Politoloq: “Növbəti illərdə sülh müqaviləsi mümkündür”

GÜNDƏM 12 apr 2022, 13:14
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu, Avropa İttifaqı vasitəsilə Brüsseldə keçirilən Azərbaycan-Ermənistan görüşündən sonra tərəflərin ümumi razılaşmaya əməl etməyə planlaşdırdığını göstərir. Politoloq qeyd edib ki, Rusiyanın provokasiyalarına baxmayaraq, Yerevan də konkret olaraq siyasi iradə göstərmək niyyətindədir: “Təbii ki, iki dövlətin xarici işlər nazirlərinin birbaşa telefon danışıqları irəliliyə doğru atılmış addımdır. Göründüyü kimi, Avropa İttifaqının vasitəçiliyi səmərə verir. Bilirik ki, bu müddət ərzində Rusiyanın vasitəçiliyi ilə demək olar ki, proses uzanırdı və hər hansı müsbət nəticə əldə olunmayıb”.

M.Əsədullazadə Avropa İttifaqının da Ermənistana müəyyən təsirləri olduğunu vurğuladı: “Çünki Avropa İttifaqı Ermənistana pul ayırmağı planlaşdırır. Ermənistan da Avropa İttifaqının şərtlərini məcbur olub sonda qəbul edəcək”.
 
Politoloq onu da əlavə etdi ki, birbaşa təmaslar həm də regionda sülh müqaviləsinin bağlanmasına gətirə bilər: “Bu da region üçün sülh və təhlükəsizliyin təmini deməkdir. Təbii ki, bütün proseslər Ermənistandan asılıdır. Və Ermənistan praqmatik siyasət ortaya qoyacaqsa, sülh mümkün olacaq. Hesab edirəm ki, Avropa İttifaqı  prosesin müsbt istiqamətdə aparılmasına töhfə verir. Qeyd edim ki, ilk növbədə Azərbaycanın da əvvəl dediyi kimi, üçüncü tərəf olmadan tərəflər arasında təmas lazımdır. Birgə komissiya yalnız ikitərəfli ola bilər. Görünən odur ki, Ermənistan da, Avropa İttifaqı da bunu qəbul edib. Hesab edirəm ki, Rusiya prosesə sabotaj etməsə, növbəti illərdə sülh müqaviləsi mümkündür”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top