"ABŞ prezidenti Co Bayden çox tarixi bir səhv etdi. Həmişə deyirik ki, tarixçilər tarix yazar, siyasətçilər isə siyasət edər. Amma ABŞ prezidentinin radikalyönümlü bu açıqlaması heç bir hüquqa söykənmir. Hüquqi əsası olmayan bu qərar sadəcə bəzi qüvvələri rahatlada bilər. Baydenin qərarının Türkiyə üçün heç bir əsası yoxdur".
Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Sabiq səfirin sözlərinə görə, ABŞ-ın idarəetməsi ermənilərin oyuncağına çevrilib:
"Bu çox üzücü bir haldır ki, Amerika 300 milyonluq türk xalqını öz qarşısına aldı. Lakin bunun heç bir faydası yoxdur. Bu sadəcə Türkiyə-Ermənistan münasibətlərini daha da pisləşdirməyə səbəb olacaq.
Eyni şəkildə Azərbaycan-Ermənistan münasibətlərini də pisləşdirəcək. Çünki Azərbaycanımızın Türkiyəyə dəstəyi çox açıqdır. Dünən Azərbaycan tərəfindən olunan açıqlama da yerində verildi və Amerika idarəetməsini xəbərdar edən bir açıqlama idi. Amma buna baxmayaraq, onlar öz bildikləri kimi qərar aldılar. Biz bu qərarı heç bir şəkildə tanımırıq və tarixə baxsalar belə bir şeyin olmadığını görərlər.
Hulusi Kılıç bildirib ki, tarixə baxsaq görərik ki, 1915-ci ildə Türkiyə ilə müharibə edən Ermənistan dinc əhalini qətl etməyə başladı və Osmanlı imperiyasının idarəçiliyinə qarşı çıxanlar həbs olundular.
Yəni heç bir şəkildə qətliam və ya soyqırım olmayıb. 1948-ci ildə soyqırım müqaviləsi imzalandı. Bu müqavilənin əsası da gələcəyə fokuslanmaq idi. 1975-ci ildə onlar türk diplomatlarını qətl etməyə başladılar. 60 ildən sonra belə bir proses başlatdılar. Bu proseslərlə də erməni lobbisi yaradıldı. Ona görə də Türkiyə dövləti 2005-ci ildə arxivləri açıb göstərək deyəndə, heç kim bu məsələyə ciddi yanaşmadı.
Tamamilə siyasi qərardır. Siyasətin tarixlə qarışdırılmasının da əxlaqi, hüquqi əsası yoxdur. Bunu ABŞ prezidentinin etməsi isə çox utancvericidir. Türkiyə və Amerika NATO-nun üzvüdür. Müttəfiq iki ölkənin bu şəkildə belə bir vəziyyətə düşməsi Amerikanın günahkar olduğunu göstərir. Türkiyə heç bir şəkildə bunu qəbul etməz. Həmin qərarın bizim üçün heç bir hüquqi əsası yoxdur. Boş sözlərdir. Bu baxımdan mən bir daha bu qərarı pisləyirəm. Türk xalqını belə bir məsələdə günahlandırmaq Amerikaya qalmayıb. Hər hansı bir dövlət, başqa digər bir dövləti günahlandıra bilməz. Türklər heç bir zaman soyqırım törətməyib. 1915-ci ildə sözdə soyqırım axtaranlar Xocalıya baxsınlar, 44 günlük müharibədə edilən vəhşiliklərə baxsınlar".
Demokrat.az


