“İşə götürülən gənclərin könüllü fəaliyyəti mütləq nəzərə alınmalıdır”

MÜSAHİBƏ 04 may 2022, 17:05
“Bir çox ölkələrdə gənc işə qəbul olunarkən onun könüllü fəaliyyəti xüsusi olaraq nəzərə alınır. Sosial sahələrdə işə götürülərkən gəncin sənədində, şəxsi işində könüllü fəaliyyətin davamlılığı və növləri mütləq qeyd edilir. Könüllü fəaliyyət təqdirəlayiq və praktiki təcrübə kimi nəzərdən keçirilir. Ölkəmizdə də işə götürülən gənclərin könüllü fəaliyyəti mütləq nəzərə alınmalıdır. Xüsusilə, sosial sahələrə işə götürülən gənclərin könüllü fəaliyyəti mütləq olmalıdır və bu  işə qəbul zamanı daha çox nəzərə alınmalıdır”.   

Bunu Modern.az-a müsahibəsində qeyri-hökumət təşkilatları üzrə ekspert Emil Seyidəliyev deyib.

Həmin müsahibəni təqdim edirik:

- Hörmətli Emil müəllim, ilk əvvəl sizdən könüllü və könüllülük haqqında məlumat verməyinizi xahiş edərdim. Çox vaxt insanlar bu fəaliyyətlərin məqsədinin eyni olduğunu düşünürlər, bu haqda nə deyə bilərsiniz?

- İlk olaraq onu qeyd edim ki, “könüllü” latın mənşəli, fransız sözü olan “volontaire” kəlməsindəndir və əsasən XVIII-XIX əsrlərdə Avropada şəxsi istəyi ilə hərbi xidmətə gedənləri belə adlandırırdılar. XX əsrə qədər bu söz yalnız hərbi kontekstdə istifadə olunurdu. Birinci Dünya Müharibəsindən sonra isə könüllü sözü sosial fenomen kimi formalaşmağa başladı. “Könüllü”-yaşından, cinsindən, irqindən və dini mənsubiyyətindən asılı olmayaraq öz istəyi ilə təmənnasız fəaliyyət ilə məşğul olan şəxsdir. “Könüllülük” isə cəmiyyətdə sosial, mədəni, iqtisadi, ekoloji və digər problemlərin həllinə yönəlmiş ictimai faydalı fəaliyyətdir.

Yeni dövrün könüllü hərəkatının formalaşması cənab Prezidentimizin adı ilə bağlıdır. Məhz onun təşəbbüs və tövsiyəsi ilə ilk olaraq könüllülük “Asan Xidmət”də olmaqla, dövlət və hökumət strukturlarında formalaşdırılmağa başlandı. Bu təşəbbüs Azərbaycanda könüllü hərəkatın yayılmasına və geniş vüsət almasına səbəb oldu. Bu gün könüllü fəaliyyət, demək olar ki, bütün hökumət qurumlarında formalaşıb. Hətta, QHT-də də bu fəaliyyət növünə diqqət daha da artırılıb.

- Könüllü fəaliyyətin mahiyyəti və təşkili haqqında nə deyə bilərsiniz?

- Könüllü fəaliyyət əhalinin həssas qruplarından olan insanlara, yəni əlillər, qocalar, xroniki xəstələr, kimsəsiz uşaqlar və sairə kimi qruplara göstərilən fiziki və mənəvi yardım, cəmiyyətdə maarifləndirmə işinin aparılması, vətəndaş fəallığının artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, ətraf mühitin qorunması məqsədilə həyata keçirilən layihə və tədbirlərdə göstərilən təmənnasız xidmətdir. Könüllü fəaliyyət, bu fəaliyyəti həyata keçirən könüllülərin iştirakı ilə hökumət, yəni dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanları və ya qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilir.

- Könüllü fəaliyyət hansı formalarda həyata keçirilə bilər?

- Könüllü fəaiyyət təşkil olunmuş və ya təşkil olunmamaış, fərdi və ya qrup halında həyata keçirilə bilər. Təşkil olunmuş könüllülük, hökumət və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən layihələr çərçivəsində sistemli və planlı şəkildə həyata keçirilir. Təşkil olunmamış könüllülük isə tanıdığımız və ya tanımadığımız şəxslərə təbii fəlakətlər, təsadüfi baş vermiş hadisələr və sairə kimi vəziyyətlərdə insanlara göstərilən spontan və ya epizodik könüllü yardımdır. Fərdi könüllülük isə adındanda göründüyü kimi fərdi şəkildə kimsəsiz uşaqlara, müharibə veteranlarına və sairə kimi insanlara göstərilən qeyri-maddi yardım, qeyri-hökumət və ya digər strukturlarda həyata keçirilən fərdi könüllülük xidmətidir.  Və bir də asudə vaxtın təşkili, mədəni irsin qorunması, ətraf mühitin mühafizəsi məqsədilə keçirilən kütləvi tədbirlərdə, festivallarda, aksiyalarda, ağac əkinində həyata keçirilən könüllülük xidmətidir ki, buna da qrup halında könüllülük deyilir.

- Bildiyimiz kimi, könüllü olmaq istəyi gənc insanlarda daha çox nəzərə çarpır. Bu nə ilə əlaqədardır?

- Əslində, qanunvericiliklə müəyyən olunmuş qaydalar şərçivəsində yaşından, irqindən, cinsindən və dini mənsubiyyətindən asılı olmayaraq sosial rifah naminə təmannasız çalışmaq istəyən hər kəs könüllü ola bilər. İnsanlar düşünürlər ki, könüllü fəaliyyət ilə yalnız kifayət qədər boş vaxtı olan, məktəbdə və universitetdə təhsil alan və ya məzun olan şəxslər məşğul olurlar. Bu əsla belə deyil, uşaqlar, gənclər, böyüklər hətta təqaüdçillər də könüllü ola bilərlər. Bundan əlavə, istənilən sahədə ixtisaslaşmış mütəxəssislər, peşəkarlar da asudə vaxtlarında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. O ki qaldı bu sahədə gənclərin daha çox olmasına, bu onunla əlaqədardır ki, könüllü fəaliyyət daimi iş əldə etmək üçün tramplin və birbaşa yol hesab edilir. Gənclərin könüllü fəaliyyət ərzində əldə etdiyi təcrübə, bilik və bacarıqlar gələcəkdə onun peşəkar kimi formalaşmasına kömək edir. Bir çox ölkələrdə gənc işə qəbul olunarkən onun könüllü fəaliyyəti xüsusi olaraq nəzərə alınır. Sosial sahələrdə işə götürülərkən gəncin sənədində, şəxsi işində könüllü fəaliyyətin davamlılığı və növləri mütləq qeyd edilir. Könüllü fəaliyyət müsbət və praktiki təcrübə kimi nəzərdən keçirilir. Ölkəmizdə də işə götürülən gənclərin könüllü fəaliyyəti mütləq nəzərə alınmalıdır. Xüsusilə, sosial sahələrə işə götürülən gənclərin könüllü fəaliyyəti mütləq olmalıdır və bu  işə qəbul zamanı daha çox nəzərə alınmalıdır.

- Son olaraq gənclərə nə tövsiyə edərdiniz?

- Gənclərə tövsiyəm odur ki, maraq dairələrinin genişlənməsində, problemlərin həll yollarının öyrənilməsində, şəxsi bilik, bacarıq və təcrübələrini tətbiq etməkdə, peşəkar bilik, bacarıq və vərdişlərə yiyələnməsində, əməkdaşlıq və dostluq münasibətlərinin qurulmasında, müxtəlif mədəniyyətlərin öyrənilmə imkanlarının qazanılmasında könüllü fəaliyyətin rolu müstəsna olduğu üçün bu cür fəaliyyət növlərindən davamlı istifadə etsinlər. 

- Emil müəllim, ətraflı məlumatlar üçün Sizə təşəkkür edirik.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top