"Qafqaz İslam Ordusu Azərbaycanın ağır günündə xalqımızın köməyinə çatıb" - ATXƏM sədri

HADİSƏ 20 sen 2018, 14:17

Qafqaz İslam Ordusu Azərbaycanın ağır günündə xalqımızın köməyinə çatdı.


Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib.


O qeyd edib ki, həmin dövrdə ermənilərlə yanaşı, bəzi xarici qüvvələr də Qafqazda müstəqil Azərbaycan dövlətinin yaranmasını istəmirdilər. Bakı erməni-bolşevik işğalında olduğundan milli hökumət Gəncədə fəaliyyət göstərməyə başladı. Azərbaycanda nizami ordu, silah-sursat təchizatı yox dərəcəsində idi.


İ.İsmayılovun sözlərinə görə, Nuru paşa bu vəziyyəti görəndən sonra məktub yazaraq, Osmanlıdan əlavə qoşun bölmələri istəyib. Çünki səfərbərlik elan olunmasına baxmayaraq, nizami ordu olmadığından yerli əhaliyə təlimlərin keçirilməsi uzun vaxt ala bilərdi. Nəhayət sentyabrın 15-dək Qafqaz İslam Ordusu yeni yaranmaqda olan milli ordunun da dəstəyi ilə ağır döyüşlər keçərək, Gəncədən Bakıya irəlilədi və 1918-ci il sentyabrın 15-də Bakıya daxil oldu. Bakını erməni-bolşevik işğalından azad etdi.


“Beləliklə, həm Azərbaycanın müstəqilliyi tam şəkildə təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı özbaşınalıqlarına, vəhşiliklərinə son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı isə iki gün sonra Gəncədən Bakıya köçürüldü. Yalnız bundan sonra Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.


Belə ağır dövrdə bizim dost, qardaş köməyinə ehtiyac vardı. Həmin köməyi Osmanlı dövləti öz üzərinə götürdü. Bu dəstəyin nəticəsində Cümhuriyyətimiz faktiki olaraq varlığını ortaya qoydu, xarici dövlətlər tərəfindən tanındı”, - deyə ATXƏM sədri diqqətə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top