Azərbaycan Ordusu bu hədəfləri vurmaqla Ermənistana böyük fəlakət yaşada bilər — AÇIQLAMA

SİYASƏT 06 iyl 2020, 20:57

Ermənistanın keçmiş müdafiə naziri general-leytenant Vaqarşak Harutyan bu günlərdə mətbuata verdiyi açıqlamasında Azərbaycana cəbhə xəttindən uzaqda yerləşən strateji obyektlərə raket-artilleriya zərbələri endirilə biləcəyindən danışıb. Əvvəlki illərdə çıxışlarında adətən Mingəçevir su anbarını vurmaqdan danışan Arutyunyan bu dəfə məsafəni bir qədər də artıraraq Gəncə, Bakı və Sumqayıt şəhərlərində yerləşən Azərbaycanın neft-kimya komplekslərini “hədəfə alıb”.


“Azeri Defence” saytına açıqlamasında Ermənistanın hərbi rəsmilərinin zaman-zaman bu tip çıxışlar etdiyini deyən Müdafiə Nazirliyinin Raket-Artilleriya Silahları Xidmətinin sabiq rəisi Əhəd Əzizovun sözlərinə görə, belə bir təhdid olacağı təqdirdə Azərbaycan Ordusu da cavabsız dayanmayacaq və Ermənistan ərazisindəki onlarla hədəfə sarsıdıcı zərbələr endirəcək.


“Azərbaycanın Raket-Artilleriya Qoşunlarının silahlanmasında olan raket və artilleriya sistemləri İrəvan daxil olmaqla, Ermənistanın bütün şəhər və rayonlarını asanlıqla vurmağa imkan verir”, – deyən Əhəd Əzizovun sözlərinə görə, Azərbaycan Ordusu silahlanmasında olan 9K58 “Smerç”, “Qasırğa”, “Extra”, “Polonez” və LORA yaylım atəşli reaktiv sistemlər və operativ-taktiki raket kompleksləri ilə düşmənin cəbhə xəttindən başlayaraq 300 km məsafədə olan bütün hədəflərini vura bilər.


“Həm Naxçıvandan 300 mm-lik “Qasırğa” və 9K58 “Smerç” YARS-lərdən, həm də bu tərəfdə 9K58 “Smerç”, “Qasırğa”, “Polonez”, LORA-lardan istifadə etməklə Ermənistanın İrəvan, Gümrü, Qafan, Tavuş və digər irili-xırdalı şəhərlərini tam şəkildə viran qoya bilərik. Naxçıvandan İrəvana olan məsafə 60 kilometrdir və İrəvandakı istənilən strateji obyekti, o cümlədən Müdafiə Nazirliyinin inzibati binasını rahat şəkildə vurmaq imkanımız var”, – deyə Ə. Əzizov bildirib.


Müsahibimizin sözlərinə görə, Ermənistanın bütün su elektrik stansiyaları Azərbaycanın Raket-Artilleriya Qoşunları üçün hədəfdir: “Razdan istilik elektrik stansiyası, Gümrüdə və İrəvandakı beynəlxalq hava limanları, Vanadzor kimya sənayesi müəssisəsi də həmçinin. Metsamor atom elektrik stansiyasını da rahatlıqla vura bilərik. Lakin bu ekoloji cəhətdən həm bizə, həm də Türkiyəyə mənfi təsir göstərəcək. Ermənilər dərk eləməlidirlər ki, çadırda ya mağarada deyil, şəhərlərdə yaşayırlar. Biz onların başını sığallamayacağıq. Bizim vuracağımız hədəflər Ermənistanda böyük fəsadlara yol açacaq”.


Əhəd Əzizov onu da əlavə edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, hazırda separatçıların nəzarətində olan Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda yerləşən yaşayış məntəqələri və obyektlər Azərbaycan Ordusunun inventarında olan bütün növ raket və artilleriya silahlarından rahatlıqla məhv edilə bilir.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top