“44 günlük Vətən müharibəsinin başa çatmasından 10 ay keçir. Azərbaycan müharibədə tarixi qələbə qazandı, Ermənistan ordusunu darmadağın etdi. Müharibədəki qələbəyə və düşməni diz çökdürməsinə baxmayaraq, Azərbaycan humanizm prinsiplərinə sadiq qaldı və Ermənistana səhvlərini düzəltməsi üçün imkan yaratdı, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırması üçün şans verdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlər kontekstində danışıqlara hazır olması ilə bağlı fikirlərinə toxunan millət vəkili, qarşı tərəfin reallığı qəbul etməyə başladığını vurğulayıb:
“Azərbaycan regionda uzunmüddətli sülhün əldə edilməsi üçün əməkdaşlıq modellərini təklif edib və bunun üçün Ermənistana vaxt verilib. Zaman-zaman qarşı tərəfdən revanşist fikirlər səslənsə də, artıq Ermənistanın reallığı dərk etməyə başladığını deyə bilərik. Üstəlik, regionun iki güclü dövləti – Türkiyə və Rusiya da Azərbaycanın təklif etdiyi əməkdaşlıq təklifini dəstəkləyir. Ermənistan istər xoşluqla, istərsə də məcbur olub bu təklifə müsbət reaksiya göstərməlidir. İranın yeni siyasi rəhbərliyi də Azərbaycanın təklif etdiyi uzunmüddətli sülhün təminatı və yeni kommunikasiyaların bərpası, dövlətlərarası əlaqələrin yaxşılaşdırılması ilə bağlı işlərə dəstək göstərdi. Bu, Ermənistanın proseslərə daha real yanaşmasına səbəb oldu. Lakin Ermənistan tərəfindən real addımları və nəticələri görməyənədək Paşinyanın bu cür açıqlamalarına inanmaq olmaz”.


Deputatın fikrincə, proseslərə və şərtlərə diqtə edən tərəf Azərbaycandır:
“Azərbaycan istənilən an Ermənistana lazımi zərbəni vura bilər. Ermənistana təsir və təzyiq mexanizmləri Azərbaycanın əlindədir. Bunu yaxşı anlayan Ermənistan rəhbərliyi iqtisadi müstəqilliyə nail olmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır. Ermənistanın proseslərə daha real yanaşaraq, sülh danışıqları ilə bağlı müsbət açıqlamalar verməsi də bununla bağlıdır. Unutmamalıyıq ki, Azərbaycan sərhədboyu strateji zirvələrə nəzarət edir. Paşinyan anlayır ki, ordunu formalaşdırmağa çalışsa da, güc balansı dəyişməyəcək. Son proseslərdən sonra Ermənistan sülhməramlıların da ərazidə müvəqqəti yerləşdirildiyini və sülhməramlıların çıxarılmasından sonra vəziyyətinin daha ağır ola biləcəyini anladı. Bu baxımdan, Paşinyanın sülh və kommunikasiyaların açılması ilə bağlı fikirləri reallığı əks etdirir. Lakin qeyd etdiyimiz kimi, Ermənistan real addımlar atmayana, Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımayanadək, bu açıqlamalara güvənməməliyik”.
Deputatın sözlərinə görə, bu proseslər fonunda Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı da müsbət mesaj və addımların şahidi ola bilərik:
“Üçtərəfli bəyanatın şərtlərindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Ermənistan bu istiqamətdə müsbət addımlar atacağı halda, Azərbaycan da prosesin sürətlənməsi üçün öz töhfəsini verəcək. Düşünürəm ki, yaxın zamanda Ermənistan Azərbaycanın təklif etdiyi bütün şərtləri qəbul etməli olacaq və ən qısa zamanda yeni kommunikasiya xətləri fəaliyyətə başlayacaq. Ermənistanın hazırkı vəziyyəti olduqca ağırdır, iqtisadi tənəzzül davam edir, dövlətçiliyi təhlükə altındadır. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sülhə nail olmaq, şərtləri qəbul etməkdir və Paşinyan tək çıxış yolunun bu olduğunu qəbul edir”.
Aygül Qarayeva Demokrat.az


