Politoloq: “Heç bir ölkə Azərbaycanın daxili işinə qarışa bilməz”

GÜNDƏM 10 may 2022, 13:42
İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei region ölkələri ilə bağlı növbəti qalmaqallı bəyanat verib. Bir müddət əvvəl Suriya prezidenti Bəşər Əsəd ilə görüşündə bəzi qonşu ölkələrin rəhbərlərini İsrail ilə yaxın münasibətlər qurmaqda günahlandırıb. Digər önəmli məqam isə İran parlamentinin spikeri Məhəmmədbaqir Qalibafın Azərbaycana səfəri öncəsi belə bir bəyanatın səsləndirməsi ölkə daxilində siyasi gedişlərin haçalanmasına dəlalət edir.

İranın dini və siyasi rəsmilərinin bu kimi təzadlı addımlar atmaqda əsas məqsədləri barədə Demokrat.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Azərbaycan İrana qarşı dost və mehriban qonşuluq münasibəti bəsləsə də, İran hər zaman əksini nümayiş etdirib:



“Ümumiyyətlə, Fələstin məsələsi İranın əlində kartdır. İran illərdir ki, özünü Fələstinin dərdinə yanan, düşünən bir ölkə kimi özünü göstərir. İsraillə münasibətdə olan müsəlman ölkələrində qınaq obyektinə tənqid obyektinə çevrilir. İstər İranın Ali dini lideri olsun, istərsə spikeri olsun. Sual vermək lazımdır ki, onlara sizinlə sərhəddə olan və müsəlman torpağı olan Qarabağ 30 ilə yaxın işğal altında idi. O Ermənistan ki, Azərbaycan torpaqlarını işğal etmişdi, 30 il ərzində torpaqlarımızın 20 faizini işğal altında saxlayaraq İslam dinini, məscidləri təhqir etmiş, darmadağın etmişdi. İran həmin Ermənistana böyük dəstək göstərib və bu gün də göstərməkdə davam edir. İran İslam dinini təhqir edən Ermənistanı özünə çox yaxın dövlət hesab edir. Lakin Qarabağ da Fələstin kimi müsəlman torpağı idi. Onu niyə müdafiə etmədiniz? Niyə dəstək vermədiniz? Niyə onun elə keşiyində qalmadınız? Təbii ki, bu riyakarlıqdır, ikiüzlülükdür. İran desin ki, mənim maraqlarıma Fələstin cavab verir, Qarabağ cavab vermir. Bu, başqa məsələ. Ona görə də, İranın Fələstin kartından istifadə etmək ikrah hissi doğurur”. 

Politoloq hesab edir ki, İran da bu qərəzli mövqeyindən əl çəkməli, Azərbaycanla normal dostluq münasibətləri qurmalıdır, çünki bu həm İran, həm də bütün region üçün faydalı ola bilər: “Fikrimcə, Azərbaycan İranın bu hücumlarına adekvat cavab verməlidir. Azərbaycan kimlə əlaqə qurursa, bu onun öz daxili işidir və heç bir başqa ölkə Azərbaycanın daxili işinə qarışa bilməz, həmçinin də İran. Bu yöndə də artıq İran yetkilirənə cavab verilməlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top