Əri tərəfindən döyülən qadın əvvəlcə onu polisə verdi, sonra isə bağışladı — Təfərrüat

KRİMİNAL 29 apr 2022, 10:14
Bakının Yasamal rayonunda 1988-ci il təvəllüdlü Sərdar şəxsi münasibətlər zəminində arvadı Naidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 17-də, səhər saat 09.00-fa rayonun H.Zərdabi küçəsində baş verib. 

Sərdar həmin ünvanda yerləşən yaşadığı evinin dəhlizində arvadı Naidəyə azyaşlı övladlarını sakitləşdirməsi tələbinə iradını bildirib. 

Bu səbəbdən onların aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı Sərdar Naidənin boyun nahiyəsindən əli ilə vurub. Qadın bu zaman xəsarət alıb. 

Bundan sonra Naidə ərinin barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. 

Şikayət əsasında Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.  Cinayət işi hakim Murad Məmmədovun sədrliyi ilə araşdırılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. 

Məhkəmədə ifadə verən zərərçəkmiş də əri ilə barışdığını, ondan şikayətçi olmadığını deyib. 

Bundan sonra hakim hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınıb. 

Sərdarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top