Tural Abbaslı: “Qarabağda hər şey həll olunub”

GÜNDƏM 11 apr 2022, 12:54
“Son zamanlar Qarabağda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə blok postunun sayının artırıldığını müşahidə edirik. Bunun sayının artırılması xoş və qəbul olunan deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ partiya sədri Tural Abbaslı deyib.

Partiya sədri əlavə edib ki, ilkin razılaşmadan sonra yerləşmə üçün müəyyən say müəyyələşmişdi, ancaq görünən odur ki, ruslar bəyannamənin şərtlərinə əməl etmirlər:

“Bilirsiniz ki, rusların və azərbaycanlıların duracağı post müəyyənləşmişdi. Lakin ruslar bu razılıqlara əməl etmirlər. Hətta, ondan sonra erməni hərbi birləşmələrinin də postları yaradıldı. Halbuki, bu, ümumiyyətlə qəbuledilməz idi. Çünki orada 4-cü bəndində erməni silahlıların həmin ərazilərdən birmənalı olaraq çıxarılması barədə razılıq var idi, yəni, rus qoşunlarının yerləşməsi ilə bərabər. Amma görünən odur ki, ruslar ermənilərin silahlı birləşmələrinin oradan çıxmasından narahatdırlar. Ona görə də, özləri əlavə postlar qururlar ki, həm Azərbaycan ordusunun legitim, haqlı fəaliyyətini məhdudlaşdırsınlar, həm də orada qeyri-qanuni silahlı olan ermənilərə mesaj versinlər ki, biz sizin yanınızdayıq, buranı tərk etməyin. Fikrimcə, Azərbaycan bununla bağlı kəskin, konkret mövqeyini ortaya qoymalıdır, həm də Türkiyəni yanına alaraq. Rusiyaya izah olunmalıdır ki, bu addımlar heç də Rusiyanın xeyrinə deyil. Onsuz da Qarabağda hər şey həll olunub. Bunun qarşısını almağa cəhd etmək Rusiyanın Azərbaycan və Türkiyə kimi ölkələrlə də münasibətlərini daha da pis vəziyyətə qoyacaq. Zatən ruslar dünyada təklənmiş vəziyyətdədirlər”.

T.Abbaslı qeyd edib ki, biz hər hansı bir addım atmadıqca, ruslar belə fəaliyyətlərini daha da genişləndirəcəklər:

“Çünki ruslar regionda daimi qalmaq istəyirlər. Daimi qalmaq üçün də Azərbaycan ərazisində konflikt qalmalıdır və erməni silahlı birləşmələr orada olmalıdır. Guya ki, rus qoşunları da bizim aramızda sülhü bərpa etməyə çalışır. Ona görə də, biz daha konkret addımlar atmalıyıq, qətiyyətli olmalıyıq. Ümumiyyətlə, rus qoşunlarının artıq Azərbaycanda qalmaq məsələrini də qaldırmaq lazımdır. Çünki Ukraynaya hücumla Rusiya sübut etdi ki, heç bir beynəlxalq hüququ tanımır. Heç bir qayda-qanun tanımır və sabah Ukraynanın başına gətirdiyi hadisələri Azərbaycanın da başına gətirməyə çalışa bilər. Düzdür, Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Hər halda sual yaranır. Dünyada təcrid olunmuş, təklənmiş, hətta incəsənət xadimləri və idmançıları belə beynəlxalq yarışlardan uzaqlaşdırılmış bir ölkə necə gəlib başqa ölkənin ərazisində sülh yarada bilər? Odur ki, biz rusların vaxtindən əvvəl Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməliyik”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top