Deputat: “Bu gün Xocalı soyqırımının 10 faizi səviyyəsində belə olmayan hadisələrə tez reaksiya verilir”

GÜNDƏM 05 apr 2022, 12:34
“Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra çox böyük problemlərlə üzləşdi. Sadəcə olaraq xalqımızın və dövlətimizin bəxti onda gətirdi ki, onun rəhbəri dünya siyasətini yaxşı bilən ümummilli liderimiz Heydər Əliyev oldu. Bununla da, bəlalardan qurtulmuş olduq. Onun düzgün bünövrəsini qoyduğu bütün sahələrdəki tərəqqini cənab İlham Əliyev çox uğurla inkişaf etdirdi. Bilirik ki, 90-cı illərin əvvəllərindən torpaqlarımızın bir qismi erməni vandalları tərəfindən işğal edildi. Bir çox böyük güclərin dəstəyi uzun illər bu işğal faktının ortaya qoydu”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat vurğuladı ki, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması üçün Azərbaycan prezidenti və siyasi institutları bir çox məsələləri həll edib: 

“Lakin biz 28 il ərzində beynəlxalq hüququn işləmədiyini gördük. Açıq-aydın hiss olundu ki, böyük güclər beynəlxalq hüququn norma və prinsiplərini özlərinin lazım olan vaxtı işlədilməsini təmin edir. Biz hüquqi dövlət olaraq bu proseslərin hüquqi çərçivədə həll olunması məsələlərinə töhfələrimizi verdik. Lakin bu gün də həmin ikili standartlara məruz qaldığımızı görürük. Rusiya-Ukrayna arasındakı olan müharibədə və ya digər yerlərdə olan hansısa bir qətliamlara, hansısa dağıntılara dünyanın aparıcı dövlətlərinin, siyasi institutları tərəfindən vaxtında verilən reaksiyasını görürük. Onunla bağlı məsələlərin həll olunması üçün siyasi iradəni görürük. Təəssüf ki, biz bunu 30 ilə yaxın torpaqlarımız işğalı ilə bağlı post-müharibə dövründə görmədik. Biz burada hələ də baş verən təxribatların hansısa güclər tərəfindən himayə olunduğunu görürük”.

V.İskəndərov onu da əlavə etdi ki, çox təəssüf ki, böyük dövlətlər, siyasi institutlar hələ də bu və ya digər formada Xocalı soyqırımını ya görməzdən gəlir, ya da kiçik bir fikirlərlə üstündən keçməyə çalışırlar: 

“Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və digər təşkilatların uzun illər apardığı təbliğatının effekt verdiyini gördük. Kifayət qədər dünya dövlətləri, parlamentləri, hökumətləri, icra orqanları bunu soyqırım aktı kimi tanıdılar. Lakin gözümüzün önündə dünyanın digər yerlərində baş verən buna bənzər, hətta bunun 10 faizi səviyyəsində olmayan hadisələrə necə tez reaksiyanın verildiyini, qınandığını, müvafiq addımlaın atıldığını görürük. Bunların hər biri ikili standartların hal-hazırda dünyada adi bir hala çevrildiyinin bariz nümunəsidir. Bütün bunlar təəssüf doğurur. Lakin Azərbaycan haqq və ədalət yolundadır. Ona görə də, öz siyasətimizi, milli maraqlarımızı əlimizdə rəhbər tutaraq qurulmasını təmin edirik. Bu sahədə ölkəmiz cənab İlham Əliyev rəhbərliyi altından böyük uğurlara imza atırıq. Əsas da beynəlxalq hüququn və ədalətin bərpa olunması üçün lazım olan addımların atılmasını təmin edirik”.
 
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top