Deportasiya Qurbanları Cəmiyyətindən 31 mart Soyqırımı ilə bağlı BƏYANAT

GÜNDƏM 31 mar 2022, 12:50
Deportasiya Qurbanları Cəmiyyəti 1918-ci ildə Bakı soveti və Daşnaksütyuna bağlı olan erməni terrorçu silahlı dəstələri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, soyqırıma məruz qalmasının 104-ci ilində bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, son iki yüz ildə Azərbaycan xalqı tarixən yaşadığı ata-baba torpaqlarında mənfur qonşular tərəfindən dəfələrlə etnik təmizləməyə və soyqırıma məruz qalıb, insanlar vəhşicəsinə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi-mədəni abidələri dağıdılıb.

1918-ci ilin martında erməni silahlı dəstələrinin dinc və silahsız azərbaycanlıları soyqırıma məruz qoyması kütləvi hal alıb, Cənubi Qafqazda azərbaycanlıların kökünü tamamilə kəsmək məqsədilə bolşevik-daşnak birləşmələri geniş bir coğrafiyada qanlı qırğınlara başlayıblar. 

Bu qırğınlar Bakı-Şamaxı-Quba, Bakı-Ağdaş-Kürdəmir-Gəncə-Qazax-Balakən və s. istiqamətlərdə olmaqla bütün Şimali Azərbaycanı, Naxçıvan-Dərələyəz-Zəngəzur-Qarabağ, İrəvan-Gümrü-Pəmbək-Loru, Dərəçiçək-Qaraqoyunlu-Göyçə istiqamətlərindəbütün Qərbi Azərbaycanı bürüyüb.

Hər yerdə azərbaycanlılara qarşı ən qəddar, ən vəhşi üsullarla soyqırımı həyata keçirilib, insanlar güllələnərək kütləvi şəkildə məhv ediliblər. Nəticədə ərazilər boşaldılıb və orada Türkiyədən, İrandan sürülüb gətirilən erməni əhalisi yerləşdirilib.1918-ci ilin mart qırğınları nəticəsində 10 mindən çox azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib, erməni məkirli siyasəti bununla kifayətlənməyərək sonrakı dövrlərdə də azərbaycanlılara qarşı amansız mövqe nümayiş etdirib. 

Məhz bunun nəticəsində 1948-1953-cü illərdə indiki Ermənistan Respublikası adlandırılan tarixi Azərbaycan torpaqlarından 100 mindən çox insan deportasiya edilib, 1988-ci ildə isə növbəti köç dalğası yaşanıb.

Deportasiya Qurbanları Cəmiyyəti xatırladır ki, Azərbaycanın mərhum lideri Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Cəmiyyət beynəlxalq qurumları, dünya dövlətlərini bu soyqırıma diqqət yetirməyə və günahsız insanların öldürülməsinə səbəb olan Ermənistana qarşı sərt addımlar atmağa çağırıb.

Cəmiyyət həmçinin Qərbi Azərbaycandan deportasiya olunan insanların öz ata-baba yurduna dönüş üçün mübarizədən çəkilməyəcəyini bəyan etməklə yanaşı təklif edib ki, soyqırımı abidə kompleksi yaradılsın, Qərbi Azərbaycandan 100 minlərlə türkün deportasiya edilməsi tarx dərsliklərinə salınsın, soyqırımı muzeyi yaradılsın və 31 Mart Soyqrımının yaddaşlardan çıxmaması üçün vacib olan digər addımlar atılsın.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top