Ötən il uşaqlara qoyulan qəribə adlar: Ayda, Balış, Dərdayıl, Gilə, Həci, Dua...

GÜNDƏM 18 yan 2022, 13:20
Azərbaycanda ötən il Ayda, Əhmədov, Aydəs, Balış, Diliş, Dərdayıl, Doğru, Dəftər, Gil, Şərbala, Koroğlu və Həci adlarının hərəsi bir uşağa verilib. Eyni zamanda, 2021-ci il ərzində iki uşağa Qəribə, iki uşağa Gilə və daha iki uşağa isə Dua adı qoyulub. Qeyd edək ki, Azərbaycanda bu cür qəribə adların qoyulmasına qadağalar qoyulub. Bəs niyə valideynlər yenə də qəribə adların qoyulmasında maraqlıdırlar?

Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında bildirib ki, son vaxtlar psixi problemli insanların sayı artıb və bu da özünü uşaqlara adların verilməsində də aydın göstərir:



“Təbii ki, normal və sağlam insan uşağa gülünc, biabırçı ad verə biməz. Çox yaxşı haldır ki, dövlət tərəfindən bu məsələdə ciddi qaydalar tətbiq olunur. Əlbəttə, uşağa adın verilməsi hər bir valideynin öz haqqı və hüququdur. Lakin burada nəzərə alınması vacib olan bəzi məqamlar var. Əvvəla, qeyd etməliyik ki, adlar milli mədəniyyətin əsas elementlərindən biri olmaqla yanaşı, həm də milli identifikasiya komponentidir. Hər xalqın adları onun öz ana dilində, yaxşı mənası və səslənişi olan sözlərdən seçilməlidir. İkincisi də, adların insan psixologiyasına, həyatına təsirinin olduğunu bilirik”.
Sosioloq qeyd edib ki, hər hansı bir xalqda eyni adların kütləvi qoyulması o xalqın yaradıcılıq və təfəkkür səviyyəsinin lazimi həddə olmadığını göstərir: “Zəngin mədəniyyətə, qədim tarixə malik xalqlarda belə hallar olmur və olmamalıdır. Məsələn, yaponlarda 100 mindən yuxarı ad var. Azərbaycan ərəblər tərəfindən işğal olunduqdan sonra, ərəb adları milli adları sıxışdırmağa başladı, sonralar hakimiyyətdə olan farsların təsiri ilə fars adları da buna qoşuldu. Sovet dövründə milli adlar yenidən canlanmağa başladı, ərəb, fars adları azaldı. Burada ədəbiyyatın, teatrın, kinonun, aparılan təbliğatın da böyük rolu oldu. Çoxlu yeni milli adlar yarandı. İndiki gülünc adların qoyulmasında əsas səbəb seriallarla bağlıdır. Belə ki, bizim evdar qadınlar bütün günü bu seriallara baxır, serial qəhrəmanlarının təsiri ilə yaşayır və uşaqlarına onların adlarının qoyulmasını təkid edirlər. Halbuki, bu adın nə mənası, nə də kökü aydın deyil. Bəzi hallarda isə pis mənası var, sadəcə valideyn savadlı olmadığından bunu bilmir. Bu da normal hal deyil”.

E.Bayramlı diqqətə çatdırıb ki, ad dəblə yox, milliliyi və müsbət mənası ilə seçilməlidir: “Başqa bir problem müasir gənclərin bizim qədim adlarımızı köhnəlmiş hesab etmələridir. Guya ki köhnə ad pis olur, mütləq yeni qondarma, ya da süni dəbə minmiş, mənası naməlum ad qoyulmalıdır. Bu, axmaq yanaşmadır. Əvvəla, köhnə adlar özündə mənəvi-psixoloji mahiyyət, genetik informasiya daşıyır, dövrlər, nəsillərarası əlaqəni qırılmağa qoymur. İkincisi kim və necə müəyyən edir ki, köhnə adlar pisdir, yeni adlar yaxşıdır? Tək bir hərflə başlayan köhnə qız adlarına baxaq- Sona, Süsən, Sənəm, Sevda, Sevinc, Seyran... Sizin hansı müasir adlarınız bunlardan daha mənalıdır, daha gözəldir? Demək köhnə adlar problem deyil, baxır hansı köhnə adlar. Yeni ad da olanda yenə öz ana dilimizdə olan sözlərdən yaransa, dərd yarıdır. Lakin belə deyil. Belə getsə yaxın gələcəkdə yeni nəsillərlə köhnə nəsillərin adları tamam fərqli olacaq- sanki eyni millətdən deyilik. Nəsillərarası tarixi əlaqə kəsiləcək. Bir millətin assimilyasiya olub məhv olması üçün bu da kifayət edər. Ola bilsin valideyn psixi xəstədir, bu o demək deyil ki, övladına, misal üçün, Sərxoş (belə adda adam tanıyıram) adı qoymalıdır və uşaq ömür boyu lağ hədəfi olmaıldır. Lakin burada da diqqət verilməsi vacib olan nüanslar var. Elə adlar var ki, insanlar onu lağa qoyur, lakin o Azərbaycanda yaşayan hansısa bir xalqın dilində normal sözdür, normal mənası var, sadəcə, bizə tələffüzü qəribə gəlir, ya da eşitmədyimiz addır deyə lağ edirik. Bu doğru deyil. Bizim xalqın zəngin mədəniyyəti, zəngil dili var. O qədər qədim adlarımız var ki onlar unudulub gedir. Ya da bəzi yeni adları öz sözlərimizdən yaratmaq olar. Yetər ki, sağlam düşüncə və istək olsun. Deyəsən elə çatışmayan da budur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top