“Müharibədən sonra ən böyük təhlükə gözəgörünməz düşmən olan minalardır. Təsadüfi deyil ki, müharibədən sonra çoxlu sayda insan minalara düşərək ya ölüb, ya da yaralanıb. Düşünürəm ki, minaların basdırılmasında qanunauyğunluq axtarmaq doğru deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi jurnalist Səxavət Məmməd deyib.
O, qeyd edib ki, hələ birinci Qarabağ müharibəsi zamanı həm Azərbaycan, həm də erməni tərəfi əraziyə çoxsaylı minalar basdırıb: “Hələ mina xəritələri gündəmə gələndə belə xəritələrə güvənməməyi deyirdik. Çünki ərazidəki minaların böyük hissəsi xəritələrə işlənməyib. Bəzən insanlarımız unudur ki, Qarabağda 4 ilə qədər müharibə gedib. Elə birinci müharibə zamanı istər Azərbaycan tərəfi, istərsə də, erməni tərəfi əraziyə minalar basdırıb. O dövrdə basdırılan minalar isə heç bir xəritəyə işlənməyib. Atəşkəs razılaşmasından sonra isə təmas xətti müəyyən edildi və bundan sonra tərəflər durduqları yerləri minaladılar. Ən çox minalanmış ərazi təbii ki, təmas xətləri və neytral ərazilərdir. Həmin əraziyə hər iki tərəf çoxlu sayda mina basdırıb. Ermənilər təmas xəttindən arxada da bir neçə müdafiə zolağı yaratmışdılar. Təbii ki, gələcəkdəki hücumun qarşısını almaq üçün həmin ərazilər də minalanmışdı. Bundan əlavə, erməni tərəfi qəbirstanlıqları, insanların gedərkən ən çox can atacaqları yerləri minalamışdılar. ANAMA-nın əməkdaşları ilə söhbətimdə onlar bildirirdilər ki, minalar ən müxtəlif yerlərdən çıxa bilir. Yəni, təkcə təmas xətti minalanmış olsaydı, düşünürəm ki, o xəritəni verərdilər. Heç xəritə olmasa da, təkcə təmas xəttində axtarış aparılmaq kifayət edərdi. İkinci dünya müharibəsindən qalan minalar, mərmilər hələ də çıxır. Düşünmürəm ki, bir neçə ilə Qarabağ tamamilə minadan təmizlənsin”. 
Müsahimiz deyir ki, Qarabağda minalar heç də sistemli şəkildə basdırılmayıb: “Ermənilər minaları kortəbii şəkildə basıdırıblar. Erməni tərəfi daha çox zərər vermək üçün məhz belə bir addım atıb. Tapılan minaların yerləri göstərir ki, ağıla gəlməyən yerlər minalanıb. Əslində, təmizləmədəki ən böyük problem də məhz buna görədir”.
Aynurə Demokrat.az


