Nazirliyə işə düzəltməyə söz verdilər, amma... — Ər-arvaddan dəhşətli əməllər

KRİMİNAL 10 may 2022, 13:58
Abşeron rayonunda Vəli və onun həyat yoldaşı Ülviyyə Nazimə adlı şəxsə qarşı dələduzluq etməkdə təqsirli bilinib.
 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vəli arvadı ilə birlikdə Nazimin etibarından sui-istifadə edib, onu Ekologiya Nazirliyində audit vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd veriblər. 

Onlar Nazimin 21 aprel 2019-cu ildə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 18 nömrəli binanın qarşısında 5000 manat, aprelin 23-də Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində “Mətanət-A” şirkətinin qarşısındakı piyada keçidinin yanında 2000 manat və aprelin 29-da Sumqayıt-Bakı avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində “Megastore” adlı marketin qarşısında 1500 manatını alıblar. 

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib. 

Onların barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ülviyyə onun arvadıdır, sonuncu ilə 2006-cı ildən rəsmi olaraq ailə həyatı qurub: “Həmin evlilikdən 16 yaşlı qız övladımız və 13 yaşlı oğlan övladımız var. Təxminən 2 il olar ki, Ülviyyə ilə faktiki olaraq ayırılmışıq, uşaqlarımız isə Ülviyyə ilə yaşayır. Tofiq isə hərbi xidmətdə olarkən komandirim olub və həmin vaxtdan onunla münasibətlərimız yaranıb. Tofiq arvadım Ülviyyəni də mənim vasitəm ilə tanıyıb. Tofiqlə də münasibətlərimiz yaxşı olub, ədavət və düşmənçiliyimiz olmayıb”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin aprelində Tofiq ona zəng edib, bir nəfər tanışının ali təhsili olduğu üçün həmin şəxsi işə düzəltməkdə hər hansı köməklik edə biləcəyini soruşub: “Tofiqə bir nəfər tanışının olduğunu Ülviyyədən öyrənib, ona məlumat verəcəyimi dedim. Sonra bu barədə arvadıma bildirdim. Arvadım tanışının olduğunu, həmin işi həll edəcəyini söylədi. Ülviyyənin sözlərini Tofiqə çatdırdım. Sonra Tofiqlə Sumqayıt şəhəri aviakassanın yanı deyilən ərazidə görüşdük. Həmin vaxt arvadım idarə etdiyim “Mercedes Benz C klass” markalı avtomobildə qaldı. Tofiq isə məni bayırda Nazimlə tanış etdi. Həmin vaxt Nazim nazirlikdən birində işləmək istədiyini bildirdi. Bu barədə arvadım ilə söhbət edib, ona  məlumat verəcəyimi dedim. Sonra Nazimin anket məlumatlarını “sivi” formasında ondan götürdüm və Ülviyyəyə verdim”.

Vəli qeyd edib ki, təxminən 3-4 gün sonra Ülviyyə ona Nazimi işə düzəldə biləcəyini deyib: “Nazimə zəng etdim və bu barədə bildirdim. Həmin günü Xırdalan şəhərinə arvadım ilə gəldim. Orada Nazimin yaşadığı binanın qarşısında onunla və anası ilə görüşdük. Ülviyyədən həmin iş üçün nə qədər pul verməli olacaqlarını soruşdum. Nazimdən 8500 manat pul alınmalı olduğunu dedi. Həmin məlumatı Ülviyyənin yanında Nazimə və sonuncunun anasına çatdırdım. Nazim də bizimlə razılaşdı, hazırda əlində 5000 manat pulunun olduğunu dedi. İlkin olaraq həmin pulu verəcəyini, qalan pulu isə 5-10 gün müddətində həll edəcəyini dedi. Daha sonra Nazim evə getdi və pulu götürərək aşağı yaşadığı binanın həyətinə düşdü. Orada 5000 manatı mənə verdi. Həmin pulu elə orada, hamının yanında arvadı Ülviyyəyə verdim. Ülviyyə Nazimə “narahat olma 2019-cu ilin iyul ayında işə başlayacaqsan” sözlərini dedi. Həmin gün Ülviyyə 5000 manat pulu götürərək yaşadığı evə, mən isə kirayə yaşadığım evə getdim”. 

Vəli bildirib ki, səhəri gün Ülviyyə ona həmin 5000 manat pulu Nazimin işini həll etmək üçün tanışına verəcəyini deyib: “Lakin həmin pulun Ülviyyə tərəfindən hara verildiyini və nəyə xərcəlnədiyini bilməmişəm. Aprelin 23-də Nazim mənə zəng etdi, 2000 manat pul düzəltdiyini və harada verə biləcəyini soruşdu. Sonuncu ilə həmin gün Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində “Mətanət A” şirkətinin qarşısınadakı piyada keçidinin yanında görüşdük. 2000 manat pulu alaraq Nazimin yanında Ülviyyəyə verdim. Ülviyyə yenə də mənə 2000 manat pulu Nazimin işinə görə həmin işi həll edəcəyi şəxsə verəcəyini dedi. Bu zaman Ülviyyəyə mənə də həmin işin məsələsindən pul çatacağını dedim. Ülviyyə həmin puldan yox, sonuncu alınası 1500 manat puldan 700 manat pul mənə verəcəyini dedi. Bundan sonra Ülviyyəni Xırdalan dairəsi deyilən yerdə düşürdüm və Bakı şəhərinə getdim. Ülviyyənin həmin 2000 manat pulu hara xərcləməsi barədə məlumatım olmayıb”.

Vəlinin ifadəsinə görə, 2019-cu ilin aprelin 29-da Nazim ona zəng edib və 1500 manat pulu vermək üçün harada görüşmək lazım olduğunu deyib: “Nazimə Sumqayıt-Bakı avtomobil yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində “Mega Store” adlı marketin qarşısına gəlməsini dedim. Həmin gün Nazimlə orada görüşdük. Pulu alaraq Nazimin yanında Ülviyyəyə verdim. Bundan sonra Ülviyyə həmin 1500 manat puldan 480 manat mənə verdi. Ülviyyə mənə həmin pulu müştəri tapdığım üçün verdi. Həmin işə görə Nazimdən ümumilikdə 8500 manat pul almışam və Ülviyyəyə vermişəm”. 

Vəli bildirib ki, 2019-cu ilin avqustun 22-də Nazimə zəng edib, sağlamlıq və ailə tərkibi haqqında arayış alaraq ona verməsini bildirib: “Avqustun 24-də Xırdalan şəhərində yerləşən “Megastore” adlı marketin qarşısında Ülviyyə və Nazim görüşdük. Orada Nazim həmin sənədləri yanımda Ülviyyəyə verdi. Lakin Ülviyyə Nazimin işini düzlətmədiyi üçün hər dəfə ona müxtəlif bəhanələr deməyə başladı. 2019-cu ilin dekabrında Nazimin anası mənə zəng etdi. Dedi ki, ya pulumuzu qaytar, ya da səndən polisə şikayət edəcəm. Bundan sonra Ülviyyə ilə mübahisə etdim. Ülviyyə də mənə işi özü həll edəcəyini dedi. Bundan sonra Ülviyyə özü Nazimgillə telefon əlaqəsi saxladı. Lakin sonradan Ülviyyə həmin pulu Nazimə qaytara bilmədi. Bunun üçün Nazim bu barədə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etdi”.

Vəli 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəndə çəkməsi müəyyən edilib. 

Ülviyyənin barəsində isə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Ülviyyənin üzərinə yaşayış yerini saat 23.00-dan 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. 

Ülviyyənin cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb. Onun cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top