“Ermənistan nazirlərinin sistematik şəkildə etirazları xaricdən idarə olunur” — Politoloqdan AÇIQLAMA

GÜNDƏM 30 apr 2022, 16:50
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin üç keçmiş xarici işlər naziri Raffi Ovannisyan, Vardan Oskanyan və Ara Ayvazyanın da aralarında olduğu bir qrup erməni ictimai-siyasi xadimin bəyanatına cavab verib. Ter-Petrosyanın cavabı “Aravot” qəzetində “Yazıq manifest” başlığı altında dərc olunub və o, “arsax”bəyanatı imzalayanları ələ salıb.

Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Ermənistanın daxilində çox ciddi siyasi xaos elementləri hökm sürür. Analitik qeyd edib ki, hakimiyyət qrupları  ilə müxalifət təmsilçiləri arasında davam edən siyasi qarmaqarışıqlıq, eyni zamanda müxtəlif siyasi qüvvələr arasında da davamlı xarakter alıb:

“Bütün bunlar Ermənistanda normal siyasi-iqtisadi münasibətlər sisteminin formalaşmasına əngəl olur. Bütövlükdə nəzərə almaq lazımdır ki, “Aravot” qəzetində Ter-Petrosyanın “Yazıq manifest” adlı yazısını birbaşa Nikol Paşinyanın hakimiyyətinə qarşı yönəlmiş açıqlama hesab etmək olar. Çünki, Ara Ayvazyan çox qısa müddət də olsa, Nikol Paşinyanın xarici işlər naziri kimi fəaliyyət göstərib və üçlü bəyanatının əsas təşəbbüskarlardan biri olub.



Bu baxımdan düşünürəm ki, Vardan Oskanyandan və Raffi Ovannisyandan fərqli olaraq, əslində mesajın bir tərəfdən gəldiyi məsələsi aydın və konkret ortadadır. Bütövlükdə, düşünürəm ki, hazırda Ermənistan daxilində Nikol Paşinyana qarşı həm onun hakimiyyətindən təmsil olunan keçmiş nazirlərin, həm də hakimiyyətdə təmsil olunan nazirlərin davamlı və sistematik şəkildə etirazları xaricdən idarə olunur. Levon Ter-Petrosyanm nə qədər Nikol Paşinyanla arasında uçurumlar formalaşsa da, hazırda Ermənistan daxilindəki etirazların Rusiyadan idarə olunduğu yaxşı başa düşülür. Yəni, bu bir növ xarici güclərin Nikol Paşinyana təzyiq və təsir elementi rolunu oynayır. Bu baxımdan da, Ter-Petrosyan bu məsələdə hədəfin Nikol Pşainyan yox, Ermənistanın gələcək köləlik və iqtisadi-siyasi asılılığının daha da dərinləşməsi olduğunu başa düşdüyünə görə Paşinyanı müdafiə eləməsə də, onun əleyhinə çıxılan, eyni zamanda Petrosyanın da adı çəkilən bəyanatlara cavab verir. Mən düşünürəm ki, hətta yaxın günlərdə Ter-Petrosyan Paşinyanı açıq şəkildə müdafiə edə də bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top