Brayza: “Qarabağa sərmayənin cəlb edilməsi regionda sülhün möhkəmləndirilməsi üçün vacibdir”

QARABAĞ 21 yan 2022, 12:24
“Azərbaycan 44 günlük müharibədə qazandığı böyük qələbə ilə, təxminən, 30 il Ermənistanın işğalı altında olan əraziləri özünə qaytardı”.

Demokrat.az xəbər verir ki, bunu ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza “Expo 2020 Dubai” sərgisində təşkil edilən Azərbaycan pavilyonunda çıxışı zamanı deyib.

O, işğal dövründə bu torpaqlardan istifadə olunmadığını və onlara ənənəvi əkinçilik üsullarının tətbiq edilmədiyini bildirib: “Bu o deməkdir ki, torpaq böyük həcmdə müxtəlif bitkilərin becərilməsində istifadə edilə bilər və bunun üçün hazırdır, yəni Azərbaycana investisiyaların cəlb edilməsinə öz töhfəsini verə bilər. Məhz bu cür sərmayələr 2020-ci ilin noyabr ayında əldə olunmuş sülhün möhkəmlənməsi və dayanıqlı olması baxımından həlledici rola malik ola bilər. Bu, iqtisadi artıma və iqtisadi əməkdaşlığın yeni formalarına töhfə verəcək investisiyalar, aqrar biznes və digər sahələr sayəsində mümkün ola bilər”.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılması prosesindədir.

"Bunun üçün beynəlxalq sərhədlərin müəyyən edilməsi, infrastruktur layihələri və investisiya cəlb edəcək digər layihələrin birgə işlənməsi məqsədilə yüksək səviyyəli görüşlər keçirilir. Ümid edirik ki, Ermənistan Türkiyə ilə də münasibətlərin nomallaşdırılması prosesindədir. Bu isə bütün Cənubi Qafqaz üzrə daşımaların yenidən bərpa olunmasına şərait yaradacaq”, - M.Brayza vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top