Nadir Adilov: Boşanmalarla bağlı yaradılan ajiotaj yersizdir və boşananlara qarşı "bulling"dir

SOSİAL 04 may 2024, 17:04
"Boşanmalarla bağlı yaradılan ajiotaj yersizdir və boşananlara qarşı "bulling"dir".

Bunu Demokrat.az saytına müsahibəsində Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov qeyd edib.

O qeyd edib ki, biz əsla və əsla boşanmaların tərəfdarı deyilik. Amma cəmiyyət də anlamalıdır ki, boşanmaq qəbahət və cinayət deyil. İki şəxsin bizsiz verdiyi qərardır, necə ki, nikaha girəndə bu qərarı vermişdilər. Çox təəssüf ki, bəzi qütblər ölkəmizdə boşanmalar ətrafında süni ajiotaj yaratmaqla, ölkəmizin ailə institutunu gözdən salırlar. Düşünürəm ki, bu məqsədlidir. Düşünürəm ki, ölkəmizdə boşanmalarla bağlı vəziyyət heç də yaradılmış ajiotaj həddində deyil. Hətta Azərbaycan ailə institutu digər ölkələrdən daha güclüdür. Əgər müqayisə etsək, bizdə bəziləri statistika üzrə nikaha xitamın, boşanmanın sayını qabardırlar və həyəcan təbili çalırlar.

Deyək ki, bizdə əhalinin ailə quran hər biri rəsmi nikah edir və adətə görə toy edir. Qərb ölkələrində isə əhalinin əksəriyyəti rəsmi nikaha girmədən mülki qaydada birgə yaşayır, uşaqlar olur, atalıq da müəyyən edilir və s. Deyək ki, bir qərb ölkəsində nikah yaşı olanların 20%-i rəsmi nikaha girib, digər 80%-i mülki birgə yaşayışı seçiblər, yəni nikah şəhadətnaməsi olmadan yaşayırlar. Əlbəttə ki, bu nikah şəhadətnaməsi olmayanlar ayrılanda bu məsələlər statistikaya boşanma kimi düşmür. O zaman biz həyəcan təbili çalaq ki, dünya dağılır, adamlar nikahda boşanmış vəziyyətdə yaşayır, nə var bir parça nikah kağızları mövcud deyil.

Ümumiyyətlə, subyektiv fikrimdir ki, boşanmaların bu qədər müzakirə edilməsi yersizdir. Onlarla adam tanıyıram ki, cinslər arası münasibətə xitam verilib, yəni ər-arvad boşanıb, amma birgə nikahdan olan övladlarının inkişafında böyük rol oynayırlar, övladlarının təhsili və bütün qayğısında bərabərdirlər. Amma nədənsə uşaqların inkişafı qalır kənarda, iki cinsin bir-birindən ayrılması bu işə ümumiyyətlə aidiyyəti olmayan adamların müzakirə mövzusuna çevrilir. Düşünürəm çox yersiz müzakirələrdir. Onsuz da boşanmaları müzakirə edənlər boşanmaların qarşısının alınmasında heç bir rol oynamır və işdə tərəf deyillər. Deyək ki, cütlük boşanır, bir müddət sonra onlar hərəsi öz həyatını qurur, ailə də qurur və s. Mediasiyanın məxfiliyi bir çox məsələləri ictimai fikrə çatdırmağı bizə qadağan edir. Amma bunu tam əminliklə deyirəm ki, boşanmalarla bağlı yaradılan kəskin qınaq, süni ajiotaj yersizdir, həmin boşanmış insanlara qarşı haqsızlıqdır, eyni zamanda boşanmış ailələrin uşaqlarında onsuz da boşanmaya görə yaranan travmanın daha da dərinləşdirilməsidir. Düşünürəm ki evlənmək insanın hüququ olduğu kimi onun boşanmaq hüququ da var və boşanmada əsas uşaqların mənafelərinin qorunmasıdır. Əgər tərəflər boşandıqdan sonra tərəflər uşağa münasibətdə humanist rəftar göstərirsə, uşağın inkişafında rol oynaması vacibdir. Yəni cinslərin cinslərarası bir-birindən ayrılması düşünürəm onların övladlarının birgə böyüməsinə mane olmamalıdır. Yenə də subyektiv fikrimdir ki, boşanmalar ətrafında yaradılan süni ajiotaj boşanmaları təbliğ edir. Hətta məsələ o qədər katostrafik vəziyyət alıb ki, özünə ekspert deyən şəxslər bir dəfə evli olub, boşanıb, ilk evlilikdən övladları var, amma ikinci dəfə də evlənib, bu evlilikdən də uşaqları var. Amma efirdə boşananları yıxıb sürüyür.

Düşünürəm ki, bu boşananlara qarşı "bulling"dir, onların boşanma səbəblərini bilmədən onların alçaldılması, cəmiyyətdə gözdən salınmasıdır. Çox təəssüf edirəm ki, vəziyyətin acınacaqlı olması boşanmalarda deyil, bu boşanmalar ətrafında ajiotaj yaradanlardadır. Bunun səbələrini axtarmaq lazımdır ki, niyə və hansı dairələrin təsiri ilə bu süni ajiotaj yaradılır, burada məqsəd nədir? Ümumiyyətlə, bu cür şəxsi məsələlərin ictimai müzakirəsini nəinki normal hesab etmirəm, neqativ qalıcı təsiri olan toksik pis təsirə bənzədirəm. Bu cür yersiz müzakirələr boşanmalarla bağlı yeni hekayələr uydurur, yeni mexanizmlər ictimai rəyə təsir kimi istifadə edilir. Ümumiyyətlə isə düşünürəm ki, boşanma məsələsinin boşanan tərəflər və onları əhatə edən ekosistemdən kənar  müzakirəsi etik deyil. Cəmiyyət ona aidiyyəti olmayan iki fərdin şəxsi məsələsinə niyə qarışmalıdır ki? O zaman cəmiyyət dediyimiz getsin boşanan cütlüyün razılığa gələ bilmədikləri və onları boşanma həddinə çatdıran problemi həll etsin. Görək edə bilirmi? Kənardan demək, ironiya etmək rahatdır. Nikaha girənlərin tək səbəbi olsa da, nikahı pozulanların fərqli və minlərlə başa düşülən səbəbləri var. Hesab edirəm ki, maraqlanmağa və təhlil etməyə boşanmalardan da qat-qat maraqlı mövzular var. Ümumiyyətlə şəxsi fikrimdir ki, boşanmaları ictimai qınaq edib, boşananları qınamaq, onların üzərinə səlib yürüşü etmək, onları cəmiyyətdə gözdən salmaq heç bir mənəvi kriteriyalara sığmır. Düşünürəm ki, müzakirələr üçün yeni başqa mövzular tapılmalıdır. Boşanma mövzularını yersiz, ajiotaj yaradacaq həddə müzakirə etmək lazım deyil.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top