Türkoloq-alim: “Təbii ki, ermənilər bunu təkbaşına etməyiblər”

GÜNDƏM 31 mar 2022, 14:47
“Tariximizə nəzər saldıqda erməni daşnaklarının azərbaycanlılara qarşı etdikləri soyqırımları  görürük. Fərrux kəndi də tapılan kütləvi məzarlıqlar da onlardan biridir”.

Bunu Demokrat.az-a özəl açıqlamasında türkoloq-alim Faiq Ələkbərli deyib. Alim vurğulayıb ki, ermənilər hər zaman fürsət tapdıqca azərbaycanlılara qarşı soyqırım törədiblər: 

“Biz bir şeyi müşahidə edirik ki, ermənilər bu torpağa köçürüldükləri iki əsr ərzində zaman-zaman azərbaycanlılara qarşı Çar Rusiyasının, Sovet Rusiyasının, o cümlədən də Qərb dövlətlərinin - Böyük Britaniyanın, Fransanın da dəstəyi ilə bu kimi soyqırımlar, qətliamlar törədiblər. Biz nə vaxt ki, bir balaca zəifləmiş, böyük dövlətlərə məğlub olmuşuq, yaxud da ki, Azərbaycan torpağının bir hissəsi Çar Rusiyasının, Sovet Rusiyasının işğalı altında olub bu zaman ermənilər bundan sui-istifadə ediblər. Təbii ki, ermənilər bunu təkbaşına etməyiblər. Çar Rusiyası, Sovet Rusiyasının da ciddi dəstəyi nəticəsində bizim xalqın başına faciələr törədiblər. Fərrux kəndində aşkar olunan insan qalıqları bu bir daha bizə göstərir”.

Alim qeyd edib ki, təəssüf ki, bu həqiqətləri bir çox müsəlman dövlətləri görməzdən gəlir: 

“Əlbəttə ki, bunu bizim görməyimiz yetərli deyil. Dünyanın da bunu görməsi lazımdır, özəlliklə də müsəlman ölkələrinin. Çünki hər halda türk dövlətlərinin bu məsələlərdə Azərbaycanın yanında olması bəllidir. Xüsusilə də, Türkiyənin, Orta Asiyadakı türk dövlətlərinin, Pakistanın da bununla bağlı bizə dəstəyi var. Ancaq bir çox islam ölkələri var ki, bütün bunlar görməzdən gəlir. Demək istədiyimiz odur ki, soyqırım məsələsi təkcə 1918-ci ilin 31 martında baş verən ilk faciə deyil. Ondan öncə də, belə zaman-zaman ermənilər fürsət tapdıqca, bu kimi əməllərə əl atıblar. Əlbəttə ki, biz heç vaxt düşmənin bu əməllərini cavabsız qoymamışıq. Hər halda biz onlar kimi etməsək də, düşmənlərimizə layiqli yerlərini göstərmişik. Fərrux kəndinin işğaldan azad olunması və addım-addım torpaqlarımızın hamısının işğaldan azad etməyimiz buna yönəlib. Bu kimi faciələri bir daha yaşanmamağımız üçün tək çıxış yolumuz Azərbaycanımızın bütün torpaqlarına sahib olmaqdır. Güclü Azərbaycan və Türk dövlətlərinin birliyi ilə bir daha belə hadisələrin yaşanmasına yol verilməyəcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top