“Lələtəpədə ermənilər öz əsgərləri ola-ola oranı atəşə tuturdu” — Aprel döyüşlərinin qəhrəmanı ilə MÜSAHİBƏ

MÜSAHİBƏ 04 apr 2022, 16:28
"Zəfər Yolu"nun başlanğıcı olan Şanlı Aprel döyüşlərindən 6 il ötür. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Dörd gün davam edən “Aprel döyüşləri” Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 

Aprel döyüşlərində iştirak edən qəhrəmanlarımızdan biri də o zaman kapitan rütbəsi daşıyan, hazırda isə mayor olan Hikmət Məmmədov idi.

Onun “Aprel döyüşləri” ilə bağlı Demokrat.az-a verdiyi müsahibəni təqdim edirik:

- Hikmət bəy, 6 il bundan öncə “Aprel döyüşləri” baş verdi. Bugünkü tarixi necə xatırlayırsınız? Həmin gün nələr yaşandı?

- İlk olaraq qeyd edim ki, "Aprel döyüşləri bizim xalqımızın zəfəridir. Bu, bizlərin qanı bahasına qazanılan zəfərdir. Mən döyüşlərindən ilk günündən Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Deyərdim ki, bu döyüş Azərbaycan ordusunun gücünü tək düşmənə yox, eyni zamanda bütün dünyaya göstərdi. Bilirsiniz ki, aprel döyüşlərinə qədər torpaqlarımızın düşmən işğalından uzunmüddət keçmişdi. O vaxtadək hər zaman torpaqlarımızın işğaldan azad edəcəyimizi deyirdik. Amma insanlar bu sözü eşidəndə sanki onlarda bir gülüş yaranırdı. Çünki, camaatda inamsızlıq var idi. Amma bizə yalnız Ali Baş Komandanın əmri lazım idi ki, düşməni məhv edək. Təbii ki, 2016-cı ildə aprel ayının 1-ə qədər, yəni son bir neçə gün əvvəl ermənilər o qədər harınlamış, qudurmuşdular ki, artıq mülki əhalini, texnikaları atəşə tuturdu. Ancaq aprel ayının 1-də Ali Baş Komandan əmr gəldi. Biz də düşməni susdurmaq və onları məhv etmək üçün döyüşə başladıq. Biz 2-3 saat ərzində artıq bir neçə yüksəklikləri işğaldan azad etdik. Eyni zamanda, orada Cocuq Mərcanlı kəndi var idi, hansı ki, neytralda qalmışdı ,o da artıq tam azad olundu. Düşmənlərimiz həmin ərazilərdən uzaqlaşdırıldı. Lələtəpə yüksəkliyi çox əhəmiyyətli yüksəklik idi. Çünki oradan Beyləqana qədər əməlli-başlı atəşə tuturdular. 

- Düşmənin “Ohanyan səddi” barədə də məlumat verərdiniz. O səddi yarmaq sizin üçün çətin olmadı ki?

- Ayın 2-i səhər saat 5-6 olardı ki, biz “Ohanyan səddi”ni məhv etdik. O, bizim üçün adi bir şey idi. Orada olan bütün mühəndis maneələrinin hamısını asanlıqla məhv etdik. Bu sədd sadəcə olaraq ermənilər tərəfindən şişirdilmişdi. 

- Bu döyüşlərdə əsgərlərimizin döyüş ruhunu necə qiymətləndirirsiniz?

- Bilirsiniz ki, əsgərlərdə döyüşə etap-etap girir. Lakin əsgərlərimiz şəxsən özləri döyüşə girmək üçün mənə yalvarırdılar ki, komandir bizi də özünüzlə aparın. Öz vaxtlarını gözləmirdilər, ancaq hər kəs düşməni məhv etmək istəyirdilər. Bilirsiniz ki, biz haqq savaşındaydıq, torpaqlarımız uzun illər idi ki, işğal altında idi. Buna görə də, bizim bir məqsədimiz var idi: “Torpaqlarımızı azad etmək!”

- İşğal altında olan torpaqlarımızı azad etdikdən sonra nələrin şahidi oldunuz?

- Həqiqətən də, Ermənistan ordusunun biabırçı gündə olduğunun şahidi olduq. Hansı ordu ilə, hansı əsgərlə bizim ordumuzun üzərinə hücuma keçirdilər? Boş-boş hədə-qorxu gəlirdilər. “Bakıya kimi gedib, çıxacıq. Nə bilim nə?” Amma onların yaşayış tərzləri, postları, səngərləri, yataq yerləri biabırçı gündə idi. Ümumiyyətlə, orada heç bir orduya hazırlıqdan söhbət gedə bilməzdi. Eyni zamanda, onlar öz əsgərlərinə dəyər vermirdilər. Lələtəpə istiqamətində gedən döyüşlərdə onlar öz əsgərləri orada ola-ola oranı mərmi atəşinə tuturdular. Yəni, onlara fərq yoxdu idi ki, oradakı kimlərdir. Bilirsiniz ki, bizdə Azərbaycan ordusu inkişafa doğru gedir. Orduya diqqət, qayğı və maddi-texniki bazası yüksək səviyyədədir. “Aprel döyüşləri”nə qədər biz digər ölkələrdə, eyni zamanda ölkəmizdə genişmiqyaslı təlimlər keçirirdik. Yəni, hərbi savadın artırılması istiqamətində ciddi işlər görülürdü. Bununla da, "Aprel döyüşlərində" biz artıq göstərdik ki, Azərbaycan ordusu nəyə qadirdir. “Aprel döyüşləri” bizi uğura aparan yol idi. Yəni, Azərbaycan ordusu "Aprel döyüşlərində" öz gücünü göstərdi, bütün xalqda o sevinc izdihamı yaşanardı. Yəni artıq gördü ki, Azərbaycan ordusu var. İkinci Qarbağ savaşında hər kəs torpaqlarımızın işğaldan tamamilə azad olunmasını istəyirdi. Bunu niyə edirdi? Çünki xalq “Aprel döyüşlərində” şahid oldu ki, Azərbaycan ordusunun gücü var. Əgər orada biz uğur əldə etməsəydik, biz bu gün Vətən müharibəsində də qələbə qazana bilməzdik.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top