Deputat: “9 May - faşizm üzərində tək Rusiyanın qələbəsi demək deyil”

GÜNDƏM 09 may 2022, 16:50
“Məlum məsələdir ki, II Dünya Müharibəsində əldə olunan qələbə bütün SSRİ məkanında olan və onu dəstəkləyən dövlətlərin birmənalı şəkildə faşizm üzərində qələbəsi deməkdir. Heç kim bu qələbəni tək üzərinə yaza bilməz ki, bu mənim tək qələbəmdir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Millət vəkili bu savaşda soydaşlarımızın şücaətindən danışaraq bunları deyib: 

“Unutmaq olmaz ki, tək Azərbaycandan 600 mindən çox insan SSRİ vətəndaşı olaraq, bu müharibəyə gedib. Onlardan 300 mindən çoxu qəhrəmancasına həlak olub. Azərbaycanlılardan ibarət 4 böyük diviziya həmin müharibədə vuruşub, 130-dan çox Sovet İttifaqı Qəhrəmanımız var. Onlardan 43-ü milliyyətcə azərbaycanlılardı. Azərbaycan neftinin hesabına təyyarələr, digər nəqliyyat vasitələri hərəkət ediblər. Biz bu müharibədə qəhrəmancasına həlak olmuş bütün vətəndaşlarımızın ruhu qarşısında baş əyirik”. 

“Bu gün Rusiya-Ukrayna müharibəsi istiqamətində bir sıra problemlər yaranıb və məlum məsələdir ki, Rusiya nə qədər çalışsa da, qalib gələ bilmədi. Lakin hansısa paradı özü özü üçün qeyd edə bilər. Burada heç bir başqa ölkə iştirak etməyib” – deyə A.Nağıyev qeyd edib.

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top