Akif Nağı: “Azərbaycan Xankəndidə gücünü bərqərar etməlidir”

GÜNDƏM 04 may 2022, 13:20
“Göründüyü kimi, Ermənistan hakimiyyəti sülh danışıqlarının aparılmasında maraqlı deyil”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Qarabağdakı erməni silahlılarının Rusiya sülhməramlılarının gözü önündə səngərlər qazdığını şərh edərkən deyib. O qeyd edib ki,iki ölkə arasında sülh dialoqu ilə bağlı Rusiya və Qərbdə görüşlər keçirilsə də, bu, sadəcə görüntü xarakteri daşıyır:

“Bununla Ermənistan görüntü yaradır ki, guya hansısa nəticələrin əldə olunmasında maraqlıdır. Ancaq hesab edirəm ki, heç bir nəticə əldə olunmayacaq. Çünki ermənilər öz himayədarları ilə bir yerdə ancaq vaxt uzatmaqla məşğuldurlar. Çalışırlar ki, hansısa yeni bir amillər ortaya çıxsın və bununla onlar ən azından istəklərinin müəyyən hissəsini həyata keçirsinlər. Lakin onlar Qarabağın dağlıq hissəsindən, yəni ermənilərin hələ də müvəqqəti yaşadıqları ərazilərlə bağlı iddialarından geri çəkilmirlər. Ermənistan rəhbərliyi dolayısı ilə deyək ki, “Arsax”ın Azərbaycanın tərkibində də qala bilər kimi eyhamlar vurur, amma Xankəndidəki quldur rejim heç bir halda Azərbaycanın tərkibinə qayıtmayacaqlarını və həmin əraziləri özlərində saxlamaq istədiklərini bildirirlər. Bilirsiniz ki, Kəlbəcər istiqamətində hər gün atəşkəs pozulur və müxtəlif istiqamətlərdə səngərlər qazılır. Sülhməramlılar da bunlara tam şərait yaradır və görməməzliyə vururlar. Bununla da, aydın olur ki, onların həm Rusiyada, həm də Qərbdə himayədarları var”.

Akif Nağı qeyd edib ki, Azərbaycan istənilən halda tam ərazi bütövlüyünü bərpa etmək üçün yeni hərbi əməliyyatlara hazır olmaldır:

“Bunun adı anti-terror əməliyyatı, yaxud lokal əməliyyat da ola bilər. Yəni, bunun adı hansısa yumşaq təzyiq vasitəsi də ola bilər. Bilirsiniz ki, Fərrux yüksəkliyinə Azərbaycan yumşaq təzyiq formasında daxil oldu və ermənilər heç bir müqavimət göstərə bilmədilər. Yəni, o istiqamətdə hərbi əməliyyatlar istənilən formada ölçüb-biçilməlidir. Azərbaycana ordusu artıq Xankəndinə girməli və orada oturmalıdır. Xankəndidə Azərbaycan bayrağı dalğalanmalıdır. Ondan sonra onların dediyi delimitasiya, sülh müqaviləsi olmalıdır. Çünki növbəti 30 il danışıqları üçün Azərbaycanın nə səbri, nə də həvəsi var. Bu gün kifayət qədər güclü mütəffiqlərimiz var. Ona görə də, Azərbaycan dediyimiz qaydada Xankəndidə artıq gücünü bərqərar etməlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top