Gənc oğlan döydüyü arvadından üzr istədi, hakim ona cəza vermədi — Məhkəmə

KRİMİNAL 04 apr 2022, 11:32
Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində arvadı Nuranəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 6-da baş verib. Sərxan mübahisə zamanı Nuranəni döyüb. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yanvarın 6-da, saat 20.30-da arvadı Nuranə yaşadığı binanın qarşısında blokda ailə məişət münasibətləri zəminində aralarında mübahisə yaranıb: “Mübahisə zamanı Nuranənin mənimlə kobud danışdığına görə əsəbləşdim. Onun bədənin müxtəlif nahiyyələrinə əl zərbələri ilə vuraraq ona xəsarət yetirdim”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nuranənin sözlərinə görə, Sərxan ilə 2017-ci ildə rəsmi olaraq ailə həyatı qurub, birgə nigahlarından bir övladları doğulub: “Son zamanlar Sərxanın əsassız olaraq evdə münaqişələr yaratdığına görə övladımı da götürdüm və kirayə ev tutdum, orada yaşamağa başladım. Yanvarın 6-da, saat təxminən 20.30-da yaşadığım mənzilin qarşısında blokda ailə məişət münasibətləri zəminində Sərxanla mübahisəmiz yarandı. Həmin mübahisə zamanı məni əl zərbələri ilə üzümdən, başımdan, qollarımdan, təpik zərbələri ilə ayaqlarımdan və kürək nahiyyəmdən vuraraq mənə xəsarət yetirdi”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb.
 
Bu səbəbdən Sərxanın barəsində olan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top