Kriminal

İki oğlu və bir qızı ilə Azərbaycana gələn ukraynalı qadının dəhşətli həyat hekayəsi — ÖZƏL

İki oğlu və bir qızı ilə Azərbaycana gələn ukraynalı qadının dəhşətli həyat hekayəsi — ÖZƏL

Bakıda Ukrayna vətəndaşını qul kimi işlətmkdə ittiham olunan 1956-cı il təvəllüdlü Əhməd Babayev və onun qardaşı, 1959-cu il təvəllüdlü Sahib Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əhməd Babayev hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığnı məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmə barədə qardaşı Sahib Babayev ilə bir qrup şəxs halında Ukrayna Respublikasının vətəndaşı Venera Kuliyeva maddi və sosial təminatının aşağı olmasmdan sui istifadə ediblər, Əhməd Babayev ona özünün yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsi, 3/31 nömrəli sahəyə gedəcəyi halda ona normal iş və yaşayış şəraiti yaradacağını vəd edib.

Eləcə də onun və övladlarının maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə edib, onu istismar edilməsi məqsədi ilə 1997-ci ilin yay aylarında yaşadığı həmin ünvana gətirib.

Həmin vaxtdan etibarən Əhməd Babayev qardaşı Sahib Babayevlə birlikdə zərərçəkmiş şəxsi yaşadığı evin həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan otaqda qapalı halda saxlayıb, fərdi təsərrüfatındakı donuzlara gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlayacağını qadağan edib, olduğu yeri icazəsiz tərk edəcəyi halda ona hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyi ilə hədə-qorxu gəlib, psixi təsir göstərərək qorxu hissi yaradıb, mütəmadi olaraq əl zərbələri və yad cisimlərlə zərərçəkmiş şəxs döyərək nəzarəti altında saxlayıblar.

İki qardaş zərərçəkmişi azadlığını 2010-cu ilin aprel-may aylarınadək olan müddət ərzində məhdudlaşdırıb, onu fərdi təsərrüfatında olan donuzlara gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edib, nəticədə zərərçəkmiş şəxsə digər ağır nəticələrə səbəb olmuş psixi fəaliyyəti pozulub.

İstintaq orqanı tərəfindən Əhməd Babayev və Sahib Babayevin barəsində Cinayət Məcəlləsinin 144-2.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (məcburi əmək, cinayətkar təşkilat) tərəfindən məcburi əmək törədildikdə) və 144-2.3-cü (məcburi əmək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Sahib onun qardaşıdır və ondan 3 yaş kiçikdir: “1986-cı il tarixdə Zirə qəsəbəsinə köçmüşük, həmin vaxtdan qeydiyyatda olduğu ünvanda yaşayıram. 1996-cı ilin sonlarında evimin yaxınlığında 24 sot torpaq sahəsini almışam. Orada donuz saxlamağa başlamışam və donuzları saxlamaq üçün tövlə tikmişəm”.

“Pul verəcəyim barədə razılaşdı”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 1998-ci ildə bir qadının uşaqları ilə birlikdə Albalı qəsəbəsində evsiz qaldığını, donuzlara baxa biləcəyini ona deyiblər: “Əvvəllər tanımadığım zərərçəkmiş şəxs və uşaqlarını fermaya gətirdilər. Venera ilə fermada qalıb donuzlara baxacağı və aylıq ona pul verəcəyim barədə razılaşdı. Venera uşaqları ilə ayrı otaqda yaşamağa başladı. Qardaşım Sahib də işlərimdə köməklik edib. Bəzən işi ilə bağlı evdə olmamışam. Sahib bəzən uşaqları evinə apararaq bir müddət saxlayıb, fermaya gələndə həmçinin özü ilə yemək və paltar da gətirib. Veneranın və uşaqlarının sənədlərini itməməsi üçün özümdə saxlamışam. Vadimin heç bir sənədi olmayıb. Bir il sonra Yaroslav fermadan çıxıb getdi, sonra bacısını da özü ilə apardı. Bundan sonra Valentin də fermadan qaçdı”.

“Fermadan qaçmayıblar”

Əhməd Babayev qeyd edib ki, 2002-ci ildə Veneranın psixi problemləri olduğu və Vadim nadinc olduğu üçün Sahib onu öz evinaparıb: “Venera fermada tək qaldı. 2002-ci ildə Sahib zəng edib bildirdi ki, Vadim evdən qaçıb, evə gəlsə xəbər etsin, özləri də Vadimi axtarırlar. Veneranın yanına gedərək qapını bağlamamasını, Vadimin qaçdığını bildirdim. Lakin Vadim gəlib çıxmadı. Sahib uşaq evlərini də axtarmağa başladı, Vadimi tapmadı. 1 həftə Vadimi axtardı. Venera Vadim barədə maraqlanmadı və axtarmadı. Mən və Sahib heç kimi məcburi işlətməmişik, Veneranın uşaqları özləri sərbəst şəkildə çıxıb gediblər. Fermadan qaçmayıblar. Veneranın uşaqları ilə daim əlaqəsi olub, bir-birinin yanına gedib-gəliblər. Vadim itkin düşəndən sonra onun barəsində heç bir məlumatım olmayıb. Sahib və ailə üzvlərim hər zaman Veneranın uşaqlarına qarşı yaxşı münasibət saxlayıblar. Venera yanımdan çıxıb getdikdən sonra da münasibət saxlamışam. Oğlumun toy məclisində də Veneranın oğlanları iştirak ediblər. Hətta Veneranın oğlunun həbsdə olduğu vaxt türməyə onu ziyarətə getmişəm”. Digər təqsirləndirilən Sahib Babayev də ifadəsində özünü təqsirli bilməyib.

“Bir neçə gün küçədə gecələdik”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Venera Kuliyeva bildirib ki, 1993-cü ildə övladları ilə Kiyev şəhərində dəmir yol vağzalına gedərkən, Kiyev dəmir yol vağzalında təsadüfən iki nəfər azərbaycanlı, əslən Şamaxıdan olan şəxslərlə tanış olub: “Onlar mənə təklif etdilər ki, Şamaxı rayonunda istixanada işləyb, özünü və ailəsini dolandırır. 23 yanvar 1993-cü ildə Bakı dəmir yol vağzalında düşdüm. Bizi heç kim qarşılamadı. Orada bir neçə gün küçədə gecələdik. Bir nəfər mənə yaxınlaşıb dayısı Yusif adlı şəxsin Zığ kəndi deyilən yerdə heyvandarlıq fermasında işləyib ailəmi dolandırmağımı təklif etdi. Başıma bir çox hadisələr gəldikdən sonra bir fermaya gəldim. Orada Əhməd bizi gördükdən sonra təklif etdi ki, donuzçuluq fermasına işləməyə gələk, bizim üçün orada yaxşı şərait qurar. Çarəsizlikdən razılıq verdim. 1997-ci ilin yayında Əhməd özü bildirdiyinə görə qardaşına məxsus “Niva” markalı avtomobillə bizi həmin fermadan götürüb Zirədə yerləşən fermasına apardı. Fermanın sahəsi çox geniş idi. Arxası çöllük, qarşı tərəfində isə elektrik stansiyası yerləşmişdi. Fermanın divarları 3 metr, hətta bəlkə də daha çox hündürlükdə olub. Ferma darvaza ilə örtülü, açarlar isə yalnız Əhməddə olub”.

“Azyaşlı uşaqlarımı da işə cəlb etdi”

Venera Kuliyeva qeyd edib ki, ilk vaxtlar Əhməd onları nisbətən şəraitli, soba ilə təchiz olunmuş otaqda yerləşdirib, yeməklərini verib, məvacib isə verməyib: “Sonradan Əhməd azyaşlı övladlarımı da işə cəlb etdi. Etiraz etmək istəsəm də, Əhməd qaldıqları halda iş görməli olduqlarını bildirdi, əks halda onları incidəcəyi ilə hədələdi. Sonradan Əhməd qaldığımız otaqdan bizi çıxardı, bildirdi ki, donuzlar olan tövlədə qalacağıq. Bundan sonra Əhmədin davranışı dəyişdi, yemək bəzən vermədi, həftələrlə ac qaldıq. Əhməd məni tez-tez döydü. Əhməd vəhşicəsinə bizi döydü, oğlum Valentinin başına vurmaqdan onun görmə qabiliyyətini də az qala itirdi, hazırda da Valentin zəif görür. Əhmədin qardaşı Sahib də arabir fermaya gəlib. 1998-ci ilin qış aylarında Sahib və Əhməd bildirdilər ki, yaxşılıq etmək istəyirlər, buna görə həmin vaxt 5 yaşlı oğlum Vadimi Sahibin yaşadığı Bakı şəhərində, 8-ci kilometr adlanan ərazidə olan mənzilə aparacaqlar. Qorxumdan etiraz edə bilmədim. Sahib Vadimi öz evlərinə apardı. Bundan sonra bir daha Vadimi görmədim. Bir həftə sonra Əhməd fermaya gələrək dedi ki, Vadim Sahibin evindən qaçıb. Nə etsəm də, Əhmədgil Vadimi tapmadılar. Bildirdilər ki, itkin düşüb”.

“Vəhşi kimi döyüb, əzab verib”

Venera Kuliyevanın ifadəsinə görə, 1998-ci ilin yay aylarında Sahib oğlu Yaroslav və qızı Marinanı da öz evlərinə aparıb: “Qorxumdan buna etiraz edə bilmədim. Bir qədər sonra Əhməd bildirdi ki, Yaroslav və Marina Sahibin evindən xəbərsiz qaçıblar. Bu bir qədər şübhə yaratdı, 10 gün sonra Sahibin oğlanları övladlarımı tapıb Əhmədin fermasına gətirdi. Övladlarımdan nə üçün qaçdıqlarını soruşdu. Bildirdilər ki, Sahib onları vəhşi kimi döyüb, əzab verib, buna görə də Sahibin əlindən qaçıb yaxa qurtarmaq istəyiblər. Bir il sonra Yaroslav məndən və Əhməddən xəbərsiz fermadan qaçdı. Bundan sonra Yaroslavı uzun müddət görmədim”.

“Hədələrinə dözməyib dalaşdı”

Zərərçəkmiş şəxs qeyd edib ki, 2010-cu ilin aprel-may aylarında Yaroslav fermaya gəlib: “Məlum oldu ki, həbsxanadan çıxıb, artıq böyüyüb. Həmin vaxt Əhməd Yaroslavı fermada qarşıladı, aralarında bir qədər söhbət olu. Yaroslav təkidlə məni fermadan buraxmağı Əhmədə bildirdi. Əhməd isə qeyd etdi ki, tanış polis dostları var, Yaroslavı yenidən tutdura bilər, şikayət edəcəyimiz halda başımıza oyun açar. Həmin vaxt Yaroslav Əhmədin hədələrinə dözməyib dalaşdı. Əhməd vəziyyətin belə olduğunu görüb məni fermadan buraxdı. Bundan sonra, Yaroslavla birlikdə Dübəndidə yaşamağa başladım. Əhmədin qorxusu hələ də məni rahat buraxmadış Buna görə də polisə şikayət etməkdən qorxdum. Əhməd bildird ki, fermasına tez-tez polis əməkdaşları gəlirlər, hamısı xətrini çox istəyirlər, artıq hərəkət etsə, şikayət etsə özümü, oğlunu tutacaqlar”.

“Qardaşlarımı axtardım, kömək istədim”

Venera Kuliyevanın ifadəsinə görə, 2014-cü ilin sentyabr ayında televiziya verilişi olan “Səni Axtarıram” verilişinə müraciət edib: “Özbəkistanda yaşayan qardaşlarımı axtardım, kömək istədim. Həmin verilişdən mənə cavab gəldi ki, qardaşlarımı və anamı Özbəkistandan tapıblar, məni gözləyirlər. Lakin pasportum olmadığı üçün gedə bilmədim. Verilişdə xatırlamadığım şəxsə Əhmədin başıma gətirdikləri barədə danışdım. Həmin şəxs məsləhət gördü ki, İnsan Alverinə qarşı Mübarizə İdarəsinə gedim. Orada dərdimə çarə tapacaqlar. Əhməddən qorxduğum üçün bundan çəkindim. Oğlum Yaroslav bu barədə maraqlandı və bildirdi ki, ora təhlükəsiz yerdir, təhlükəsizliyimi də təmin edəcəklər. Bundan sonra həmin idarəyə ərizə ilə müraciət etdik”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Əhməd Babayev və onun qardaşı Sahib Babayevin hər biri barəsində 2 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza təyin olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az