlıq əkinlər zamanı və ondan əvvəlki dövrdə fermerlərlə davamlı şəkildə maarifləndirmə işləri aparılır və xüsusilə də məhsuldarlığı artırmaq üçün avrotexniki qulluq qaydalarına düzgün riayət edilməsilə bağlı müvafiq maarifləndirmə işləri görülür. Bu il çox fermerlərimiz karbamid gübrəsindən istifadə ediblər. Havaların mövsüm normasından fərqli keçməsi, xüsusilə mart ayında yağan yağışlar taxılçılığa çox müsbət təsir edibdir.”

O həmçinin əlavə edib ki, son bir həftə ərzində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 60-a yaxın rayonun taxıl sahələrində aparılan müşahidələr göstərir ki, taxılçılıqda bu il çox yüksək məhsuldarlıq gözlənilir. Mövcud vəziyyəti dəyərləndirərək, öncədən söyləmək olar ki, taxılçılıqda bu ilin orta məhsuldarlıq göstəricilərini ötən ilkindən daha çox olacaq. 

“Baxmayaraq ki, ötən il pandemiya şəraitində fermerlərimiz üçün müəyyən məhdudiyyətlər var idi, ötən il də yüksək nəticəyə nail olduq, amma bu il o məhdudiyyətlər yoxdur, üstəlik də yağıntıların miqdarının artması fermerlərin sahələrə daha düzgün qulluq etməsi, aqrotexniki qulluq qaydalarını daha düzgün həyata keçirməsi, gübrəni normativlərə əsasən verməsi onu göstərir ki, bu il də məhsuldarlıq yüksək olacaq.”

Meyvəçilikdə  göstəricilər ürəkaçandır. Bu il məhsuldarlığın daha yüksək olacağı gözlənilir:

“Çünki ötən illər ərzində yeni salınan intensiv bağların sayı ildən-ilə artır və artıq bu il bir çox bağlar, əvvəlki illərdə- 2 il, 3 il əvvəl əkilmiş bağlar meyvəyə düşür. Bu baxımdan, bu il bir çox göstəricilər üzrə, o cümlədən gilas, alma və ixrac olunan fındıq bağları, meyvəyə düşən sahələr artdıqca, orta məhsuldarlıq göstəriciləri yüksəlir. Bu ili də aqrar sahədə yüksək məhsuldarlıqla başa vuracağımıza inanırıq. Bunun üçün nazirlik olaraq üzərimizə düşən missiyanı yerinə yetiririk və bir də təbii ki, dövlətin bu prosesə verdiyi dəstək var, bu dəstək subsidiya formasındadı. İstər intensiv bağların salınması, istərsə də, bitkiçiliyin bütün sahələri üçün ciddi şəkildə dəstək verilir.”

Ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri hesab olunan kənd təsərrüfatının inkişafı və yüksək məhsuldarlığı elə ölkə iqtisadiyyatının güclənməsi deməkdir.

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top