Deputat: “Bu gün Azərbaycan Ordusu bölgədə ən güclü ordudur”

GÜNDƏM 15 apr 2022, 11:00
“Tam əminliklə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri nizami ordunun yaradılması idi. Məhz Ulu Öndərin müstəsna fəaliyyəti nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparıldı. Aparılmış islahatlar nəticəsində  Azərbaycan Silahlı Qüvvələrini özünümüdafiə dəstələrindən beynəlxalq standartlara cavab verən, vahid komandanlıqdan idarə olunan qüdrətli hərbi struktura çevirdi. Orduda vəziyyət köklü surətdə dəyişdi”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat qeyd edib ki, Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı əsasında Silahlı Qüvvələrimizin nümayəndələri NATO-nun hərbi məktəbləri, kollecləri və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropada təhlükəsizlik sahəsində əməkdaşlıq, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirakı Milli Ordumuzun peşəkarlığını daha da artırıb:

“Ümummilli Liderin ideyalarını layiqincə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev ordu quruculuğu prosesini daha da sürətləndirdi. Ordunun güclənməsi üçün lazım olan bütün imkanlardan səmərəli istifadə olundu. Möhtərəm prezidentimiz də mütəmadi olaraq cəbhə bölgələrində dayanan əsgərlərlə səngərlərdə görüşür, Azərbaycan Ordusunun hansı səviyyədə olmasını şəxsən müşahidə edir.



Milli Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi də ciddi nəzarətdə saxlanılır. Möhtərəm prezidentimizin rəhbərliyi altında Azərbaycanın hərbi potensialının gücləndirilməsi, beynəlxalq standartlara cavab verən müasir ordunun yaranması və Milli Ordumuzun daha da qüdrətlənməsi üçün xeyli iş görülüb”.

“Bütün bu görülən islahatların nəticəsində ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadir oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun beynəlxalq standartlar, xüsusilə NATO səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğunun, peşəkarlığın daha da artırılması üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə həyata keçirilir. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, vətənin müdafiəsinə daim hazır vəziyyətdə olan yüksək nizam-intizama malik bir ordudur. Bu gün Azərbaycan Ordusu sözün həqiqi mənasında bölgədə ən güclü ordudur. Güclü ordu güclü dövlət deməkdir. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordu olduğunu 44 günlük vətən müharibəsi zamanı sübut etdi”,- deyə millət vəkili qeyd edib.
 
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top