“Televiziyalarda yumoristik verilişlər yoxdur” — Xalq artisti

GÜNDƏM 01 apr 2022, 16:15
Bu gün - 1 aprel tarixi Avropada və bir çox Asiya ölkələrində gülüş günü keçirilir. Mahiyyətcə eyni olsa da, müxtəlif ölkələrdə adlanması fərqlidir. Həmin günü Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar. Gülüş gününün yeganə üzücü tərəfi odur ki, bu gün əksər ölkələrdə qeyd olunsa da, heç bir ölkədə qeyri-iş günü deyil. 

Demokrat.az
uzun illərdir səhnədən tamaşaçılara gülüş bəxş edən xalq artisti İlham Namiq Kamalla söhbətləşib.

Xalq artisti saytımıza açıqlamasında bunları deyib:

“Bu gün 1 aprel- gülüş günüdür. Uzun illərdir ki, sizə əsl mənada gülüş bəxş etməyə xidmət edirəm. Bilirsiz, mənə elə gəlir ki, tamaşaçını güldürmək yox, sənə tapşırılan obrazın vəziyyətini düzgün ifa edəcəksənsə, tamaşaçı onsuz da güləcək. Vəziyyəti düzgün oynamaq lazımdır”.

Sənətçi indiki vaxtda düşünülmüş gülüşün olmamasından danışır:

“Biri var ki, hoqqabazlıq edəsən, ağzını əyəsən. Düşünülmüş gülüş olarsa, o teatrda da, kinoda da, televiziya tamaşalarında da yaşayacaq. Bu gün təəssüfləndirici bir haldır ki, televiziyalarda yumoristik verilişlər demək olar ki, yoxdur. Nə çəkilibsə, o vaxt dövlət kanalında çəkilənlərdir. “Evləri köndələn yar”, “Kişilər”, “Komediyalar aləminə səyahət” və s. yumoristik verilişlər bu gün göstərilir, bu gün də həvəslə izlənilir. Onların hər birində saf gülüş var. Bu gün isə nədənsə gülüşü hər kəs tənqidi qəbul edir. Amma gülüş tam başqa bir şeydir. Gülüş insanların emosiyası, keçirdiyi hisslərin vəhdətidir. Bu günün ən gözəl ləzzəti lətifə deməkdir. Lətifəni bəzən biz gülüş ustaları təcrübəmizdən də yaradırıq. Əsas odur ki, insan qaraqabaq olmasın, üzündə gülüş olsun. Təkcə bu gün yox, başqa günlərdə də. Yetişən gənc nəsildə də istedadlı, öz üzərində çalışan aktyorlar var. Ümidvaram ki, onlar inkişaf etdirəcəklər” - deyə, sənətkar bildirib.

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top