“Fövqəladə hallarla bağlı təlimlər bütün məktəbləri əhatə etməlidir” — Ekspert

SOSİAL 25 apr 2024, 13:30
Ötən gün 153 saylı məktəbin kitabxanasında yanğın baş verib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənib. TƏBİB-in məlumatına görə hadisə yerinə üç təcili tibbi yardım briqadası cəlb olunub: “Bir nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər üç şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir nəfərə isə (qadın cinsli) yerində yardım göstərilib”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev məktəblərdə yanğın baş verərkən düzgün davranış qaydaları barədə Demokrat.az-a danışıb. O qeyd edib ki, təhsil müəssisələrində həm şagirdlər, həm də pedaqoji və inzibati heyət hər hansı bir təhlükə anında davranış qaydaları barədə lazımi məlumata sahib olmalıdır:

“Fövqəladə hallar zamanı düzgün davranmaq şərtdir. Belə olan halda təhlükədən minimum zərərlə qurtulmaq mümkündür. Bu, iş yerlərinə də aiddir. Çıxış qapılarının haradan keçdiyini, çıxandan sonra harada gizlənmək lazım olduğunu bilmək vacibdir. İlkin tibbi yardım da önəmlidir. Nəzərə almaq lazımdır ki, şagirdlər, xüsusən də aşağı siniflərdə təhsil alanlar təhlükə anında düzgün qərar verməyə bilərlər. Ona görə təhlükəsizlik qaydaları barədə onları məlumatlandırmaq və bunu praktikada göstərmək lazımdır. Bu biliklər bəzi dərslərin tədrisi zamanı da verilə bilər. Bəzi məktəblərdə fövqəladə hallarla bağlı təlimlər keçirilir. Düşünürəm ki, bu təlimlər bütün məktəbləri əhatə etməlidir. Bakı şəhəri ilə yanaşı region və ucqar kəndlərdə də təlimlər keçilməlidir. Lazımi bacarıqların formalaşması olduqca əhəmiyyətlidir. Panika yaratmaq olmaz, əks halda özümüzlə yanaşı ətrafdakılara da ziyan verə bilərik. Bir-birimizi itələmədən, əzmədən, həyacan, təlaş keçirmədən sıra ardıcıllığı ilə hadisə yerini tərk etməyə çalışmalıyıq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top