Elmar Məmmədyarov: “Azərbaycanla Ermənistan vasitəçilərsiz danışıqlar aparmalıdır”

MÜSAHİBƏ 02 apr 2022, 13:03
Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov APA-ya müsahibə verib.

Müsahibəni təqdim edirik:

- İndi kənardan baxanda bir nazir kimi fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Çox intensiv iş qrafikim var idi, demək olar ki, təyyarədən çıxmırdım. 7 gün 24 saat təyyarədə idim. Çox vacib danışıqlarda iştirak edirdim. Prezident tərəfindən bizim qarşımızda qoyulan tələblər ondan ibarət idi ki, həm beynəlxalq təşkilatlar, həm də dövlətlər tərəfindən Qarabağın Azərbaycanın bir hissəsi kimi qəbul edilməsinə nail olaq. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü heç cür sual altına alına bilməsin. Həm beynəlxalq təşkilatların sənədlərində, həm ölkələr arasında ikitərəfli sənədlərə baxsanız görərsiniz ki, biz buna nail ola bildik. Avropa İttifaqı da Azərbaycanın ərazi bütövlüyünü təsdiq edirdi. Ona görə də 44 günlük müharibədə heç bir ölkə, heç bir beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoymurdu. O baxımdan məncə, Prezidentin tapşırığını yerinə yetirdik. Diplomatik baxımdan beynəlxalq arenada Azərbaycan buna nail ola bildi. Bəziləri deyirlər ki, Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edib. Amma Fransa hökuməti Azərbaycanın ərazi bütövlüyünü sual atına qoymadı. Çünki biz danışıqlarda deyirdik ki, Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvüdür və BMT TŞ-nin qətnamələrinə riayət etməlidir və onları yerinə yetirməlidir. Həmin qətnamələrdə də qeyd olunub ki, Qarabağ regionu Azərbaycanın bir hissəsidir.

- Uzun illər işləyən insan üçün hər gün evdə olmaq nə deməkdir?

- Əslində pandemiya idi, pandemiya dövründə getməyə ölkə də qalmamışdı. Bəziləri deyirdi ki, mənim ölkədən çıxışıma qadağa qoyulub. Belə hal yoxdur, yalan söhbətdir. Bəlkə kiminsə marağı var ki, belə bir şər yayırlar. Pandemiya dövrü idi, bağda qalırdım. Çünki pandemiya dövründə ölkələr heç kəsi qəbul etmirdi. Bütün tədbirlər təxirə salınmışdı, getməyə bəhanə də yox idi. Ona görə də rahat evdə otururdum. Evdə oturanda da zəng edənlər, şərh almaq istəyənlər çox idi. Özüm üçün yazırdım, pozurdum. Yəni bekar oturmurdum. Deyim ki, bütün gün televiziyanın qarşısında oturmuşam, bu, belə deyil. Axır ki, həyat yoldaşım da üzümü görür.

- Avropadan, digər ölkələrdən elmi-pedaqoji fəaliyyət, dərs deməklə bağlı necə, təkliflər olub?

- Xaricdəki müxtəlif beyin mərkəzlərindən təkliflər olub, özüm təşəbbüs göstərmədim. Hələ ki gözləyirəm, bu barədə dərindən fikirləşməmişəm də.

- XİN-də uzun illər birgə çalışdığınız insanlarla, o cümlədən nazir müavinləri ilə əlaqələriniz davam edir?

- İndi də nazirlər, xarici həmkarlarım, səfirlər zəng edirlər, əlaqə saxlayırlar. Bəzi məsələlərdə fikir mübadiləsi aparırıq. Yəni deyə bilmərəm ki, vəzifədən getdim hər kəslə əlaqəm kəsildi.

- Xatirələrinizlə bağlı kitab yazmağı düşünürsünüzmü?

- Fikirləşirəm. Amma hələ zaman var.

“Ermənistanın nəyə nail olmaq istədiyini başa düşmək çətin idi”

- Uzun illər Ermənistanın xarici işlər nazirləri ilə danışıqlar aparmısınız. Ermənistan münaqişənin həllini uzatmaqla nələrə nail olacağına ümid edirdi?

- 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 məlum qətnamədə hər şey açıq-aydın qeyd olunub, Ermənistan qeyd-şərtsiz öz qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmalı idi. Ermənistanlı həmkarlarla həm təkbətək, həm də geniş tərkibli görüşlərdə bir araya gəlmişəm, Ermənistanın nəyə nail olmaq istədiyini başa düşmək çətin idi. Onlar fikirləşirdilər ki, torpaqları işğal ediblər, dünya, beynəlxalq ictimaiyyət, təşkilatlar, ölkələr bunu yaddan çıxarar və torpaqlar onlara qalar. Həm də fikirləşirdilər ki, münaqişə öz müqəddəratını təyinetmə prinsipi çərçivəsində həll olunacaq. Amma bu, düzgün yanaşma deyildi. Çünki Helsinki Yekun Aktında öz müqəddəratını təyin etməyin necə baş verəcəyi qeyd olunurdu. Yəni ki, öz müqəddəratını təyin etmək yalnız ərazi bütövlüyü çərçivəsində ölkənin razılığı ilə həll oluna bilər. Ölkə buna razılıq vermirsə, onda öz müqəddəratını təyinetmə prinsipi işləmir. Ona görə də beynəlxalq hüquqa uyğun mövqeyimizi həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistana çatdırırdıq.

“Biz təkbətək görüşəndə açıq şəkildə deyirdilər ki, işğal altında olan ərazilərdən qoşunları çıxarmağı Ermənistan əhalisinə izah edə bilməzlər”

- İkitərəfli qapalı görüşlərdə erməni tərəfinin açıqlamalarını necə şərh edərdiniz?

- Biz təkbətək görüşəndə açıq şəkildə deyirdilər ki, işğal altında olan ərazilərdən qoşunları çıxarmağı Ermənistan əhalisinə izah edə bilməzlər. Çünki erməni əhalisi bunu qəbul etməz, onlar buna öyrəşiblər. Ona görə də gülməli bəyanatlar səsləndirirdilər. “Qarabağ Ermənistandır, nöqtə” də gülməli bəyanatlardan biri idi. Amma 44 günlük müharibə hər şeyi öz yerinə qoydu, torpaqlarımızı azad etdik. Torpaqların bir qismi də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindədir.

- Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan və orada yaşayan erməni vətəndaşlarımız barədə düşüncələriniz necədir?

- Hər ehtimala qarşı diplomatlar bu istiqamətdə işləməlidir. Diplomatiya nəticəsində erməni xalqına izah edilməlidir ki, tam şəkildə Azərbaycan vətəndaşı olarlarsa, udacaqlar.

- Azərbaycan tərəfi artıq sülh müqaviləsinin imzalanması üçün Ermənistana 5 baza prinsipinə əsaslanan təklifini göndərib. Ermənistanın Azərbaycanın təklifinə reaksiyasını necə qiymətləndirmək olar?

- Azərbaycanın 5 tələbi, hansı şəkildə sülh sazişinin üzərində işləməyə hazır olduğumuz ictimaiyyətə açıqdır. Ancaq Ermənistan tərəfindən bu təklifimizə cavab verildiyi deyilsə də, cavabda nə olduğu bilinmir. Ermənistan tərəfi bizim təklifimizə cavabı həmsədrlərə təqdim etdiklərini deyir. Amma heç kəsə cavabın içində nə olduğu barədə məlumat verməyiblər. Erməni rəsmiləri deyir ki, 5 bəndlik tələblər onları qane edir və əlavə təklifləri də var. Digər tərəfdən, əlavə şərtlərini ictimaiyyətə elan etmirlər.

“Delimitasiya və demarkasiya prosesinə Azərbaycan və Ermənistan qərar verməlidir”

- Azərbaycan-Ermənistan arasında hazırkı münasibətləri necə xarakterizə etmək olar? Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanması və sərhədlərin delimitasiya və demarkasiyası prosesinə hazırdırmı?

- Delimitasiya və demarkasiya prosesinə Azərbaycan və Ermənistan qərar verməlidir. Mən tam şəkildə inanıram ki, Zəngəzur dəhlizi layihəsi tam yerinə yetiriləndə buna nail olunacaq. Ermənilər də Zəngəzur dəhlizinə sərmayə qoymaq istəyirlər. Zəngəzur dəhlizi çərçivəsində həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi ilə bağlı Ermənistan tərəfinin razılığı var. Amma sual ortaya çıxır ki, dəhliz həm Naxçıvanda, həm də Zəngilanda Azərbaycan sərhədindən keçir. Bu baxımdan sərhəd müəyyənləşdirilməlidir. Bu, asan proses deyil. Azərbaycan-Ermənistan sərhədi müəyyənləşdirilməlidir ki, sərhəd-keçid, o cümlədən gömrük xidməti və fitosanitar xidmət postları qoyulsun.

- Sizcə, bu il ərzində sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkün olacaq?

- Mən danışıqların içində deyiləm. Amma Ermənistanın başqa yolu yoxdur. Yəni bu məsələ artıq yalnız Ermənistanın istəyi ilə deyil. Zəngəzur dəhlizi ilə Körfəzdən birbaşa Avropaya, Avropa İttifaqına mallar daşınacaq. Bu güc mərkəzləri 42 km yol məsələsinin həllini tapmamasına icazə verməzlər. Ermənistan Zəngəzur dəhlizinə maneçilik törədə bilməz və heç onu maneə törətməyə qoymazlar da. Ona görə də gec-tez sülh müqaviləsi imzalanacaq. Buna şübhə yoxdur.

“Paşinyan özü əhalisini inandırmalı, sübut etməlidir ki, sülh müqaviləsi imzalanmalıdır, bu, Ermənistan üçün vacibdir”

- Nikol Paşinyanın istəkli görünməsinə baxmayaraq, indiyə qədər sülh müqaviləsinin imzalanmamasının səbəbi nədir?

- Bu, Ermənistanın daxili işidir. Yəni Paşinyan özü əhalisini inandırmalı, sübut etməlidir ki, sülh müqaviləsi imzalanmalıdır, bu, Ermənistan üçün vacibdir. Çünki sülh müqaviləsi imzalanmasa, Ermənistanın inkişafı mümkün olmayacaq.

- Aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək. Bu görüşdən gözləntiniz nədir?

- Hər görüş irəliyə doğru atılmış bir addımdır. Çünki hər görüşdə qarşı tərəfin mövqeyini öyrənmək şansı əldə edirsən, həmin mövqeyə uyğun işləyirsən. Beləliklə, ətraflı çalışılır ki, hansısa yolla məsələ həll olunsun. Ona görə də ayın 6-da keçiriləcək görüş olduqca maraqlıdır. Çox güman ki, orada kompleks məsələlər - həm dəhliz, həm sərhədlərin delimistasiyası və demarkasiyası məsələləri çərçivəsində sülh sazişi müzakirə olunacaq.

Sülh sazişi sərhədlərin delimitasiyası və demarkasiyası müəyyən olunmadan çox çətin məsələdir. Yəni ilk olaraq gərək sərhədlər müəyyənləşdirilsin. Bu, sülh sazişi üçün çərçivə olmalıdır.

- Yeri gəlmişkən, Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanması niyə gecikir?

- Bu sazişin 95%-i razılaşdırılıb, yalnız bəzi iqtisadi məsələlər qalıb. Avropa İttifaqının təklif etdiyi bəzi məqamlarla bizim iqtisadçılar razılaşmır. Ona görə müzakirələr davam etdirilir. İnanıram ki, gec-tez iqtisadçılar da razılığa gələcək. Məsələn, Avropa İttifaqı qaz məsələsində təklif edir ki, Azərbaycan əhalisinə qaz beynəlxalq qiymətlərlə satılsın. Biz də bunu qəbul edə bilmərik. Çünki Almaniyada maaşlarla Azərbaycanda maaşlar eyni deyil.

Avropa İttifaqından, Avropadan söz düşmüşkən, Cənub Qaz Dəhlizi işə başlayıb, Qərbi Balkan ölkələrinə qaz nəqli məsələsi var. Vaxtilə biz bunun müzakirələrinə başlamışdıq. İndi bu məsələ gündəmdədir və gündəmdə olmalıdır. Qərbi Balkan ölkələrində bazar çox böyük deyil, amma onların Azərbaycan qazına marağı çox yüksəkdir. Prezident İlham Əliyev də bunu Cənub Qaz Dəhlizinin Bakıda keçirilən Məşvərət Şurasının iclasında elan etdi. Bu, siyasi aspektdən də Azərbaycan üçün çox önəmlidir.

- Uzun illər danışıqların iştirakçısı kimi ATƏT-in Minsk qrupunun bundan sonrakı dövrdə mövcudluğun nə dərəcədə lazım olduğunu düşünürsünüz?

- Burada əsas məsələ artıq Minsk Qrupu yox, həmsədrlərin iştirakıdır. Minsk Qrupunun həmsədrləri olan Fransa, Rusiya və ABŞ isə ayrılıqda bəyanat verdilər. Faktiki olaraq ilk dəfədir ki, üç ölkə ayrıca olaraq bəyanat yayırdı. Onların bəyanatında birlikdə mövqe də yoxdur. Onlar yəqin ki, istəmirlər ki, birlikdə hansısa mövqe ilə çıxış etsinlər. Bu məsələ də Minsk Qrupu həmsədrlərinin prosesdə iştirakını böyük sual altına qoyur. Yəni onların bu məsələdə fəaliyyətlərini birlikdə davam etdirib-etdirməyəcəkləri böyük sual altındadır. Ukraynada baş verən proseslər isə bunu daha da gücləndirir.

“Ermənistanın ümid bəsləməsi ilə deyil ki?! Orada böyük siyasi, geopolitik məsələlər var”

- Amma Ermənistan Minsk Qrupu həmsədrlərinin prosesdə iştirakına ümid bəsləyir...

- Ermənistanın ümid bəsləməsi ilə deyil ki?! Orada böyük siyasi, geopolitik məsələlər var. Minsk Qrupu həmsədrlərinin hər birinin ayrı-ayrılıqda verdiyi bəyanatlarda da həmsədrlərin, yaxud da Minsk Qrupunun rolu qeyd olunmur. Ukrayna ətrafındakı məsələlərə toxunsaq, üç ölkənin birlikdə işləməyi davam etdirib-etdirməyəcəyi böyük sual altına düşür.

- Bəs Minsk qrupunun taleyini sual altında qoymuş Rusiya-Ukrayna savaşını hansı amillər şərtləndirdi? Rusiya-Ukrayna savaşının yaxın dövrdə başa çatması nə dərəcədə realdır? Ümumiyyətlə, bu savaşın necə sonlanacağını düşünürsünüz?

- Bütün müharibələr axırda hər zaman hansısa sazişlə bitir. İlk olaraq hansısa sülh sazişinin üzərində işləmək çox çətindir. Çünki mövqelər fərqlidir. Amma gərək Rusiya və Ukrayna arasında atəşkəs əldə olunsun. Atəşkəs əldə olunsa, bəlkə də danışıqlar o zaman pozitiv şəkildə davam edər. Məsələn, Azərbaycan 1994-cü ildə Ermənistanla atəşkəs barədə razılaşdı, sonra Azərbaycanda inkişaf başlandı. 2020-ci ildə isə 44 günlük müharibə ilə biz torpaqlarımızın əksəriyyətini azad etdik.

- Bəs atəşkəs əldə olunarsa, Krım və Donbasın statusu məsələsi necə həll olunacaq?

- Siz ən çətin məsələyə toxundunuz. İnanmıram ki, kimsə bu istiqamətdə hansısa addım atılmasına razılıq verə bilər. Rusiya Krımı ərazisinə daxil edib, bunu dəyişdirmək üçün gərək referendum keçirilsin. Bu, başağrısıdır. Ona görə deyirəm ki, atəşkəs olsa, ondan sonra tərəflər müzakirə apara bilərlər.

Ukrayna-Rusiya məsələsində Türkiyənin mövqeyini alqışlayıram, tərəflərin görüşünə də ev sahibliyi etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü nümayəndə heyətlərinin görüşünün keçirildiyi yerə gəlmişdi. Türkiyəli rəsmilər – xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar da orada idilər. Bu, çox böyük addımdır.

- Türkiyənin vasitəçiliyi Ukrayna-Rusiya münaqişəsinə son qoya, problemi həll edə bilərmi?

- Vasitəçiliyin olması yaxşıdır. Amma diplomatiyada təkbətək görüşlər daha çox irəliləyişə səbəb olur. Hərdən biz Ermənistanla da təkbətək görüşürdük. Çünki bütün sözləri kiminsə yanında demək o qədər də asan deyil. Ona görə indi də Ermənistanla sülh sazişi bağlamaq istəsək, Azərbaycanla Ermənistan vasitəçilərsiz, birbaşa danışıqlar aparmalıdır.

- Bəs Türkiyədə keçirilən görüşdən sonra Ukrayna və Rusiya nümayəndə heyətlərinin açıqlamaları ilə bağlı nə deyə bilərsiniz? Ukrayna və Rusiya arasında yaxın zamanda atəşkəs mümkündür?

- Müzakirələrdən sonra verilən açıqlamalar hələ müzakirə mövzusudur, yəni bu deyilənlər hələ təsdiqlənməyib. Danışıqlar davam etdirilməlidir. Çünki kompromis tapmaq üçün danışıqlar mütləqdir. Vaxtilə Ukrayna tərəfi 1994-cü ildə Budapeşt sammitində Rusiya, ABŞ və Böyük Britaniyanın zəmanəti ilə nüvə silahından imtina etməklə bağlı öhdəlik götürmüşdü və ərazi bütövlüyü tam dəstəklənmişdi. Amma indi hansı hadisələrin getdiyini görürük. Ruslarda bir söz var: “Şeytan detalların içindədir”. Detallara baxanda indidən prosesi təhlil etmək həm çətindir, həm də düzgün deyil.

- Bəs Ukrayna bundan sonra Qərbdən uzaqlaşa bilərmi?

- Bu, Ukraynanın daxili işidir, Ukrayna rəhbərliyindən və xalqından asılı olacaq, kənardan fikir söyləmək olduqca çətindir. Hansı yolu seçmələri və hansı istiqamətə getmələri barədə qərar verməlidirlər. İlk olaraq ukraynalılar özləri bunu müəyyənləşdirməlidir.

- Rusiya-Ukrayna müharibəsi və bu müharibənin nəticələri Cənubi Qafqazda proseslərə necə təsir edəcək?

- İqtisadi baxımdan təsirləri olacaq. Prezident İlham Əliyevin Ukraynaya səfəri zamanı Azərbaycanın Ukraynada bəzi torpaqları icarəyə götürməklə bağlı saziş imzalanmışdı. Həmin torpaqlarda Azərbaycan taxıl əkməli idi. Bu, Azərbaycan üçün çox önəmlidir. Həm də biz Ukraynaya artıq yanacaq verməliyik, çünki taxıl əkininə başlanılmalıdır. O baxımdan əlbəttə ki, təsir olacaq. Siyasi baxımdan isə indiki vəziyyətdə hansısa təsir olacağına inanmıram.

- Baş verənlər Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatmasını tezləşdirə bilərmi?

- Yox, inanmıram.

- Rusiya-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz? Bu yaxınlarda Rusiya ilə Azərbaycan arasında müttəfiqliklə bağlı bəyannamə də imzalandı.

- Rusiya ilə imzalanan müttəfiqlik bəyannaməsini yüksək qiymətləndirirəm. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi kimi Rusiya ilə imzalanan müttəfiqlik bəyannaməsi də çox mühüm, vacib sənəddir. Azərbaycanın müstəqilliyi üçün Rusiya ilə bu sazişi bağlamaq böyük addımdır. Diplomatiyada qonşuluq siyasəti çox mühümdür. Bu sənəd çox yüksək səviyyədə işlənilib, sənəddəki bəndlərin yerinə yetirilməsi bir günün işi deyil, vaxt, zaman lazımdır.

- Rusiyanın Azərbaycanla münasibətlərdə mövqeyini necə qiymətləndirirsiniz?

- Rusiya ilə münasibətləri Delyagin adlı bir Dumanın deputatı zədələmək istədi. Buna Kreml də, Rusiya XİN də, Rusiya Dövlət Duması da cavab verdi. Delyaginin çıxışı tənqid olundu və ona izah edildi ki, bu bəyanatla çıxış etmək onun səlahiyyəti deyil. Azərbaycanla Rusiya arasında əlaqələr gündən-günə güclənir.

"Bu sualın dəqiq cavabı Türkiyə və Ermənistan tərəfindədir"

- Yeri gəlmişkən, Türkiyə və Ermənistan arasında münasibətlər də normallaşır. Xüsusi nümayəndələr təyin olunub və Ermənistanın davranışından asılı olaraq sərhədlərin açılması məsələsi müzakirə edilir. Ermənistan-Türkiyə münasibətləri tam bərpa oluna biləcəkmi?

- Bu sualın dəqiq cavabı Türkiyə və Ermənistan tərəfindədir. Çünki danışıqlar qapalı səviyyədə gedir.

"Ermənistan üçün ən yaxşısı yaxın qonşuluq siyasəti aparmaq, qonşuların beynəlxalq hüquq çərçivəsində müəyyən edilmiş sərhədlərini tanımaq, separatçılığa yol verməməkdir"

- Bəs normallaşma prosesi Ermənistan-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

- Ermənistan üçün ən yaxşısı yaxın qonşuluq siyasəti aparmaq, qonşuların beynəlxalq hüquq çərçivəsində müəyyən edilmiş sərhədlərini tanımaq, separatçılığa yol verməməkdir. Bu, Azərbaycan-Ermənistan münasibətləri baxımından da faydalıdır. Bu, tək Türkiyə yox, eləcə də Rusiya, İran kimi qonşularımız tərəfindən də Ermənistana çatdırılmalıdır.

- Mövlud Çavuşoğlu ilə yaxın dost olduğunuzu bilirik. Normallaşma prosesi ilə bağlı sizinlə də əlaqə saxlayırmı?

- Biz Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı dəfələrlə fikir mübadiləsi aparmışıq.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top