Gündəm

“Prezident İlham Əliyev - millətin iftixarı, dövlətin qarantı, sevgi və inam ünvanı” — Fəzail Ağamalının yazısı

“Prezident İlham Əliyev - millətin iftixarı, dövlətin qarantı, sevgi və inam ünvanı” — Fəzail Ağamalının yazısı

Beynəlxalq səviyyəli dövlət xadimi və siyasətçi şöhrəti qazanan, atdığı hər addımla, söylədiyi hər fikirlə beynəlxalq ictimaiyyəti heyrətə gətirən, şəxsiyyətinə böyük rəğbət formalaşdıran İlham Əliyev 50 milyonluq millətimizin XXI əsrdə şəriksiz lideridir, adını tarixi şəxsiyyətlər salnaməsinə həkk etdirmiş milli iftixarımızdır.

O, yüksək liderlik keyfiyyətlərini hələ ötən yüz ilin 90-cı illərinin ikinci yarısında ikinci dəfə müstəqilliyini bərpa etmiş dövlətimizin çətin, keşməkeşli, ağır sınaqlarla üz-üzə durduğu günlərdə qazanmışdı. Ölkəmiz üçün taleyüklü əhəmiyyət kəsb edən neft kontraktlarının dünyanın iri, aparıcı şirkətləri ilə bağlanmasında həlledici rol oynayan İlham Əliyev xarici mətbuatda güclü neft strateqi, məharətli siyasətçi, peşəkar diplomat, dərin iqtisadi biliklərə malik şəxs kimi səciyyələndirilirdi. Dünyanın güc mərkəzlərinin geopolitik və geoiqtisadi maraqlarını milli maraqlarımızla böyük ustalıqla uzlaşdıran İlham Əliyev Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uzun illər boyu milli dövlətçiliyimizin güclənməsinə verəcəyi əhəmiyyətli töhfələrin şəriksiz funksioneri kimi diqqəti cəlb etməkdə idi.

Milli Məclisin deputatı, MOK-nin prezidenti, daha sonralar Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri statusunda fəaliyyəti onu artıq böyük siyasətdə söz sahibinə çevirdi. İlham Əliyev sakit, təmkinli və qətiyyətli addımlarla siyasi proseslərin həlledici amilinə çevrilməkdə idi.

90-cı illərin ikinci yarısında onun xarici və ölkə mətbuatına verdiyi müsahibələr və açıqlamalarda, ABŞ və Avropanın nüfuzlu siyasi institutlarında etdiyi çıxışlarda yaxın gələcəyin parlaq siyasətçisi kimi Qərbin beyin mərkəzlərinin, dövlət başçılarının diqqətini cəlb edirdi.

Təbii ki, ölkəmizdəki siyasi proseslərdə də İlham Əliyev amili həlledici mövqe qazanır, Ulu Öndərimizin siyasi kursunun və dövlətçilik konsepsiyasının ən istedadlı, ən ardıcıl davamçısı olmaq imkanını ortaya qoyurdu.

Cəmiyyət və onun siyasi mühiti 90-cı illərin axırlarından başlayaraq gələcəyin yeni, həm də fərqli, radikallıqdan və populizmdən uzaq, praqmatikliyi və əməli fəaliyyəti ilə, atdığı addımlarla ölkəmizə nüfuz gətirən, onu gücləndirən, problemlərinin həllinə konkret töhfələr verə bilən, yüksək intellekti, siyasi mədəniyyəti və insani keyfiyyətləri ilə fərqlənən, xüsusilə Ulu Öndərimiz Heydər Əliyevin memarı olduğu milli dövlətçilik xəttinin təməl prinsiplərini qəbul edib, dövlətçiliyimizi gücləndirib daha yüksək zirvələrə qaldıra bilən siyasətçinin axtarışında idi. Bütün bu və buna bənzər keyfiyyətləri özündə daşıyan siyasətçi və gələcək dövlət başçısı haqqında düşünərkən baxışlar, düşüncə və ümidlər birmənalı şəkildə İlham Əliyevə köklənirdi.

Bu baxımdan 1999-cu ildə sosial sifarişin və apardığım davamlı müşahidələrin məntiqinə söykənərək hazırladığım “İlham Əliyev böyük siyasətdə: reallıqlar və perspektivlər” toplusunun ön sözündə yazırdım: “Zamanın önə çəkdiyi və formalaşdırdığı İlham Əliyev yeni keyfiyyətləri özündə cəmləşdirən siyasi xadimdir. Onun cəmiyyətə və ictimai-siyasi proseslərə baxışlar sistemi başqalarından ciddi şəkildə fərqlənir. İlham Əliyevin baxışlar sistemi zəngindir, rəngarəngdir, müasir dünyanın üstün və demokratik dəyərlərinin milli koloritlə vəhdətidir. Dözümlüdür, təmkinli və səbirlidir, dövlətçilikdə, taleyüklü problemlərimizin həllində qətiyyətli və prinsipialdır, adi həyatda sadə, səmimi, xeyirxah bir şəxsiyyətdir. Bütün varlığı ilə Vətənə və mənsub olduğu millətə bağlıdır”.

On səkkiz illik zaman kəsiyində xalqımızın iradəsinə və etimadına arxalanan İlham Əliyev prezident kimi Ulu Öndərimizin təməl prinsiplərinə söykənərək, respublikamızı Güney Qafqazın lider və regionun simasını dəyişən aparıcı dövlətinə çevirdi.

O, Beynəlxalq təşkilatların və güc mərkəzlərinin qlobal geosiyasi və geoiqtisadi hədəflərini milli maraqlarımızla uzlaşdırmağı bacardı və bunun konkret siyasi dividentləri özünü çox gözlətmədi.

İlham Əliyevin hakimiyyəti ona görə güclü, yenilməzdir ki, xalqa söykənib, qüvvəsini onun birliyindən, iradəsindən alır. Bunu özü də etiraf edir. Və həmin məqam böyük hakimiyyət ustası Heydər Əliyevin siyasi idarəetmə fəlsəfəsinin aparıcı qayə və prinsipini təşkil edirdi. Və göründüyü kimi, prezidentimiz də həmin incə hikməti əxz etməklə kifayətlənməmiş, bu üstün keyfiyyəti idarəetmə fəaliyyəti və dövlətçilik təcrübəsinin çalarları ilə daha da zənginləşdirmişdir.

Yəqin ki, xatırlayarsınız; 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimindən sonra dövlət başçısı statusunda ilk çıxışını edən İlham Əliyev Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiqliklə xarakterizə edərək özünün əsas fəaliyyət prioritetlərini elan etdi: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah! Prezident İlham Əliyev ötən dövr ərzində bu prinsiplərə əməl olunması üçün ardıcıl, məqsədyönlü və ən əsası, uğurlu fəaliyyət göstərib. Sözsüz ki, bu üç təməl prinsipinin arxasında bir ümdə məqsəd də var - Azərbaycan dövlətçiliyinin varlığının təmin edilməsi!

Güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri güzgün müəyyənləşdirməklə, yeni dövrün ən səciyyəvi cəhəti kimi, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkdi.

Sosialyönümlü siyasət yeridən Prezident İlham Əliyev ötən 18 il ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sərgilədi. O, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxildə məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atdı.

Ötən dövrdə tarazlı xarici siyasət kursunun davam etdirilməsi, ABŞ, Rusiya kimi böyük dövlətlərlə, Avropa Birliyinin aparıcı ölkələri ilə, qardaş Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi, habelə qonşu İranla, Gürcüstanla, strateji tərəfdaşımız Ukrayna ilə, Xəzərin o tayındakı tərəfdaşımız Qazaxıstanla, Özbəkistanla əməkdaşlığın genişləndirilməsi nəticə etibarı ilə Azərbaycanın beynəlxalq münasibətlərinin və imicinin gücləndirilməsinə mühüm töhfədir. Ölkənin xarici siyasəti Heydər Əliyevin dövründə olduğu kimi, bu gün də qarşılıqlı əməkdaşlığa, dinc münasibətlərə və lazım gəldiyi məqamda dişli, Azərbaycanın milli maraqlarını ehtiva edən addımlara dayanır.

Əlbəttə, ölkəmizin davamlı və dinamik inkişafına nail olmadan, güclü iqtisadiyyat formalaşdırmadan, cəmiyyətin immunitetini möhkəmləndirmədən, sosial ədalət prinsiplərini bərqərar etmədən dövlətimizi Beynəlxalq səviyyəli oyunçuya çevrilmək ancaq xəyallarda yaşana bilərdi. Prezidentlik illərində İlham Əliyev bütün bunları çox böyük məharətlə həyata keçirdi və paralel olaraq uzun illər dünya miqyasında Azərbaycanı, türk soyunu hədəfə alıb, şər və böhtanla, pulla ələ aldığı beynəlxalq şəbəkə vasitəsilə aşağılayan, mənfi rəy formalaşdıran dünya erməniçiliyinin saxta ideologiyasını alt-üst etmək üçün mühüm addımlar atdı. Qısa zaman kəsiyində Bakı Dünya sivilizasiyalarının dialoq və əməkdaşlığa, sülhə, əmin-amanlığa xidmət edən qlobal forumlara ev sahibliyi edən məkana çevrildi.

Ciddi əhəmiyyət daşıyan bu prosesdə ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu Berlində, Romada, Strasburqda beynəlxalq əhəmiyyətli layihələr həyata keçirməklə ölkəmizin nüfuzuna əhəmiyyətli töhfələrini verdi. Beləliklə, Dünya erməniçiliyi tərəfindən əhatəyə alan informasiya blokadası və saxta erməni mifi darmadağın edildi.

Prezidentliyə başladığı ilk gündən ermənilər və onları himayə edən qüvvələrin işğal etdikləri torpaqlarımızın bir qarışı belə heç kimə güzəştə getməyəcək qətiyyətini ortalığa qoyan İlham Əliyev zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin sonuna qədər prinsipial mövqeyinə sadiq qaldı.

Yaratdığı ən müasir, modern, vətənpərvər və döyüşkən ordu ilə, formalaşdırdığı uğurlu xarici siyasətlə, zərgər dəqiqliyi ilə apardığı məharətli diplomatiya və məkrli informasiya bosslarını güclü və təkzibolunmaz arqumentlər, təmkin və təkrarolunmaz manevrlərlə çıxılmaz duruma salmaqla, Vətənimizi 200 illik məğlubiyyət sindromundan qalib ölkəyə, xalqımızı qalib millətə çevirməyi bacardı. Ilham Əliyev Azərbaycan xalqının tarixinə əbədi olaraq Müzəffər, Qəhrəman, Xilaskar, Qalib Sərkərdə, mahir diplomat kimi möhürünü vurdu. Beynəlxalq səviyyədə XXI əsr müharibəsinin memarı və Müzəffər Sərkərdəsi statusunu qazandı.

“Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var. O, torpaqlar bizim tarixi torpaqlarımızdır. Biz ora qayıdacağıq, mütləq qayıdacağıq” çağırışı və qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi ilə yeni tarix yaradan, BMT-nin, ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin edə bilmədiyini edib, erməni faşizmini, onun ordusunu, saxta ideologiyasını darmadağın etdi. Dünyanı dəyişən və XXI yüzilliyin şəriksiz lideri zirvəsinə ucalan İlham Əliyevin iradəsi və şəhidlərimizin al-qanı, qazilərimizin qəhrəmanlığı ilə Ay-Ulduzlu üç rəngli Bayrağımız Murovun zirvəsində, Xudafərin körpüsündə, Şuşa qalasında, Ağdamda, Fizulidə, Şərqi Zəngəzurun hər bir guşəsində dalğalanmaqdadır. Mənfur düşmənin tör-töküntülərinin məskunlaşdığı tarixi ərazilərimizdə də bayrağımızın ucaldılması günü uzaqda deyil. Buna varlığım qədər əminəm.

Erməni vandallarını məğlub etməklə həm də region xalqlarının sülh və əməkdaşlıq şəraitində yaşamaq imkanlarının, Sovet imperiyası tərəfindən pozulan Türk Dünyasının coğrafi bağlılığının bərpa olunmasının və türk dövlətlərini bir ittifaqda fəaliyyət göstərməsi perspektivinin reallaşmasının müəllifi də möhtərəm, cənab prezident İlham Əliyevdır.

Dövlət başçısı cənab İlham Əliyev yeni tipli, yeni nəsil, idarəetmədə siyasi menecment elementlərindən yararlanmağa üstünlük verən Qərb yönümlü siyasətçilərdəndir. Bu “yeni” nəsil özündə əvvəlki siyasətçilər sülaləsindən köklü şəkildə fərqlənən novator, proqressiv və mahiyyət etibarilə tam fərqli pozitiv prinsipləri ehtiva edir. Bu, iqtisadi təfəkkürlə düşünməyi bacaran və bunu siyasi konyunkturanın fövqünə qaldıran, başqa sözlə desək, siyasəti əməli fəaliyyətin instrumentinə çevirən bir siyasi təmayüldür.

Cənab İlham Əliyev nəinki ötən 18 ildə, daha dəqiq ifadə etsək, Ulu Öndərin ona dövlət hakimiyyətində mühüm bir post etibar etdiyi gündən məhsuldar, effektiv fəaliyyəti ilə şəxsiyyətinə ümumxalq maraq və inamı oyatmağı bacarmışdı. Bu inamı qidalandıran, ona yaşamaq hüququ verən əsas amil Prezidentin siyasətə və vəzifəyə məqsəd kimi deyil, məhz ali bir vasitə - xalqına, millətinə, torpağına, dövlətinə namuslu bir vətəndaş kimi xidmət etməyə geniş imkanlar açan vasitə kimi yanaşmasıdır. Ölkə başçısının 18 illik fəaliyyətinin məhvərində vaxtilə söylədiyi və ötən dövrün qazanılmış uğurlarının timsalında çox əyani şəkildə təzahür edən belə bir konseptual-əməli formul durur: “Mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni iş yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni siyasət hansısa konkret nəticə ilə yekunlaşmalıdır... Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir”.

Vaxtilə geriyə boylanaraq görülmüş böyük işlərə və perspektivdə bizi gözləyən üfüqlərə nəzər atan Heydər Əliyev deyirdi: “Bütün bu işləri biz başladıq, biz də başa çatdıracağıq”. Bu, ümummilli tərəqqi proqramını, həyata keçirilən kompleks islahatlar xəttini ehtiva edən bir tezis idi. Azərbaycan insanı dərk edir ki, başından qovğası əskik olmayan bu ölkənin, tarixin daim sınaqlara, imtahanlara ürcah etdiyi bu xalqın yeganə xilas yolu Heydər Əliyev ideallarının yanında olmaq, tək ümid və uğurlu gələcəyi onun açıb qoyduğu geniş yoldan sarpmamaqdır. Bu yolun perspektivini, inkişafını Ulu Öndərin özü belə görürdü: “Mən seçici olsaydım, İlham Əliyevə səs verərdim”.

Azərbaycan xalqı səs verdi və yanılmadı!

Qarşıdan milli iftixarımız, şərəf və qürur mənbəyimiz, 50 milyonluq millətimizin qəlbində və yaddaşında sevgi ilə əbədiləşən, inam ünvanlı Prezidentimiz İlham Əliyevin 60 illik yubileyi gəlir. Milyonlarla soydaşımıza qoşularaq cənab Prezidentimi təbrik edir, ona və dəyərli ailəsinə möhkəm cansağlığı, uzun ömür və başladığı və davam etdirdiyi şərəfli və müqəddəs tarixi missiyasında uğurlar arzulayıram.

Fəzail Ağamalı, Ana Vətən Partiyasının sədri, millət vəkili

Demokrat.az

D
demokrat.az