“Azərbaycanda dövlət medianın inkişafı, peşəkarlaşması üçün öz dəstəyini göstərir”

MEDİA 10 apr 2022, 19:15
 Yazı Medianın İnkişafı Agentliyinin layihəsi çərçivəsində hazırlanmışdır

Demokratiyanın əsas göstəriciləri söz və məlumat azadlığıdır. Çünki bu prinsiplər dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. 


Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Bildiyimiz kimi, fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Bəs son illər ölkəmizdə bu sahədə hansı mmüsbət addımlar atılıb?

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Demokrat.az-a açıqlamasında vurğulayıb ki, hər hansı bir ölkədə söz və ifadə azadlığının vəziyyətini dəyərləndirmək üçün meyar olaraq bir neçə amillərə diqqət yetirilir. Ekpert qeyd edib ki, bu amillərdən ilk növbədə dayananı ölkədə media mühitinin normal olmasıdır: 

“Media mühiti deyəndə media üçün normal qanunvericilik bazasının olması, medianın normal maliyyə-iqtisadi mənbələrinin formalaşması, bu sahə üçün təhlükəsizlik mühitinin olması, eyni zamanda etik standartlara bağlılıq məsələsi əsas amil kimi götürülür. Bu baxımdan, dəyərləndirmə aparsaq deyə bilərik ki,  Azərbaycanda media üçün çox mükəmməl bir qanunvericilik bazası hazırlanıb. Beləliklə, media üzərində hər hansı dövlət tənzimləyici orqanı yoxdur. Əlavə olaraq, medianın sərbəst fəaliyyət göstərməsi üçün çox mükəmməl qanun var idi, indi də yeni “Media haqqında“ Qanun da işlənib hazırlanıb“. 

M.Ələsgərli qeyd edib ki, yeni media qanunu Azərbaycanda nəinki medianın azad, sərbəst  fəaliyyətini təsbit edir, eyni zamanda medianı kənar təhdidlərdən qoruya biləcək bir status yaradır: 

“Yeni qanunvericilikdə jurnalistin statusu, onun hüquqları, söz və fikir azadlığının təmin olunması üçün çox geniş maddələr mövcuddur. Bu maddələr ölkədə söz azadlığının hüquqi bazasının demokratik olduğunu göstərir. İkinci tərəfdən isə bütün dünyada olduğu kimi Azərbaycanda da medianın müəyyən iqtisadi problemləri var. Amma məsələ ondadır ki, dövlət öz üzərinə düşən missiyanı yerinə yetirir, kütləvi informasiya vasitələrinin institutlaşması, inkişaf etməsi, peşəkarlaşması üçün özünün dəstəyini göstərir. Bu məqsədlə Azərbaycanda xüsusi konsepsiya qəbul olunub. Yəni, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası mövcuddur. Eyni zamanda, bu konsepsiyanı icra etmək üçün xüsusi agentlik yaradılıb. Təbii ki, Medianın İnkişafı Agentliyi  bunun bariz nümunəsidir. Azərbaycan yeganə ölkədir ki, burada 60-dan yuxarı KİV qurumuna müxtəlif formatlı maliyyə dəstəyi göstərilir. 

Eyni zamanda, media üçün mühüm komponentlərdən biri onun peşəkarlaşması, institutlaşmasıdır. Media Agentliyi ADA universiteti ilə birgə iki ilə yaxındır ki, media əməkdaşları üçün peşəkarlıq kursları keçirir. Bu kurslarda medianın ən müxtəlif sahələri əhatə olunur. Bu da onu göstərir ki, dövlət, onun qurumları, onların siyasəti medianın peşəkarlaşmasını, eyni zamanda medianın inkişafını dəstəkləməkdən ibarətdir”. 

Ekspertin sözlərinə görə, Azərbaycan dövləti bu sahədə də mühüm addımlar atır: 

“Bu gün bu sahədə təhlükəsizlik mühiti yüksək səviyyədədir. Çünki dövlət Azərbaycan jurnalistlərin təhlükəsizliyinin təmin olunması üçün ən yüksək səviyyədə addımlar atır, proqramlar icra edir. Təbii ki, müəyyən təhdidlərə, pozuntulara da biz rast gəlirik. Amma bunlar ümumi fonda medianın ümumi durumuna təsir göstərəcək formada deyil. Məsələnin digər tərəfi dünyada söz və ifadə azadlığının təmin olunması üçün alternativ informasiya mənbələri mühüm faktor kimi götürülür. Azərbaycanda da alternativ informasiya mənbələri kifayət qədər inkişaf edib. Xüsusi olaraq internet media, sosial media ümumilikdə alternativ informasiya mənbəyi kimi çıxış edir və Azərbaycanda informasiya təminatını yüksək səviyyədə qurulmasını həyata keçirirlər”. 

“Ümumilikdə, prosesə əsaslanıb, deyə bilərik ki, Azərbaycan da media mühitinin təkmilləşdirilməsi, inkişaf etməsi, demokratik mühitin formalaşması üçün dövlət üzərinə düşən addımları atır. Təbii ki,  bu sahədə pik nöqtədən danışa bilmərik. Problemlər də mövcuddur, müəyyən çatışmazlıqlar da var. Amma əsas nikbinlik doğuran məqam  ondan ibarətdir ki, dövlətin idarəsi normal media mühitinin yaradılmasına və media inkişafına təkan verilməsinə üzərində qurulub. Əsas olan isə bu amildir, qalan məsələlər öz həllini tapacaq” – deyə M.Ələsgərli əlavə edib.

Media eksperti, əməkdar jurnalist Azər Həsrət Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan faktiki olaraq çağdaş dövrün ən mütərəqqi qayda və qanunları çərçivəsində yaşayan və buna sadiq olan dövlətlərdən biridir: 

“Əlbəttə ki, bu sahədə qüsurlar var. Amma ümumi götürəndə nəzərə almalıyıq ki, həm müstəqilliyin qısamüddətli olması, həm də kifayət qədər sərt bir total rejimdən çıxmağımız buna təsir göstərib. Çünki Sovet İttifaqı elə bir rejim idi ki, orada həqiqətən də fikir plüralizmi, ifadə azadlığı  yer yox idi. Yəni, insanların canında belə məsələlər hələ də qalıb. Qeyd edim ki, Azərbaycan dövləti qanunvericilik bazası çərçivəsində, konstitusiyadan başlayaraq müvafiq qanunlara qədər mümkün olan hər şeyi edir. Yəni dünyada qəbul edilən hər şeyi edir ki, insanlar fikir və ifadə azadlığından ən yüksək səviyyədə bəhrələnə bilsinlər. Bunun üçün həm qanunlar çərçivəsində, həm də ki, dövlətin iradəsi çərçivəsində şərait yaranıb”. 

Media eksperti diqqətə çatdırıb ki, bu gün daha çox məsuliyyətsizlik problemi var: “Bir sıra insanlar hələ də qanunlarla təmin olunmuş azadlıqlardan sui-istifadə edir. Düşünürlər ki, hər şeydə hədsiz azadlıq olmalıdır. Biz illərdir insanlara izah etməyə çalışırıq ki, bir insanın azadlığının həddi başqa bir insanın azadlığının həddinə qədərdir. Yəni, başqalarının ifadə azadlığı, fikir və yaxud da fərqli azadlıqlarına heç kim müdaxilə edə bilməz. Bəzi insanlar hesab edir ki, onlar bunu da etməkdə azad olmalıdırlar. Bax burada bir münaqişə, mübahisə yaranır. Bu münaqişəli, mübahisəli vəziyyətdən istifadə edən bəzi qüvvələr Azərbaycanda fikir və ifadə azadlığının əngəlləndiyini iddia edirlər. Halbuki, dünyanın heç bir ölkəsində, ən demokratik dediyimiz ölkələrdə belə, başqalarının azadlıqlarına müdaxilə etmək mümkün deyil. Yəni, fərdlərin azadlığı onların öz arealında mümkünləşə bilər. Daha gedib başqalarının da areallarına müdaxilə edərək, heç kim öz azadlığını gerçəkləşdirə bilməz.  Təəssüf ki, bunu anlamaq istəməyənlərin sayı hələ də az deyil. Bu baxımdan, bu sahədə problemlər görünə bilər. 

Ümumilikdə, Azərbaycan həqiqətən də etik çərçivədə, qanunlar çərçivəsində özünü ifadə üçün kifayət qədər liberal bir cəmiyyətdir, dövlətdir. Yəni burada dövlət yasaqlara deyil, azadlıqlara üstünlük verir. Eyni zamanda, yasaqlanmasına gərək duyulan məsələləri də mümkün qədər maarifləndirmə yolu ilə həll etməyə çalışır. O baxımdan ümumi düşüncəm ondan ibarətdir ki, Azərbaycanda bəli qanunvericilik bazası kifayət qədər mütərrəqidir. Konstitusiyamız başda olmaqla, ifadə azadlığı, fikir azadlığının təmin edilməsi baxımından dövlətin iradəsi yüksək səviyyədədir. Digər tərəfdən, insanların xeyli hissəsi bu azadlıqları düzgün qavraya bilir, bir qism də var ki, qeyd etdiyim kimi, onlar azadlıqlardan sui-istifadə edirlər. Bu sui-istifadənin qarşısı alınarkən də, azadlıqlarının boğulduğunu iddia edirlər”.

Aynurə Pənahqızı
Demokrat.az

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top